MEHRİBAN ƏLİYEVA: "İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır"
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı - Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan, xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri olaraq Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
Birinci vitse-prezident Mehriban Əliyeva deyir: «Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir».
Bəli, bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ şəfqət, xeyirxahlıq və mərhəmətdir. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanımı hamı sevir... Vətəninə və xalqına sonsuz məhəbbətinə görə... .Çünki bütün sahələrdə öz əməlləri ilə xalqımızın dərin etimadını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət, gördüyü işlər ən gözəl nümunələrdir.
Bəli, xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban xanım Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb.
“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”, - Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Mehriban xanımın işgüzar və insani keyfiyyətlərini çox dəqiqliklə ifadə edir. O, doğurdan da milyonların qəlbində ümid çırağına, xeyirxahlıq ünvanına çevrilib.
Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, bu dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, idmanının inkişafı üçün yorulmadan çalışır. Heydər Əliyev Fondunun xətti ilə, hətta respublikamızın ən ucqar nöqtəsində belə inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri buna misal ola bilər. Bu məqsədlə bir çox proqramlar və layihələr həyata keçirilib. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, "Qarabağ həqiqətləri" adlı bukletlər və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı təqdim olunur.
Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir.
LAYİQLİ XİDMƏT NÜMUNƏSİ
"Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır". Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, "Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər".
Məhz bu gün Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq fəaliyyət göstərməsi dövlət başçımızın qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirməsinin təsdiqidir. Və Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-ı tarixində baş tutan referendumun nəticələrinə görə Azərbaycanda Birinci vitse-prezidentlik institutu yaradıldı. Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü kimi qiymətləndirilən bu təşəbbüs Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı Mehriban xanım Əliyeva qeyd etmişdir: "Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır…Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".
Birinci vitse-prezident təyin olunarkən Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Bu məqamda Mehriban xanımın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu.
Həmçinin, Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin ən həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Eyni zamanda, parlamentin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşən, daim onların qayğıları ilə maraqlanan, sosial problemlərinin həlli istiqamətində tədbirlər görən Mehriban xanım Əliyeva ədalət, humanizm və insanpərvərlik ideyalarını rəhbər tutaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü onun uğurlu fəaliyyətinin göstəricisidir.
Eyni zamanda, Mehriban xanım Əliyeva YAP-ın Sədr müavini kimi yüksək siyasi potensiala malik olduğunu da əməli fəaliyyətində təsdiqləyib. Belə ki, 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın Sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq millət vəkili seçilib.
Azərbaycanın birinci xanımının təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizdə təhsil sistemini modernləşdirmək və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. Əhalinin sağlamlığı məsələsinə gəlincə, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bir sözlə, Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir.
BÖYÜK ZƏHMƏTLƏRƏ SÖYKƏNƏN ÖNƏMLİ TƏLTİFLƏR...
Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Bunların sırasında "Heydər Əliyev" ordeni və Heydər Əliyev mükafatı (Azərbaycan Respublikası), "Şərəf legionu" ordeni (Fransa Respublikası), "Xidmətlərə görə" Böyük Komandor Xaçı Ordeni (Polşa Respublikası), "Hilal-e Pakistan" ali ordeni (Pakistan İslam Respublikası), "Sreten" ordeni (Serbiya Respublikası), "Macarıstanın Xidmətlərə görə Komandor Xaçı" ordeni (Macarıstan Respublikası), "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni (Rusiya Federasiyası), UNESCO-nun "Qızıl Motsart" medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun qızıl medalı və "Prix de la Fondation" mükafatı, Avropa Olimpiya Komitəsinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Dünya Səhiyyə Təşkılatı İcraiyyə Komitəsinin "Ana, uşaq və ailənin sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə" mükafatı, "Qızıl ürək" beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin Fəxri doktoru adını, habelə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla "Dostluq " ordenini göstərmək olar. Misilsiz və fədakar zəhmətə verilən bu mükafatlar nə qədər dəyərli olsa da, hörmətli Mehriban xanım üçün ən qiymətli mükafat ümumxalq sevgisi və məhəbbətidir. Elə məhz bu səbəbdəndir ki, birinci xanım xalqa müraciətlərinin sonunu "Sizin Mehriban" ifadəsi ilə yekunlaşdırır. Bu ifadə Mehriban xanımım adı ilə harmoniyada yaşadığını, xalqı ilə səmimi ünsiyyətdə və ülviyyətdə olduğunu təsdiqləyir. Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban xanım Əliyeva hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur. Azərbaycanınn birinci xanımı Mehriban Əliyeva demişdir: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir".
Bir sözlə, Mehriban xanım Əliyeva öz səmərəli, çoxşaxəli, zəngin fəaliyyəti ilə müxtəlif dövrlərdə müdrikliyi və qəhrəmanlığı ilə seçilən Azərbaycan qadınlarının şərəfli ənənələrini yaşadaraq, zənginləşdirib, mədəniyyətin, incəsənətin, elmin bir sıra sahələrində ilklərə imza ataraq, sivil işgüzarlığı, intellektual potensialı ilə beynəlxalq ictimaiyyətdə böyük nüfuz qazanıb. Və bu gün bütün Azərbaycan xalqı inanır ki, masir Azərbaycan tarixinin banisi, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı, xalqımızın sevimlisi Mehriban xanım Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri bundan sonra da davam etdirməyə çalışacaq. Çünki Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, daxili və xarici siyasətin ən böyük dəstəkçisi və dövlət başçısının ən sadiq silahdaşıdır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctima Birliyin sədri