XX əsrin 80-90-cı illərində ölkədə baş verən siyasi hadisələr və daxili çaxnaşmalar Qarabağ torpaqlarının 20 faizinin işğalı ilə nəticələnir. Erməni lobbisinin Azərbaycanın tarixi torpaqlarına göz dikməsi, əsassız olaraq həmin ərazilərə yiyələnmək istəyi və ölkə daxilindəki xaos düşmənin qələbəsinə şərait yaradır. Azərbaycanın daxilində baş verən proseslər Qarabağda əhalinin köməksiz qalması və torpaqların ermənilər tərəfindən işğalı ilə nəticələnir, Erməni separatçıları və rus bolşevikləri birləşərək qısa zamanda Xocalı, Xankəndi, Şuşa Laçın, Qubadlı, Ağdərə, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan kimi rayonları işğal edirlər. Ermənilər Şuşa rayonunun Tursşu ərazisindən və
Ermənistan istiqamətindən hücuma keçərək Laçın rayonunu da işğal edirlər. 2020-ci il sentyabr ayının 27-də ali baş komandan İlham Əliyevin əmri ilə Azərbaycanın müzəffər ordusu işğal edilmiş torpaqlarımızı düşmən tapdağından tamamilə azad edirlər. Bununla əlaqədar 2020-ci il noyabr ayının 10-da ölkə başçısı İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə kapitulyasiya bəyanatı imzalayır. Həmin bəyanata əsasən erməni işğalçıları Laçın və digər rayonları tamamilə boşaldırlar.
Laçın rayonunun xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş zamanı cənab prezident İlham Əliyev əsas diqqəti 28 illik işğal dövründə rayonun infrastrukturunun ermənilər tərəfindən məhv edilməsinə, Laçının meşə fondunun yararsız hala salınmasına, qanunsuz məskunlaşmalara və digər məqamlara yönəldir.
2022-ci il avqust ayının 26-da ölkə başçısı, cənab prezident İlham Əliyevin göstərişi ilə Laçın rayonunda yenidənqurma işlərinə başlanılıb. İlkin mərhələdə rayonda ermənilər tərəfindən dağıdılmış və talan edilmiş 500-ə qədər fərdi evlər yenidən inşa edilmiş, bütün sahələrdə yenidənqurma işləri həyata keçirilmişdir. Bundan başqa Laçın rayonunda çoxmərtəbəli binaların bərpası və yenidən qurulması da həyata keçirilmişdir. Rayonda təkcə bina və fərdi evlər deyil, eyni zamanda su, kanalizasiya və elektrik xətləri də yenidən təmin edilmişdir.
Cənab prezident İlham Əliyev Laçın rayonun Zabux və Sus kəndlərindəki yenidənqurma işlərinə də münasibətini bildirərək, təmir-bərpa işləri başa çatdıqdan sonra Zabuxa 1000, Sus kəndində isə təqribən 300-dən çox insanın məskunlaşacağını qeyd edib. Ölkə başçısı İlham Əliyev Laçın rayonunda hava limanının əsasını qoyduğunu və 2025-ci ilə kimi həmin limanın istifadəyə veriləcəyini, bundan başqa Laçını digər rayonlarla birləşdirən yolların bərbad vəziyyətdə olduğunu və qısa zamanda həmin yolların da təmin ediləcəyini bildirib.
Cənab prezident İlham Əliyev Laçının füsünkar təbiətə, meşələrə, dağ və çaylara malik olduğunu qeyd edərək, yenidənqurma işlərindən sonra rayonun əvvəlkindən daha gözəl və abad olduğunu vurğulayıb. Ölkə başçısı Laçın rayonunun bütün kənd və qəsəbələrində yenidənqurma işlərinin ardıcıl şəkildə həyata keçirildiyini, öz doğma yurdlarından qaçqın və
köçkün düşmüş əhalinin daha gözəl və müasir standartlara cavab verən mənzillərlə təmin edildiklərini qeyd edib.
Prezident İlham Əliyevin göstərişinə əsasən rayonda müasir tələblərə cavab verən yenidənqurma işləri həyata keçirilmiş, tarixi abidələr üzərində təmir-bərpa işləri peşəkar memar və mühəndislər tərəfindən icra edilmişdir. Ölkə başçısı rayonda yeni məscidlərin də yaxın zamanlarda inşa edilərək əhalinin istifadəsinə veriləcəyini öz çıxışı zamanı bildirmişdir.
İlham Əliyev çıxışı zamanı onu da qeyd edir ki, Laçın rayonu zəngin mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı kimi faydalı qazıntılarla zəngindir. Rayonun iqlimi orada heyvandarlıq və arıçılığın da inkişafına geniş şərait yaradır. Ölkə başçısı Laçın rayonunun zəngin mineral və maddi imkanlarını nəzərə alaraq rayonda qeyri- qanuni işlərin həyata keçirilməsinin qarşısının alındığını və ətraf mühitin hər zaman dövlət tərəfindən qorunduğunu söyləyir. Laçın rayonunda yenidənqurma işləri bu gün də davam etdirilir. Rayonda, eləcə də rayonun müxtəlif kənd və qəsəbələrində mühüm işlər həyata keçirilir. Yaxın gələcəkdə Laçın rayonunda yeni-yeni iş yerləri açılacaq, dövlət orqanları fəaliyyətə başlayacaq. Bundan başqa rayonda yaxın zamanlarda su elektrik stansiyaları da istifadəyə veriləcək.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində incəsənət Gimnaziyasının müəllimi