Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çətin və taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan dövləti günü-gündən daha da güclənərək, iqtisadi qüdrəti, dinamik inkişafı ilə seçilən dövlətlər sırasındadır. Azərbaycanda baş verən sıçrayışlardan, onun simasının gündən-günə dəyişməsindən, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasından danışarkən bu uğurlara töhfəsini verən Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini vurğulamaq vacib məqamlardandır. Fəaliyyəti dövründə Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrini reallaşdırır. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları ilə əməkdaşlığı genişləndirir.
"MƏN PREZİDENTİN ETİMADINI, ƏN BAŞLICASI İSƏ MƏNƏ İNANAN, ÜMİD BƏSLƏYƏN İNSANLARIN ETİMADINI DOĞRULTMALIYAM"
Mehriban Əliyeva Birinci vitse-prezident seçildikdən sonra müsahibələrindən birində bildirib ki, yeni vəzifədə Prezidentin etimadını, ən başlıcası isə ona inanan, ona ümid bəsləyən insanların etimadını doğruldacaq: "Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində həm Prezidentin xanımı, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb".
Azərbaycanın Birinci vitse-prezidenti müxbirin "Siz dərhal razılaşdınızmı?" sualına cavabında deyib: "Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var. Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam". Belə də oldu. Mehriban xanim ən cətin zamanlarda insanların yanında oldu.
"MƏDƏNİ İRSİMİZ YENİDƏN FİKİR SÜZGƏCİNDƏN KEÇİRİLİR, ƏZƏLİ MİLLİ ƏNƏNƏLƏRƏ VƏ KÖKLƏRƏ QAYIDILIRDI"
Vurğulayaq ki, aktiv ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. Müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva özü belə bildirmişdir: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".
HUMANİZMİN ƏN NÜMUNƏVİ GÖSTƏRİCİSİ
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun səhiyyə ocaqlarının bərpa edilməsi və inşası ilə bağlı layihələri də öz nəticəsini vermiş bu gün tibbi müəssisələr dünya standartlarına uyğun inkişaf etmiş ölkələrdən gətirilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, Fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və s. layihələri xüsusi olaraq vurğulamaq lazımdır. Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir. Fondun dəstəyi ilə ölkəmizdə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.
Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Onu da bildirək ki, səhiyyəyönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır.
Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün həmin xəstəliyə düçar olanların ümid yerinə çevrilən mərkəz Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunub. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır. Bütün bunlarla yanaşı, Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə də töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Heydər Əliyev Fondu daim himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərdi. Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrıldı.
Heydər Əliyev Fondu minlərlə insanın qəlbində bir ümid çırağı yandırıb. Mehriban xanım Əliyevanın mərhəməti, xeyriyyəçiliyi, humanizmi bu münasibətin formalaşmasına səbəb olub.
Azərbaycanın işğaldan azad olunan ərazilərinə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə səfərlərindən tarixi və əzəli torpaqlarımızla bağlı etdiyi paylaşımları hər kəsdə maraq oyadır. Son illərin tarixi gerçəkliklərinə nəzər salsaq görərik ki, O, həqiqətən də xalqla birgə yaşayır. Vətən müharibəsi dövründə bunun bir daha şahidinə çevrildik. Mehriban xanım Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, onun məslək yoldaşı və silahdaşıdır. Hər zaman bərabər addımlayan ehtibarlı silahdaş. Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük müharibədə Mehriban Əliyeva hər qələbə sevincini xalq ilə birgə yaşadı. Şəhid analarının kədərini bir ana kimi yaşadı, şəhid anaların yanında oldu, onlara təsəlli verdi. Qazilərimizə mərhəmət əlini uzatdı. Həssas qəlbi, iradəsi ilə bütün hadisələrə münasibətində onun xalqa sevgisini, məhəbbətini görürük. Azərbaycan həqiqətlərinə laqeyd qalmır.
AZƏRBAYCAN İNCİLƏRİ DÜNYANIN NADİR İRS SİYAHISINDA
Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər də diqqətdən kənarda deyil. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın Birinci Xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq muğam festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rastropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib. Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilib, açıq səma altında "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb.
Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, "Kəlağayı simvolizmi və ənənəvi sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü işlər əvəzsizdir. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim ölkə - Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur. Azərbaycanın zəngin tarixi boyunca onun nadir coğrafi mövqeyi burada nümunəvi mədəniyyətin yaranmasına, müxtəlif etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına xidmət etmişdir. Mehriban xanım Əliyevanın dediyi kimi, Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir və ölkədə əsrlər boyu yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi fikrin, poeziyanın və memarlığın, habelə ölkənin maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin çiçəklənməsinə gətirib çıxarmışdır. Mövcud mədəniyyət formaları Azərbaycanın özünəməxsusluğunun əsasını təşkil edir və Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət daşıyır.
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada, o cümlədən Avropada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi davamlı fəaliyyəti öz əks-sədasını verir. İnsanlar, xalqlar bir-birini məhz mədəniyyət yolu ilə daha yaxşı tanıyırlar, bir-birini daha dərindən öyrənirlər və bu da ümumiyyətlə, ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır.
Əminliklə deyə bilərik ki, son illərdə Azərbaycan dövlətinin, eləcə də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər, layihələr Azərbaycanı mədəniyyətlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevirib.
Nəzakət ƏLƏDDİNQIZI