Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə səfəri ilə Rusiya və Azərbaycan liderləri bu ilin əvvəlindən bu vaxta qədər artıq üçüncü dəfə görüşmüş olurlar. Xatırladaq ki, bundan əvvəlki iki görüş ilk öncə, bu ilin aprel ayında Moskvada, daha sonra isə iyulun əvvəlində Astanada ŞƏT sammiti çərçivəsində baş tutub. İki ölkə liderinin qısa zaman fasiləsində artıq bir neçə dəfə görüşməsi onu deməyə əsas verir ki, dövlətlərimiz və dövlət başçılarımız üçün belə bir görüş xüsusi əhəmiyyət, xüsusi önəm daşıyır və Rusiya ilə Azərbayan arasında münasibətlərin daha da yaxşılaşmasından, hətta həmin münasibətlərdə yeni mərhələnin başlanmasından xəbər verir.
Azərbaycan və Rusiya arasında münasibətlər, əlaqələr, daha da güclənməkdə olan əməkdaşlıq yüksələn xətt üzrə daim inkişaf etməkdədir
Heç şübhəsiz ki, səfər çərçivəsində hökumətlərarası sənədlərin imzalanması və danışıqların yekunlarına dair dövlət başçılarının birgə bəyanatı bütün dünyanın diqqət mərkəzindədir. Hətta onu deyə bilərik ki, Rusiya-Azərbaycan münasibətləri qlobal miqyasda belə diqqətlə izlənilir. Əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin, əlaqələrin, əməkdaşlıqların daha da yaxşılaşmasına beynəlxalq aləmdə xüsusi diqqətin ayrılması heç də təsadüfi sayıla bilməz. Ona görə təsadüfi sayıla bilməz ki, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da yaxşılaşması, iki qonşu dövlət arasında əlaqələrin daha da dərinləşməsi bütövlükdə regiona qarşı hiyləgər və məkrli siyasət yürütmək niyyətində olan kənar qüvvələrin qətiyyən işlərinə yaramır və hətta onları narahat da edir. Çünki başa düşürlər ki, regiona müdaxilə etmək imkanları sıfıra yaxınlaşır və buna görə də Bakı ilə Moskva arasında olan yaxınlıq bir çoxlarının yuxularını ərşə çəkmiş olur. Buna baxmayaraq, ölkələrimiz arasında, Azərbaycan və Rusiya arasında münasibətlər, əlaqələr, daha da güclənməkdə olan əməkdaşlıq hər iki tərəfi qane edir və maraqları ilə üst-üstə düşür deyə bu münasibətlər hansısa qüvələrin, hansısa dövlətlərin narahatlığına məhəl qoyulmadan yüksələn xətt üzrə daim inkişaf etməkdədir. Hətta bu münasibətlərin bundan sonra yeni bir mərhələyə qədəm qoyduğu da göz önündədir. İki qonşu dövlətin, Rusiya və Azərbaycanın daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu görməmək, başa düşməmək mümkün deyil və istər Moskvanın, istərsə də Bakının maraqlarının üst-üstə düşməsi fonunda ölkələrimizin arasında günü-gündən daha da yaxşılaşmaqda olan münasibətlərdə yeni mərhələnin başlanması əlbəttə ki, məhz elə bu baxımdan qaçılmazdır.
Putinin ölkəmizə hazırki şəfəri tamamilə yeni bir şəraitdə, yeni reallıqların yaranmış olduğu bir dönəmdə reallaşıb
Xatırladaq ki, bundan əvvəl də Rusiya prezidenti Azərbaycana dəfələrlə səfərlər edib. Amma unutmaq lazım deyil ki, Putinin ölkəmizə hazırki şəfəri tamamilə yeni bir şəraitdə, yeni reallıqların yaranmış olduğu bir dönəmdə reallaşıb. Artıq bütövlükdə regionda vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın yaratdığı yeni reallıqlar da xüsusən diqqətdən yayına bilməz. Beləki, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, geri qaytardı və yekun olaraq hətta bir sutkadan da az müddətdə belə uğurlu antiterror əməliyyatı keçirərək, öz ərazilərini həm separatçı ünsürlərdən tamamilə təmizlədi, həm də suverenliyini bütün ərazisi böyunca təmin etmiş oldu. Bu reallıqları elə Vladimir Putin özü də çox yaxşı bilir və başa düşür ki, ölkəmizə hazırki səfəri əvvəlkilərdən bir çox mənada kəskin şəkildə fərqlənir. Bilir ki, bu dəfə qalib olan, Zəfər qazanan, ərazi bütövlüyünü öz gücü, öz potensialı hesabına tamamilə təmin edən qüdrətli bir ölkəyə səfər edir. Rusiya lideri çox yaxşı dərk edir ki, Azərbaycan heç də ötən əsrin sonlarında müstəqilliyini yenicə bərpa edən kövrək, zəif bir ölkə deyil. Anlayır ki, artıq bu dəfə bütün dünyada söz sahibi olan, hesablaşılan, qüdrətli, qüvvətli, ələlxüsus da qalib bir ölkə ilə yaxınlıq edir. Eyni zamanda, artıq böyük nüfuz sahibi olan bir ölkə ilə münasibətlərini daha da yaxşılaşdırdığını da Putin çox yaxşı bilir. Sözsüz ki, Rusiya kimi bir ölkənin təcrübəli lideri bütün bunları çox həssaslıqla nəzərə alır və bundan sonrakı münasibətlərə də bu prizmadan baxır. Elə məhz buna əsaslanaraq deməyə haqqımız çatır ki, həqiqətən də ölkələrimiz arasında olan münasibətlərdə, əlaqələrdə artıq tamamilə yeni məthələ başlayır.
Rəsmi Bakıya böyük ümidlərin olması da tamamilə məntiqidir
Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, Azərbaycanın sülh təşəbbüsləri təkcə Ermənistanla münasibətlərin tənzimlənməsi ilə məhdudlaşmır. Ölkəmizin qlobal miqyasda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə hər zaman öz töhvələrini verməkdə olduğu da bir reallıqdır. Xüsusən də ölkəmizin həm Rusiya, həm də Ukrayna ilə qırılmaz və qarşılıqlı faydalı əlaqələrinin təsirsiz olmadığı da təkzib edilə bilməz. Beləki, hər iki ölkə ilə ölkəmizin faydalı münasibətlər, əlaqələr qurması, ələlxüsus da Azərbaycanın diplomatik potensialı Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllində mühüm rol oynaya bilər. Sözsüz ki, bunu da məhz Rusiya lideri hər zaman nəzərə alır. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, məhz bu səbəbdən də iki ölkə liderləri arasında keçirilən görüşdə təkcə ikitərəfli münasibətlər deyil, həm də beynəlxalq və regional məsələlərin də müzakirə olunması heç də təsadüfi sayıla bilməz.
Doğrudur, iki ölkə liderləri arasında keçirilən görüşdə o cümlədən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması da müzakirə olunub. Amma o da təsadüfi deyil ki, Vladimir Putinin Azərbaycana səfəri Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda reallaşıb. Hər halda Rusiya lideri Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə sıx əlaqələrə sahib olduğunu lap əvvəldən nəzərə alıb. Heç şübhəsiz, o da nəzərə alınıb ki, elə Rusiyanın özü də daxil olmaqla, dünyanın əsas güc mərkəzləri ilə nizamlanmış əlaqələr sayəsində Azərbaycan öz qarşısında duran bütün tarixi vəzifələri uğurla həll edib. Elə bundan sonra da uğurla həll etmək iqtidarındadır, hansıki bunu hətta ukraynalı ekspertlər belə qeyd edirlər, etiraf edirlər. Bu isə o deməkdir ki, rəsmi Bakıya böyük ümidlərin olması da, yeni mərhələnin başlanması da tamamilə məntiqidir.
Ölkə rəhbərimizin qeyd etdiyi müsbət dinamikanı hər birimiz müşahidə etməkdəyik
Dünyada gərgin geosiyasi vəziyyətin, bir çox ölkələrdə müşahidə olunan tənəzzülün, ən azından inflyasiya risklərinin, ümumiyyətlə qlobal şəkildə təzahür edən neqativlərin fonunda Azərbaycan-Rusiya iqtisadi əlaqələri get-gedə daha da yaxşılaşır, iki qonşu dövlətin qarşılıqlı ticarət əlaqələri artırmaqda davam edir, nəqliyyat-logistika sektorunda, energetika sahəsində əməkdaşlıq üçün birgə səylər göstərilir, qeyri-neft sektorunda əlaqələr şaxələndirilir, investisiyalar da genişləndirilir. Bu müsbət tendensiyaların fonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana iki günlük dövlət səfəri çərçivəsində ikitərəfli gündəliyin geniş spektrinin, o cümlədən biznes müstəvisində əməkdaşlığın müzakirə olunması strateji əhəmiyyət kəsb edir və bütün bunlar ölkələrimiz arasında olan münasibətlərdə daha uğurlu yeni mərhələnin başlandığını isbatlayır. "2022-ci ilin fevralında imzaladığımız Müttəfiqlərin Əməkdaşlıq Bəyannaməsi uğurla həyata keçirilir və biz həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Və təbii ki, biz enerji, nəqliyyat və bir çox digər sahələrdə əməkdaşlıq edirik", deyə cənab Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə məhdud tərkibdə görüşü zamanı qeyd etdikləri iki dövlət arasında qarşılıqlı əlaqələrin səviyyəsindən Azərbaycan və Rusiya liderlərinin məmnunluğunu təsdiq edir.
Görünən odur ki, son illərdə Moskva və Bakı qarşılıqlı faydalı ticarətə və dinamik inkişaf edən investisiya və texnoloji əməkdaşlığa əsaslanan möhkəm iqtisadi bünövrə formalaşdırıb. Sirr deyil ki, ölkəmiz Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşıdır. Bu yaxınlara qədər Rusiyanın region ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən qırx faizinin məhz Azərbaycanın payına düşdüyünü də bilirik. Onu da bilirik ki, Rusiya, əvvəlki illərdə olduğu kimi, Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının idxalçıları arasında yenə də birinci yeri tutur. Həmçinin məlumdur ki, ötən il qeyri-neft ixracının 3,3 milyard dollarlıq ümumi həcmindən 1,2 milyard dollarını Rusiyanın qeyri-neft məhsullarının ölkəmizdən tədarükü təşkil edib. Qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 18,5% artımdan xəbər verir və ölkə rəhbərimizin qeyd etdiyi həmin müsbət dinamikanı biz hamımız müşahidə etməkdəyik. Belə bir müsbət dinamika da əlbəttə ki, öz növbəsində, münasibətlərin daha da dərinləşməsinə, beləliklə də iki ölkə arasında münasibətlərdə yeni mərhələyə əsaslı zəmin yaradır.
Bakı və Moskva qarşılıqlı işgüzar əməkdaşlığın dərinləşməsinə, münasibətlərin daha da yaxşılaşdırılmasına olduqca həssas yanaşır
Diqqətə çatdıraq ki, İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü ticarət tərəfdaşı məhz Rusiyadır. Nəzərdən qaçırmaq olmaz ki, ötən ilin sonunda Azərbaycan-Rusiya ticarət dövriyyəsi 4,3 milyard dolları artıq ötüb keçib və bu da ondan əvvəlki ilin göstəricisindən 17,5 faiz çoxdur. Sözsüz ki, bu müsbət tendensiya cari ildə də möhkəmlənib və Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsinin 2 milyard 573 milyon ABŞ dolları təşkil etməsi özü də artımdan xəbər verir. Çünki bu göstərici özü belə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,2 faiz çoxdur. Göründüyü kimi, artımlar, dinamika, əlaqələrin daha da şaxələnməsi statistik rəqəmlərdə, iqtisadi göstəricilərdə özünü bir daha təsdiq edir və belə inkişaf tendensiyası iki ölkə arasında daha da yaxşılaşmaqda olan münasibətlərdə yeni mərhələnin başlaması üçün zəmin deməkdir.
Azərbaycan-Rusiya investisiya əməkdaşlığı özü də artıq çox uğurla inkişaf etməkdə, artmaqdadır. Diqqətə çatdıraq ki, Azərbaycanda Rusiya kapitallı artıq 1,3 minə yaxın şirkət qeydiyyatdan keçib. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Rusiya sərmayələrinin ümumi həcmi 8,7 milyard dolları ötüb keçib. Əlbəttə ki, Azərbaycan da öz növbəsində Rusiyaya 1,2 milyard dollara yaxın investisiya yatırıb. Məsələn, "Azərsun Holdinq"in vəsaiti hesabına Krasnodarda meyvə-tərəvəz konservləri istehsalı müəssisəsi və çay fabriki tikilib, eləcə də tikinti materialları istehsalı üzrə yerli müəssisələr də Rusiya Federasiyasında lokallaşdırılıb. Həmçinin ticarət və vasitəçilik şirkətləri də çox fəaldırlar və azərbaycanlı investorlar Şimali Qafqazın, Stavropol diyarının və digərlərinin kurortlarında sanatoriyaları müasir dövrün tələblərinə uyğun şəkildə qurublar. Bir sözlə, Bakı və Moskva qarşılıqlı işgüzar əməkdaşlığın dərinləşməsinə, ticarətin daha da genişləndirilməsinə və investisiya vektorlarının şaxələndirilməsinə olduqca həssas yanaşır. Bu isə o deməkdir ki, yeni mərhələdə daha böyük uğurlara ümid etməyə dəyər.
İki qonşu ölkə arasında olan münasibətlərdə başlayan yeni mərhələ böyük ümidlər vəd edir
Sözsüz ki, beynəlxalq əhəmiyyətli layihələr də öz növbəsində iki ölkə arasında olan münasibətlərə müsbət təsir edir və daha da dərinləşdirir. "Biz Şimal-Cənub layihəsinin həyata keçirilməsini və onun regional nəqliyyat dəhlizləri üçün əhəmiyyətini ətraflı müzakirə etdik. Deməliyəm ki, Azərbaycan ərazisində Şimal-Cənub dəhlizinin həm dəmir yolu, həm də avtomobil seqmentləri tam icra olunub və uğurla fəaliyyət göstərir. Hazırda biz bu dəhlizin ötürücülük qabiliyyətini artırmaq üçün onun dəmir yolu hissəsini fəal şəkildə modernləşdiririk: söhbət ildə 15 milyon ton və daha çox yükün daşınması imkanından gedir", deyə cənab Prezident İlham Əliyevin mətbuata açıqlamasında vurğuladıqları məhz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin Bakı ilə Moskva arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini təsdiq edir. Bir sözlə, Rusiya ilə Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi, daha da yaxşılaşması üçün kifayət qədər imkanlar, kifayət qədər şərait var və bu da o deməkdir ki, ölkələrimiz arasında münasibətlərin yeni mərhələsi üçün artıq çoxdandır ki, zəmin formalaşıb. Bu isə onu deməyə əsas verir ki, artıq iki qonşu ölkə arasında olan münasibətlərdə başlayan yeni mərhələ böyük ümidlər vəd edir.