Vətən müharibəsində düzgün siyasətin, məntiqi diplomatiyanın nəticəsi olaraq artıq Rusiyanı Ermənistanın yanında görmədik və Şimal qonşumuz bu mövzuda ədalətli mövqe nümayiş etdirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi, dominant mövqeyə malik olduğunu bir da sübuta yetirdi. Müharibənin başa çatması ilə bağlı bəyanat da Rusiyanın iştirakı ilə imzalandı. Üçtərəfli qaydada bağlanmış razılaşma əsasında Rusiya da üzərinə bir sıra öhdəliklər götürdü. Bunlardan biri də Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi idi.
Təbii ki, 2022-ci il 22 fevral tarixli Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannaməni də unutmaq olmaz. Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasını özündə əks etdirən və 43 bənddən ibarət olan bu sənəddə qarşılıqlı əməkdaşlıq məsələləri öz əksini tapır. Bəyannamənin 29-cu və 30-cu bəndlərində yer alan Şimal-Cənub dəhlizi, nəqliyyat, iqtisadiyyatla bağlı kommunikasiya əlaqələri hazırda hər iki ölkə üçün prioritet məsələlərdəndir.
Rusiya Prezidentinin Azərbaycana səfəri Ermənistanın və onu dəstəkləyən ölkələrin mətbuatında fərqli formada ictimaiyyətə çatdırılır. Təbii ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin gərginləşməsində marağı olan ermənipərəst qüvvələr var və onların əsas niyyəti bəllidir. Azərbaycan onun suveren hüquqlarını və ərazi bütövlüyünü qəbul edən ölkələrlə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Rusiya ilə münasibətlərdə Şimal-Cənub dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, burada enerji, təhlükəsizlik, humanitar məsələlər də mühümdür. Ümidvarıq ki, Vladimir Putinin ölkəmizə səfəri Cənubi Qafqazda formalaşan yeni reallıqların, siyasi sabitliyin, təhlükəsizliyin təmin olunmasına, sülh prosesinin sürətlənməsinə öz töhfəsini verəcək.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri