Azərbaycanın regionda, eləcə də beynəlxalq miqyasda mövcud olan əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr imicinin yüksəlməsində müstəsnadır. Ölkəmizin təşəbbüskarlığı, iqtisadi gücü beynəlxalq münasibətlər sistemində onun nüfuzunun artmasına, bir çox dünya ölkələri ilə qarşılıqlı siyasi anlaşmanın, dialoqun, əməkdaşlığın yüksəlməsinə səbəb olub. Milli maraqlarına uyğun müstəqil siyasət yürüdən Azərbaycanın qonşu dövlət olan Rusiya ilə də əlaqələri etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar, vətəndaş cəmiyyəti təsisatları arasında əlaqələr getdikcə genişlənir. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu günlərdə Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələdir. Səfər çərçivəsində ikitərəfli gündəlik nəzərdən keçirilərək, qarşılıqlı fəaliyyətin əsas tərəfləri müzakirə olunub. Dövlətlərarası imzalanmış sənədlərin hər iki ölkənin prezidentlərinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib. Heç şübhəsiz ki, qəbul edilən sənədlər, prezidentlərin Birgə Bəyanatı münasibətlərimizin dostluq və müttəfiqlik xarakterinin ifadəsidir. Qeyd edək ki, Moskvada "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir. Bəyannamə Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxışında dövlətimizin başçısının bildirdiyi kimi, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. İki ölkə arasında tarixi əlaqələrin genişlənməsi siyasi, iqtisadi, sosial, humanitar, mədəni sahələrdə münasibətlərin dərinşməsində özünü göstərir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğundur, regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verir. Heç şübhəsiz ki, Moskva Bəyannaməsi əlaqələrin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa imkanlar açıb. Sözügedən Sənəd tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır. Azərbaycan və Rusiya arasında imzalanan Moskva bəyannaməsi Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə töhfədir.
Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsindən də yan ötməmişdir. Ölkələrimiz arasında reallaşan tədbirlərin, layihələrin nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Bu, yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. "Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır", - deyən Prezident diqqətə çəkib ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.
Bu gün mövcud münasibətlərin nəticəsidir ki, Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Cənab Prezident bunu insanlar arasında təmasların mütəmadi xarakter daşıması kimi xarakterizə edib. Belə ki, hər iki dövlətin vətəndaşları arasında qarşılıqlı səyahətlər artıb.
Bütün bu və ya digər məsələlərlə yanaşı, energetika sferasında - həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyət, Xəzərdə ekoloji vəziyyət və digər məsələlərə nəzər salınıb, regional təhlükəsizlik müzakirə olunub, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirilib. Gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi, məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Zəfər qazandıq. Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoydu. Azərbaycan ötən ilin sentyabrında antiterror əməliyyatı nəticəsində əzəli torpaqları işğalçılardan azad edərək, bütöv Azərbaycan süverənliyi təmin olundu. "Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb" – deyən Prezident onu da bildirib ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib: "Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır".
Rusiya Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına bundan sonra da hərtərəfli kömək edəcəkdir. Belə ki, Rusiya dövləti sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırdır.
Təbii ki, iki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər, əlaqələr demək olar ki, bütün sahələrdə öz əksini tapıb.
Göründüyü kimi, Azərbaycan və Rusiya arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.
Güləddin DADAŞOV,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavin