“44 günlük müharibədə erməni işğalçılarına qarşı ölüm-dirim savaşına qalxan Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirərək Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdən müvəqqəti olaraq kənarda qaldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı”. Bunu açıqlamasında VI çağırış Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu gün Laçın böyük bir tikinti meydançasını xatırladır: “Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin tikintisi aparılır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib. Həmin ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Bu günə kimi Laçın şəhəri 552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Qzanılan zəfərdən keçən dörd ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir”.