PDF Oxu

Siyasət

  • 3 608

Ənənəyə çevrilən İKİLİ STANDARTLAR – TƏHLİL

Ənənəyə çevrilən İKİLİ STANDARTLAR – TƏHLİL

Ukraynanın aldığı zirehli maşınlardan həmin ölkənin Rusiya ərazisində sərbəst istifadə etməsinə Kanadanın icazə verməsi, bütün dünyanın da bunu ədalətli hesab etməsi və bununla belə, ölkəmizə qarşı mütəmadi olaraq, qeyri-müəyyən, bəzən isə açıq-aşkar düşmənçilik xarakterli bəyanatlar verilməsi ikili standartlardan xəbər verir. Görünən odur ki, Azərbaycana qarşı köklü və sistemli olaraq, ədalətsizlik əyani şəkildə nümayiş etdirilib və bu hal hələ də davam edir. Qərbə xas olan ikili standartların tətbiqinin hələ də davam etdiyini növbəti dəfə müşahidə etməkdəyik və belə görünür ki, ölkəmizə qarşı ikili standartların tətbiqi bir növ ənənəyə çevrilib.

Azərbaycana münasibətdə haqq-ədalət nəzərə alınmır və ikili standartlar ədalətli yanaşmaya imkan vermir

Zirehli maşınlardan Rusiya ərazisində sərbəst istifadə edilməsinə Kanadanın icazə verməsi barədə tanınmış mətbuat səhifələrində, məsələn, CBS telekanalında məlumatlar yer alır. CBS telekanalının məlumatına görə, bu barədə cümə axşamı Kanada Milli Müdafiə Departamenti məlumat yayıb. Bütün bunlar isə, təbii ki, diqqəti cəlb etməyə bilməz. Yayımlanan geniş məlumatlar təsdiq edir ki, Azərbaycana olan münasibətdən fərqli olaraq, digər ölkələr barədə ədalətli yanaşma, hətta dəstək və müdafiə haqqında düşünülür. "Ukraynalılar vətənlərini necə müdafiə edəcəklərini hamıdan yaxşı bilirlər və biz onların imkanlarını dəstəkləməyə sadiqik. Kanada Ukraynaya verilən hərbi texnikanın istifadəsinə coğrafi məhdudiyyətlər qoymur", deyə Müdafiə Nazirliyinin sözçüsü Andree-Anne Poulain mətbuata açıqlamasında bildirib. Maraqlıdır, məgər azərbaycanlıların öz vətənlərini necə müdafiə edəcəklərini yaxşı bilmələri barədə şübhələri var, yoxsa, bizim öz vətənimizi müdafiə etmək haqqımızı başa düşmək çətindir? Bəs biz öz vətənimizi, öz torpaqlarımızı müdafiə etməmişikmi ki, bizə dəstək barədə onlar heç fikirləşməyiblər? Axı biz öz torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizə aparmışıq və haqlı mübarizəmiz də ədalətli, eləcə də məntiqi nəticə ilə nəticələnib, ərazilərimiz də işğaldan azad edilib. Axı biz azərbaycanlılar da öz haqlarımız, hüquqlarımız uğrunda döyüşmüşük və bizə məxsus olanı geri qaytarmaq üçün şəhidlərimiz, qazilərimiz öz canlarını, qanlarını vətən uğrunda əsirgəməyiblər, fəda ediblər. Bunu başa düşməkdə çətinlik çəkirlər, yoxsa özlərinə məxsus ədalətsizlikdən, ikili standartlardan əl çəkə bilmirlər? Əks halda, Müdafiə Nazirliyinin sözçüsü Andree-Anne Poulain belə ifadələri təkcə Ukrayna və ukraynalılar haqda yox, elə bizim haqqımızda da səsləndirərdi. Amma biz bunun nə müharibədən öncə, nə müharibə dönəmində, nə də müharibədən sonrakı dövrdə şahidi ola bilmədik. Belə çıxır ki, söhbət Azərbaycandan gedəndə haqq və ədalət unudulur və bizim haqq işimizin dəstəklənməsi ağıla da gəlmir. Bunu ədalətli hesab edirlər? Budurmu ədalət dedikləri? Bu şəkildə ədalətsiz, ikili yanaşma belə çıxır ki, hələ uzun müddət Qərb üçün bir ənənə olacaq və haqsızlıq hələ uzun sürəcək.

Ölkəmizə qarşı ədalətsizliyin, ikili standartların qabarıq şəkildə ortaya çıxdığı qəbul olunmaqdadır və bunu bütün dünya da yaxşı görür

Cümə axşamı Ukrayna sərhədi boyunca CNN tərəfindən lentə alınan görüntülərdə Kanada istehsalı olan Senator patrul avtomobillərinin Rusiya sərhədini keçdiyi öz əksini tapır. Bundan əlavə, Ottava artıq Kiyevə, o cümlədən səkkiz Leopard 2A4, bir neçə onlarla zirehli maşın və M-777 göndərdiyi də gizli deyil. Sözsüz ki, Ukrayna ilə Kanada arasında münasibətlərin inkişaf dərəcəsini və xarakterini qiymətləndirmək kimi bir niyyətimiz yoxdur və bununla bağlı hansısa narazılıq da ifadə edə bilmərik. Amma biz Kanada tərəfinin bədnam ikili standartlarının çox qabarıq bir misalını göstərə bilərik. Yeri gəlmişkən, xatırladaq ki, Türkiyə 44 günlük müharibədən əvvəl Bayraktar TB2 və TAİ Anka pilotsuz təyyarələrində istifadə olunan Wescam elektro-optik müşahidə və lazer hədəf təyinetmə sistemlərini Kanadadan idxal edib və Bayraktar pilotsuz uçan aparatları 44 günlük müharibədə parlaq performans göstərdikdən sonra Kanada tərəfindən Türkiyəyə qarşı sanksiyalar tətbiq olunub. "Baykar Defence" şirkətinin baş direktoru Haluk Bayraktarın bunu qəzəblə xatırlatdığı hər halda unudulmayıb və yaxşı yadda qalıb. "Kanada ona görə embarqo qoyub ki, biz Qarabağın işğaldan azad edilməsi üçün mübarizə aparan qardaş ölkəmiz Azərbaycanı dəstəkləyirik. Buna baxmayaraq, biz əl-ələ verib bütün çətinliklərə birlikdə qalib gəlirik", deyə sözügedən şirkətin baş direktorunun öz fikirlərini bildirdiyi də hafizələrdən silinməyib. Bir sözlə, bizə qarşı olan ədalətsizliyin, ikili standartların artıq qabarıq şəkildə ortaya çıxdığı qəbul olunmaqdadır və bunu bütün dünya da yaxşı görür. Yaxşı görür ki, Qərbin ikili standartları ənənə halını alıb və bir növ özləri üçün də adi qəbul olunur.

Müzakirə mövzusu ikili standartların daha bir nümunəsi və eləcə də ölkəmizə qarşı ədalətsizlikdir

Doğrudur, çətinliklər həqiqətən də müvəffəqiyyətlə aradan qaldırıldı. Beləki, Aselsan tərəfindən hazırlanmış milli elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemindən istifadə edilməsi qərara alındı. Nəticələrin də uğurlu olduğu göz önündə oldu. Bunun nəticəsidir ki, Türkiyənin yüksək dəqiqliyə malik kameraları hazırda 12 müxtəlif ölkəyə ixrac edilir və onların ixracı heç də təsadüfi deyil. Ona görə təsadüfi deyil ki, onlar yüksək dəqiqliyə malik olmaları ilə seçilirlər. Amma bütün bunların fonunda Türkiyənin dronlara elektron kəşfiyyat sistemləri və elektron dəstəyi aldığı Kanada şirkəti itkilərə məruz qalmaqdadır və görününən odur ki, fəaliyyətini də dayandırıb. Əlbəttə ki, nə Kanada şirkətinin taleyi bizi maraqlandırmır, nə də bu məsələ müzakirə mövzusu belə deyil. Müzakirə olunan ikili standartların daha bir parlaq nümunəsi, ənənəvi hal almasıdır. Təəssüf doğuran məqam odur ki, Kanada ilə yanaşı Ukraynanın digər müttəfiqləri də oxşar addımlar atmağa meyllidirlər. Onlar bildirirlər ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Ukraynanın Rusiyanın qeyri-qanuni hücumlarına qarşı özünü müdafiə etmək hüququ var və bu, Rusiya ərazisində əməliyyatları istisna etmir. Yəni, bizə olan ədalətsizlikdən fərqli olaraq, yenə də Ukraynaya ilə əlaqədar ədalət, qanun, beynəlxalq normalar haqda düşünülür ki, bunun adı ikili standartlardır. "Beynəlxalq hüquqa görə, Ukraynanın özünü müdafiə etmək, o cümlədən öz ərazisində təcavüzkara zərbə endirmək hüququ var. Aİ Ukraynanın Rusiya təcavüzündən qorunmaq üçün qanuni hüququnu və onun suverenlik və ərazi bütövlüyünü bərpa etmək səylərini tam dəstəkləməyə davam edir", deyən Avropa Komissiyasının xarici siyasət üzrə spikeri Piter Stanonun fikirləri diqqəti cəlb etməyə və eləcə də təəccüb doğurmaya bilməz. Hətta belə bir məqamda bir çox suallar da ortaya çıxır. Məsələn, sual oluna bilər ki, beynəlxalq hüquqa görə, Azərbaycanın da özünü müdafiə etmək, o cümlədən, öz ərazisində təcavüzkara zərbə endirmək hüququ yox idimi? Nəyə görə ölkəmizin bu hüququ barədə Piter Stano bir dənə də olsun fikir bildirməmişdi, susmuşdu və bu susqunluğu fonunda indi Ukrayna məsələsində ədalətli olmaq, beynəlxalq hüququ yada salmaq ikili standartlar deyilmi? Bəs niyə hazırda Ukraynanın Rusiya təcavüzündən qorunması üçün qanuni hüququnu və onun suverenlik və ərazi bütövlüyünü bərpa etmək səylərini Aİ-nin tam dəstəkləməyə davam etdiyini deyən Avropa Komissiyasının xarici siyasət üzrə spikeri Azərbaycana münasibətdə belə bir dəstək barədə heç düşünməmişdi? Məgər Ermənistan bir vaxtlar Azərbaycana təcavüz etməmişdimi və təcavüzdən qorunmaq üçün ölkəmizin qanuni hüququnu, suverenlik və ərazi bütövlüyünü bərpa etmək səylərini niyə Aİ-nin tam dəstəkləməyə davam etməsi haqda Stano bir kəlmə də deməmişdi? Ölkəmizə qarşı belə bir münasibət ədalətsizlik sayılmırmı? Bu ikili standartlar deyilmi? Əlbəttə ki, ikili standartlardır və buna kimlərinsə başqa don geyindirmək imkanları belə yoxdur.

Azərbaycana qarşı sanksiyalar barədə düşünmək belə ən böyük ədalətsizlik, hətta ikiüzlülükdür

Bəli, Azərbaycan hər zaman ardıcıl olaraq, özü də yüksək səslə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Ümumiyyətlə, rəsmi Bakı hər zaman ədalətli, haqlı yanaşma və münasibət sərgiləyib, yardımızını da əsirgəməyib. Bu məqamda xüsusilə qeyd etmək yerinə düşərdi ki, ölkəmiz Ukraynaya on milyonlarla avro dəyərində humanitar yardım da göndərib. Rəsmi Bakı hər zaman ədalətli davranıb, beynəlxalq hüququn norma və prinsplərinə uyğun olaraq, haqlı tərəfin mövqeyini dəstəkləyib. Biz hər zaman haqqın, ədalətin tərəfində olmuşuq və həmişə də beynəlxalq hüququ əsas götürərək münasibət sərgiləmişik. Maraqlıdır, bəs niyə bizə olan münasibət bu qədər fərqlidir? Niyə bizə qarşı münasibətdə ikili standartlar dərhal özünü göstərir? Nə səbəbə görə biz öz ərazilərimizi, öz torpaqlarımızı işğaldan azad etmək uğrunda mücadilə etdikdə, bizə məxsus olanı geri qaytarmaq, haqqımızı tələb etmək uçun mübarizə apardıqda bizə qarşı dəstək yox, hücumlar, təzyiqlər, sanksiyalar haqqında düşünülür? Bax elə bunun özü ikili standartlardır və bizə qarşı sanksiyalar barədə düşünmək belə ən böyük ədalətsizlik, hətta ikiüzlülükdür.

Ermənistan Şuşanı və Laçını işğal etdiyi, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi bir vaxtda İrəvana qarşı heç bir sanksiya barədə düşünən belə olmadı. Qonşu dövlətin ərazilərini zəbt edən, işğal edən, əhalisini soyqırıma məruz qoyan, bir milyondan artıq insanı öz yürd-yuvasından didərgin salan ölkəyə qarşı hansısa bir tədbir görülməsi barədə fikir də ortaya çıxmadı. Həmin o bəşəri cinayətləri törədənləri qınayan belə olmadı. Əksinə, ABŞ Konqresi Azərbaycana qarşı biabırçı 907-ci düzəlişi qəbul etdi. Bəli, işğalçı ölkəni deyil, işğalın qurbanı olan ölkəni qınamaq məqbul hesab edildi ki, buna təkcə ədalətsizlik, yaxud da ikili standartlar demək də azdır, çünki bu, artıq ən böyük həyasızlıq, hətta açıq-aşkar siyasi əxlaqsızlıq nümunəsi sayılmalıdır.

Azərbaycan azadlıq uğrunda, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparıb. Həm də axı, istər Birinci Qarabağ müharibəsi, istər 44 günlük müharibə, istərsə də son anti-terror əməliyyatı ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində baş verib. Axı Azərbaycan Ordusu Ermənistanla olan sərhədi keçməyib və Ermənistana məxsus olan kəndləri, şəhərləri də ələ keçirməyib. Bizə qarşı isterik diplomatik kampaniyaya başlanılmasını indi necə başa düşək? Ermənistan və Fransa hansı əsasla BMT Təhlükəsizlik Şurasında Azərbaycanın pislənməsini tələb edir? Ukraynanın müttəfiqlərinin istinad etdiyi BMT Nizamnaməsinin 51-ci maddəsini biz axı özümüz yerinə yetirmişik. Bütün bunların fonunda ölkəmizə qarşı hansısa əsassız fikirlər belə səsləndirmək, sanksiyalar haqında düşünmək çox böyük ədalətsizlikdir və bizə qarşı ikili standartların tətbiqinin Qərbdə ənənə halını alması deməkdir.s

Digər xəbərlər