PDF Oxu

Siyasət

  • 1 790

Qalib ölkənin müdrik Lideri! ŞƏRH

Qalib ölkənin müdrik Lideri! ŞƏRH

Azərbaycan dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur.

Ölkəmizdə seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün zəngin qanunvericilik bazası, beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi, həmçinin əlverişli demokratik mühiti də mövcuddur. İndiyə qədər keçirilən seçkilər də bunu təsdiqləyir. Beynəlxalq müşahidəçilər də yekun rəylərində təsdiqləyiblər ki, seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilir. Ən əsası isə seçkilər demokratik əsaslarla təşkil edilir. Məlumdur ki, cari ilin sentyabrın 1-də ölkəmizdə növbəti növbədənkənan parlament seçkiləri keçiriləcəkdir.

Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın "SWG SPA" şirkəti Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı yerli respondentlər arasında iyulun 15-dən avqustun 15-dək təşkil etdiyi seçkiöncəsi sorğuya dair hesabatını açıqlayıb.

Şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu "face-to-face" (üzbəüz) üsulu ilə aparılıb. Anketdə respondentlərə ünvanlanan suallar və onların cavabları qeyd olunub. Sorğu iştirakçıları sorğunun anonimliyi, cavabların isə məxfiliyinin qorunması barədə əvvəlcədən məlumatlandırılıb. Bildirilib ki, sorğu 119 seçki dairəsinin 952 məntəqəsində aparılıb. Seçkidə iştirakla bağlı suala respondentlərin 57 faizi müsbət cavab verib. 27 faiz insan isə səsvermədə çox güman iştirak edəcəyini bildirib. Qeyd edək ki, 1981-ci ildə İtaliyanın Triest şəhərində təsis olunan SWG SPA şirkəti ictimai rəy, institusional, sənaye araşdırması və müşahidəsi aparır, siyasi və ictimai tendensiya və dinamikaları təhlil və inteqrasiya edərək, hesabatlar hazırlayır. Şirkət İtaliyada CATI metodunu tətbiq edən ilk tədqiqat institutu olub

XALQ-PREZİDENT BİRLİYİ, HƏMRƏYLİYİ SARSILMAZDIR

Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Dövlət başçısının verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yerinə yetirilib. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrildi.

Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər seçkisindəki Qələbədən sonra ölkənin ictimai-siyasi, sosial-mədəni həyatı üçün yeni hədəflər müəyyənləşdirilib. Cənab İlham Əliyev Zəfər seçkisində 92,12 faiz səslə yenidən prezident seçkilərində qalib gəldi. Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə verilən hər bir vəd, qarşıya qoyulan vəzifələr yerinə yetirilib. Ötən dövr Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlət kimi öz imicini təsdiqləmişdir. Dövlət siyasətinin müasir modelini yaradan Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik məharəti, milli maraqlara əsaslanan daxili və xarici siyasəti bütün sferalarda yüksək nailiyyətlərlə müşahidə olunur. "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi" – deyə Prezident çıxışlarının birində diqqətə çəkib.

"ƏLDƏ EDİLMİŞ BÜTÜN NAİLİYYƏTLƏRİN MƏNBƏYİ AZƏRBAYCAN XALQIDIR"

2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Ölkəmizin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləyib. Ötən illər ərzində Azərbaycan xalqının təhlükəsizlik və sabitlik şəraitində yaşaması, uğurlu inkişafı hər bir Azərbaycan vətandaşında məmnunluq yaradır. "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik" – deyən Prezident diqqətə çatdırıb ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi.

Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Önəmli vəzifələrdən biri olan Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi olduğunu bildirən Cənab Prezident görülən işlərin sürətlə aparılmasını tarixdə görünməmiş bir hadisə olduğunu bildirib: "Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq".

SAĞLAM MALİYYƏ SİSTEMİMİZİN GÖSTƏRİCİLƏRİ

Zəfərdən dörd ilə yaxın bir zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. "2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır", - deyə Prezident bildirib.

REGİONLARDA 1,8 MİLYONDAN ÇOX YENİ İŞ YERİ VƏ 52 MİNDƏN ARTIQ YENİ MÜƏSSİSƏ YARADILIB

Azərbaycan dünyada güclü və nüfuzlu dövlət və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkə həyatının bütün sahələrində verilən vədlər hamısı yerinə yetirilmiş və sosial problemləri həll edilmişdir. Həyata keçirilən iqtisadi siyasətin əsasən, sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. Dövlət proqramları üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Statistik rəqəmlərə əsasən. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Bütün bu və ya digər göstəricilər və statistik rəqəmlər deməyə əsas verir ki. Azərbaycan böyük bir inkişaf yolu keçərək nufuzunu yüksəltməyə nail olub. Bu göstəricilər insanların rahatlıq və firavanlığını yüksəldib.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb.

Azərbaycanın inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olması bu uğurlara söykənir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər