Böyük siyasi güclərin Azərbaycana münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan ölkəmizlə əməkdaşlığa böyük önəmin verilməsi, onun dünyada yüksək imic sahibi olmasının göstəricisidir. Mövcud münasibətlər Azərbaycanın dünya dövlətləri ilə siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığına söykənir. Bu, dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın ifadəsidir. Dünya dövlətləri ilə qarşılıqlı etimad və qonşuluq münasibətlərini gücləndirən Azərbaycan siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığa xüsusi önəm verir. Regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün təşəbbüsləri ilə seçilən Azərbaycan qonşu dövlətlərlə – Rusiya ilə də münasibətlərini daim diqqətdə saxlayır və bu əməkdaşlıq çoxşaxəli və hərtərəfli xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır və mehriban qonşuluq, bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
Bu günlərdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və səfər çərçivəsində dövlətlərarası müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması, aparılan müzakirələr gələcək əməkdaşlıq üçün yeni perspektivlərin açılması deməkdir. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Birgə Bəyanatda ikitərəfli əlaqələrin davamlığında gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyuldu. İmzalanan sənədlər əməkdaşlıqda yeni perspektivlər açacaqdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın regionda mühüm tranzit qovşağına çevrilməsinə şərait yaradıb. Xüsusilə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq logistik mərkəz kimi rolunu daha da artırır. Səfər çərçivəsində Azərbaycan və Rusiya arasındakı münasibətlərdə müstəsna əhəmiyyətə malik olan, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, "Şimal-Cənub" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. "Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir", - deyən Prezident bildirib ki, hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq: "İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər".
Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.
"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması tarixi əhəmiyyətli sənəddir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Bəyannamə uğurla yerinə yetirilir, İki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edən Bəyannamədə humanitar sahə də yer alıb və bu gün humanitar əlaqələr genişlənir. İyunda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla keçirildi. Bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları təşkıl olundu. Məlumdur ki, Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Azərbaycanda rus dilindən demək olar ki, hər yerdə sərbəst istifadə edilir. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir.
Səfər çərçivəsində Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü də nəzərdən keçirilib. Rusiya tərəfindən Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazırdır.
Rusiyada Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması üzrə çox iş görülür və Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır. Əlbəttə ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu səfəri dövlətlərarası əməkdaşlıqda daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq.
Natiq ALLAHVERDIYEV,
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri