Avqust ayının 22-də Biləsuvar rayon Ağalıkənd kəndində Vətən müharibəsinin şəhidi Məmmədov Elyar Elbəyi oğlunun anadan olmasının 34-cü il dönümü münasibətilə mərasim təşkil edilmişdir. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşın Qasımov, Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş 69 saylı Biləsuvar seçki dairəsindən Əliyev Elməddin Saməddin oğlu, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə qəhrəman Şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman Şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Daha sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Məmmədov Elyar Elbəyi oğlu 22 avqust 1990-cı ildə Biləsuvar rayon Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 27 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Elyar Elbəyi oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!