Qarabağ iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ermənilərin diqqətində olmuşdur. "Böyük Ermənistan" yaratmaq eşqi ilə yaşayan ermənilər öz məqsədlərini həyata keçirmək üçün törətdikləri əməllərinin nəticəsində 30 ilə yaxın Azərbaycanın işğal altında olan ərazisində talançılıq missiyalarını vəhşicəsinə həyata keçiriblər. Məlumdur ki, tarixi kökü olmayan və ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər qəddarcasına Qarabağın və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsini dağıdıblar. Talançılıq missiyasını reallaşdıran Ermənistan "sivilizasiyalı" dövlət kimi dünya ölkələri tərəfindən qəbul olunmuş konvensiya, qərar, bəyanat və qətnamələrə əməl etməyib. İşğaldan azad olunmuş rayonlarda 152 ədəd belə ağac növü, 13197,5 ha qiymətli meşə sahələri, 5 ədəd geoloji obyekt qalmışdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb". Dövlət başçısı onu da qeyd edib ki, işğala qədər bizim meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi. Zəngilan bölgəsi də hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb etmiş məkan olub. Buranın Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir.
968 HEKTAR MEŞƏ KÜTLƏVİ QIRILIB
Faşist ideologiyasına malik olan ermənilər 30 ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərindəki meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurub. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib.
Bu ərazilərdə adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələr var. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə kütləvi qırılıb və mebel istehsalı üçün Ermənistana göndərilib. Elə həmin ərazidə olan ən məşhur mineral su olan İstisu bulağı "Karlovı varı" (Çexiya) suyunun tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə hətta ondan da üstündür. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, adı çəkilən mineral su Ermənistanın "Cermuk" şirkətlər qrupu tərəfindən Kəlbəcər rayonu ərazisindəki "İstisu"dan doldurularaq qablaşdırılıb, doldurulmuş qabların üzərində isə Ermənistanın turizm zonası kimi tanınan Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və kimyəvi tərkibi yazılıbmış.
Dünyanı ən nadir flora və faunası ilə zəngin olan Azərbaycan istirahət guşəsi kimi bütün imkanları özündə birləşdirir. Burada on bir iqlimdən doqquzunun mövcudluğu Azərbaycanın həqiqətən də cənnət beşiyi olduğunu əsasladıran amildir ki, ta qədimdən bu günə kimi tarixi sərvətləri ilə ölkəmizin qonağı olan insanların marağına səbəb olmuşdur. 30 ilə yaxın işğal altında olan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilməmiş və ona görə də böyük ekoloji fəlakət yaşanılmışdır. Təbiətə qarşı olan ermənilərin amansızsızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını, iddialı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etməsi ilə yanaşı, bir məntiqin də gerçəkliyini təsdiqləyir. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduğunu təsdiqləyən faktor idi. Mənbələrdə göstərilir ki, ermənilər təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edib. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilib.
DÜNYA TARİXİNİN QƏDİM ABİDƏLƏRİ - AZIX VƏ TAĞLAR MAĞARALARI
Qeyri-qanuni bir şəkildə Qarabağı işğalda saxlayan, ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımayan ermənilər ekoloji mühitin daha da kəskiləşməsinə gətirib çıxarmışlar. Bu, Qarabağ torpağının təbii sərvətlərinin ermənilər tərəfindən özbaşına istismar olunması, ekoloji durumuna ağır zərbə vurulması faktları Ermənistanın həyata keçirdiyi sivil vəhşilik siyasətidir. Belə ki, Füzuli rayonunda işğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qalması hər kəsə bəllidir. Rayon ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun siyahısına düşmüşdür. Rayonun ən böyük meşələridən olan Ərgünəş meşəsində ermənilər yanğın törətmişdilər. Yanğın nəticəsində ərazidə olan qiymətli ağac və kollar məhv olmuş, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olub.
Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bunun arxasında ermənilərin utopiyaları, eləcə də xalqın tarixinə qarşı təcavüz planı dayanır.
İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətməsi də bir faktdır. "Leşkar" meşə sahəsində isə yararlı ağacları tam qırıb aparıblar. Tikinti materialı kimi Ermənistan Yunanıstana və İrana ixrac etdiyi ağac materialını istehsal etmək imkanında deyildi.
Dünya şöhrətli qırmızı palıd yasaqlığında cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. 1991-ci il mart ayında aparılan yoxlama nəticəsində ermənilər tərəfindən heyvanların və quşların sayı xeyli azalmışdır.
NƏSLİ KƏSİLMƏKDƏ OLAN BİTKİ VƏ HEYVAN NÖVLƏRİ MÜHAFİZƏ OLUNUR
Qubadlı dövlət yasaqlığında isə işğaldan əvvəl müəyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Bu yasaqlıqdan işğal dövründə ermənilər vəhşicəsinə istifadə ediblər.
Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə başa çatdıraraq tarixi ədaləti bərpa etdi. Düşməni torpaqlarından qovaraq, diz çökdürdü. Bu müharibədə xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlət başçısı Sərkərdəlik məharəti nümayiş etdirərək Qarabağın Xilaskarı kimi tarixə adını həkk etdi. Bu gün üçrəngli Azərbaycan bayrağının Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanması ölkəmizin gücünün və qüdrətinin təntənəsidir. Erməni vandalları, faşistləri tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizə Azərbaycan bayrağı sancılıb. Bu gün həmin ərazilərin bərpası ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Erməni vandalları 30 il ərzində insanları qətlə yetirib, soyqırımları törətməklə yanaşı, ekoloji terrorlar da həyata keçirərək ətraf mühitə, təbiətə böyük zərbələr endiriblər. Bu əlbəttə ki, təbiətə qarşı genosiddir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz işğaldan azad olunan ərazilərdə bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu baxımdan həmin ərazilərdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılır.
Nəzakət ƏLƏDDİNQIZI