PDF Oxu

Siyasət

  • 1 961

Nəciblik və xeyirxahlıq simvolu TƏHLİL

Nəciblik və xeyirxahlıq simvolu TƏHLİL

Azərbaycanın çoxəsrlik tarixində dövlət üçün çox önəmli olan şəxsiyyətlər yetişmiş, onların şan-şöhrəti beynəlxalq arenada əks-səda doğuraraq ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səbəb olmuşdur. Hər dövrün yetişdirdiyi ziyalı bir missiya olaraq Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafına imza ata biləcək məsələləri öz üzərinə götürməklə xalq qarşısında, vətəndaşlıq borcunun ödənilməsinə cəhd edir. Ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza sahibliyini əməlləri ilə təsdiqləyib. Təbii ki, qadın gözəlliyi, qadın idarəsi, saflığı və sədaqəti xalqımızın milli-mənəvi dəyərləri sistemində formalaşmışdır. Tarixən Azərbaycanın mütəfəkkir qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi qiymətləndirilib. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Qətibə xanım, Sara xatun, Məhinbanu, Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadının nümunəsidir. Bu gün müasirimiz olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva da məhz belə qadınların davamçısı olaraq Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malikdir. Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasında Mehriban xanımın fəaliyyəti, genişmiqyaslı layihələri diqqətdədir. Həyata keçirdiyi ölkədaxili layihələri yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində mahiyyət daşıyan addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir. Öz varlığı ilə məmləkətinə şərəf gətirən Mehriban xanım Əliyeva Azərbaycan qadını, Azərbaycan İnsanı obrazını yaradıb. Onun fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxıb. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail olub. Onun qəlbinin dərinliklərində olan vətənpərvəlik, milli heysiyyat kimi mənəvi dəyərləri məhz dünya arenasında Mehriban xanım Əliyeva isminə böyük bir məhəbbət yaratmışdır. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusisiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələrlə bağlıdır. Ziyalılığın ali zirvəsində olan Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir.

Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir.

Yaradıcı düşüncəsi, geniş layihələrin gerçəkləşməsi Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə yanaşmada yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Azərbaycan mədəniyyətinin, onun imicinin yüksəldilməsində böyük xidmətlər göstərib. milli-mənəvi dəyərlərin təbliğatı istiqamətində gördüyü işlər ölkənin gələcək həyatının uğurlu nailiyyətləri ilə nəticələnib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub.

Mehriban xanım qısa bir zamanda xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətini genişləndirdi. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək, Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.

"MÜASİR DÜNYADA HƏR BİR ÖLKƏNİN İNKİŞAFI, ONUN DÜNYA BİRLİYİNƏ İNTEQRASİYASI ÜÇÜN TƏHSİLİN ROLU ƏVƏZSİZDİR"

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi, mədəni həyatında gördüyü işlərə diqqət yetirsək nə qədər möhtəşəm hadisələrin reallaşdığının bir daha şahidinə çevrilərik. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. Azərbaycanın birinci xanımı çıxışlarının birində vurğulayır: "Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir". Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin hər bir yerində - Xaçmaz rayonunun Palıdlı kəndində, Şabran rayonunun Gilavar kəndində, Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Zaqatalada Ələddin Cavadov adına Bəhmətli kəndində və digər yerlərdə onlarla yeni məktəb binaları inşa edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermiş olur. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Qeyd edək ki, proqram hazırlanarkən Azərbaycanın məktəblərinin maddi-texniki bazasının vəziyyəti ətraflı öyrənilmişdir. Çox yaxşı, nümunəvi məktəblərimizlə yanaşı, acınacaqlı vəziyyətdə olan məktəblər də aşkarlanmışdır. "YeniləşənAzərbaycana yeni məktəb" Proqramını həyata keçirərkən ölkə üzrə vəziyyəti çox ağır hesab olunan 132 məktəb müəyyən edilmişdir. Bu məktəblərin hər birində videoçəkiliş aparılmışdır. Problemin həllinin ən yaxşı variantı həmin məktəblərin binaları qarşıdan yenisinin tikilməsi olmuşdur. Bunların 100, 200 və 400 yerlik məktəblər olacağı təyin edilmişdir. Fond tərəfindən artıq bu binaların əksəriyyətinin layihələri reallaşmışdır.

"TƏHSİLƏ DƏSTƏK"

Fondun "Təhsilə dəstək" proqramı çərçivəsində isə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Təhsilə dəstək" layihəsi çərçivəsində Azərbaycandan kənarda belə, bu humanizm prinsiplərinə əsaslanan layihələr reallaşdırılır. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçası istifadəyə verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz istifadəyə verilib. ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilib. Bu yardım əsasında məktəblər üçün kompyuterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınıb. Heydər Əliyev Fondu Fransanın Aşağı Normandiya regionun Orn departamentindəki Lüql musiqi məktəbinin bir zalının təmirinə yardım edib.

Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanaraq, köməyə ehtiyacı olan şəxslərə yardım edərək onların müalicəsinin təmin olunmasına da xüsusi diqqət ayırıb. Belə ki, kimsəsiz və dəstəyə ehtiyacı olan insanlara ehtiramla yanaşaraq, neçə-neçə kimsəsiz və imkansız şəxslərə, ailələrə kömək əlini uzatmışdır. Valideyn himayəsindən məhrum olan uşaqların maddi-texniki bazasının yenidən qurulmasında gördüyü işləri xüsusi qeyd etməliyik. Həmin müəssisələr Avropa standartlarına uyğun bir şəkildə təşkil olunub. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi humanizmin ən yüksək nümunəsi olaraq qiymətləndirilir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə istifadəyə verilən bu məktəblər gənc nəslin təlim-tərbiyəsində, yüksək elmi biliklər əldə etməsinə öz təsirin göstərməkdədir. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib. İnanırıq ki, Mehriban xanım Əliyeva gələcək fəaliyyətində də bu strateji istiqamətlərdə möhtəşəm layihələrin həyata keçirilməsini davam etdirəcək.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər