Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycana göstərilən etimad və inam regionla məhdudlaşmır, beynəlxalq miqyasda onun nüfuzunu daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh və sabitliyin sərhədlərinin genişləməsinə davamlı olaraq töhfələr verir. Regionumuzda baş verən proseslərin normallaşdırılması istiqamətində görülən işlər milli maraqlarımızın ifadəsidir. Dövlətimizin xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif prioritetlər üzrə inkişaf etdirilməsi dövlətlərarası münasibələrin inkişafinda mühüm rol oynayır. Son illərdə Özbəkistanla Azərbaycan arasında münasibətlər keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoyaraq strateji səviyyəyə yüksəlib. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri də bu gün yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilir. İki ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər gələcək inkişaf baxımından diqqətçəkəndir. Qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni perspektivlər açılmaqdadır.
BÜTÜN TÜRK DÜNYASININ İNKİŞAFINA TÖHFƏ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlməsi əlaqələrin uğurlu inkişafının göstəricisidir.
Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olan Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Dövlət müstəqilliklərini əldə etdikdən sonra iki dövlət arasında tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə", eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın müasir qlobal çağırışlar və mürəkkəb geosiyasi vəziyyətdə yeni keyfiyyətdə inkişafı üçün zəminlər yaradılıb. Dünyada dəyişən şərait daha sıx siyasi əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha fəal, geniş inteqrasiya, təhlükəsizlik və müdafiə sahəsində səylərin əlaqələndirilməsini zəruri edib.
ƏDALƏTLİ MÖVQEYİMİZƏ DOST MÜNASİBƏTİ
Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.
Əlbəttə ki, bütün dost ölkələr kimi, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda da sevinclə qarşılanır. Xatırladaq ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə də Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb.
FÜZULİYƏ DOST HƏDİYYƏSİ
Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Dövlətlərarasi münasibətlərdə imzalanan sənədlər, bəyanatlar mühüm rol oynayır. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini qeyd etməliyik. Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışı münasibətlərin inkişafında öz sözünü deyir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirmişdir.
ƏMƏKDAŞLIQ ÜÇÜN MÖHKƏM HÜQUQİ BAZA
2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından uğurlu olub. Həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkandır.
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri - iqtisadi-ticarət, investisiya tərəfdaşlığı genişlənib. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına təkandır. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlıq münasibətləri uğurla davam etdirilir.
İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış xeyli sayda sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistanla əməkdaşlığı gündən-günə daha da möhkəmlənir.
Təbii ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına öz töhfəsi verəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI