Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətlərimizin yüksək səviyyədə olmasının təqdimatıdır
Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Özbəkistandır. Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Xüsusilə də, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Belə ki, ötən ilin bu günlərində ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad edilmiş Füzulidə olarkən səsləndirdiyi fikirləri ilə birliyimizi, həmrəyliyimizi dünyaya təqdim etdi. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, xanımı Ziroatxon Mirziyoyevanın Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərində o da qeyd edildi ki, bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var.“Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq.”
Babamız Əmir Teymurdan başlayan münasibətlərimiz indi də çox yaxşıdır: “Qardaşımın Qələbəsindən sonra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi. Mən sizləri qayıdışınız və Qələbəniz münasibətilə təbrik edirəm. Sizlərin gələcək həyatınızın firavanlığı üçün qardaşım İlham Heydər oğlu Azərbaycanın dünya birliyində ildən-ilə nüfuzunu artırır. Görülən işlər gözəl nümunədir və biz bu xəbərləri eşitməkdən, bu möhtəşəm işləri görməkdən ancaq xoşbəxtik.”
Məhz Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə səfəri bu birliyin, həmrəyliyin təsəssümüdür. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Azərbaycanla Özbəkistan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətləri günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir.
AZƏRBAYCAN-ÖZBƏKİSTAN ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA DÖVLƏT BAŞÇILARININ QARŞILIQLI SƏFƏRLƏRİ...
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Bir sözlə, Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin inkişafına böyük önəm verir.
Ən əsası isə, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyən ölkələrdən oldu. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss etdi. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində unudulmaz hadisələrdir. Bir sözlə, hər iki dövlət rəhbərlərinin səfərləri strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini göstərir.
Eyni zamanda, Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Sammitində və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 1997-ci il iyunun 18-19-da ulu öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər içərisində "Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə" böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb.
Bəli, bu gün eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələr daha da möhkəmlənib. Belə ki, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir.
Eyni zamanda, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub.
Ötən il martın 31-də Türk Dövlətləri Təşkilatının (həmin vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı) videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı “Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası” münasibətilə təbrik edib.
2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib.
Beləliklə, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İilham Əliyev cənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.
Dövlət başçımızın dediyi kimi: «Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq».
RƏFİQƏ KAMALQIZI