“4.5 milyon kvadrat kilometr ərazisi, 150 milyondan artıq əhalisi olan böyük türk dövlətləri birliyi coğrafiyasında mədəni əlaqələrin qurulması dövlətlərin daha da yaxınlaşması, əlaqələrin inkişaf etməsinə yol açır. Post müharibə dövründən etibarən Azərbaycan türk dövlətləri arasında birləşdirici həlqə kimi Türkiyə ilə birlikdə çalışır. Uzun müddət türk dövlətləri müxtəlif imperiyaların tərkibində oldu, dövlətləri biri-birindən ayırmağa çalışdılar, mədəni-mənəvi əlaqələri itirmək üçün əllərindən gələni etdilər. Hətta bir sıra süni konflikt və nifaq toxumları da səpməyə cəhd göstərdilər. Ancaq ikinci Qarabağ savaşından sonra Azərbaycanın yaratdığı yeni reallıq fonunda artıq bölgədə, Mərkəzi Asiyada eləcə də Cənubi Qafqaz regionunda yeni konfiqurasiya yarandı”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, Azərbaycanın təşəbbüsü ilə sözügedən məsələdə xeyli yol qət edilib: “Əsası böyük siyasi xadimlər tərəfindən qoyulan Türk Dövlətləri Birliyi ideyası bu gün bütün sahələrdə öz ifadəsini göstərir. Elə Özbəkistan-Azərbaycan, Qazaxıstan-Azərbaycan, Türkiyə-Azərbaycan və digər Türk Dövlətləri Birliyinə daxil olan dövlətlər arasındakı əlaqələr formalaşmaqda olan birliyin daha da möhkəmlənməsinə xidmət edir. Onların tarixi, əzəli yaddaşının bərpasına və yeni formalaşmaqda olan Türk Dövlətləri Birliyinin daha güclü beynəlxalq təşkilata çevrilməsinə xidmət edir. Mədəniyyət, incəsənət və digər sahələrdə də əlaqələrin inkişafı davam edir. Bununla da artıq beynəlxalq münasibətlər sistemində güclü təsir imkanlarına malik olan yeni bir birlik formalaşır.Dövlətlər arasındakı mədəni bağlar dərinləşdikcə birlik daha da möhkəmlənəcək. Bütün sahələrdə düşüncələrimiz, dilimizi daha da yaxınlaşdırmalıyıq. Türk Dövlətləri Birliyinə daxil olan dövlətlərin vahid türk dili formatı tapmaları daha yaxşı olar. Mədəni əlaqələr genişləndikcə isə türk dövlətləri arasındakı yaxınlıq daha da dərinləşəcək. Beləliklə tarixən mövcud olan əlaqələr bərpa olunacaq, həm də mədəni əlaqələrin inkişafı türk dövlətlərini daha da gücləndirəcək”.
Müəllif: Səbinə Hüseynli