""Teleqram" sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun Fransada həbsi dünyada söz azadlığı və insan haqlarına çox böyük zərbədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.Sahil Kərimli sözlərinə belə davam edib: "İlk öncə biz burada dünyaya demokratiya dərsi keçən Qərbin və Avropa İttifaqı dairələrinin ikiüzlü və riyakar ikili standartlar siyasətinin şahidi oluruq. Eyni zamanda da bugün dünyaya demokratiya dərsi keçən, demokratiyadan və insan haqlarından, söz azadlığından danışan və bunu bir vasitə kimi digər dövlətlərə təzyiq vasitəsi kimi istifadə edən ölkələrin bu məsələyə biganə qalması Amerika Birləşmiş Ştatlarının dövlət departamentinin, Avropa insan haqları institutlarının, beynəlxalq siyasi dairələrin bu məsələyə göz yumması və səssiz davranması təbiidir ki bir daha həmin dairələrin iç üzünü ortaya qoyur.Əlbəttə ki "Teleqram"da müəyyən problemlər var, Durovun həbsi hüquqi baxımdan müəyyən qədər birmənalı qarşılanmır. Amma biz onu deyə bilərik ki, burada söhbət konkret olaraq insan haqları və söz azadlığından gedir. Əgər digər beynəlxalq sosial şəbəkələrin "Facebook"un, "İnstagram"ın və yaxud da digər "Tik-Tok"un rəhbərləri, rəsmi şəxsləri həbs olunsaydı görəsən Amerika Birləşmiş Ştatlarının dövlət departamenti və Avropa İttifaqına daxil olan ölkələrin siyasi dairələri bu məsələyə də belə biganə yanaşacaqdırlarmı? Xeyr, təbii ki yox. Çünki konkret olaraq bu cür məsələlərdə dünyaya dərs keçmək, bununla hegemonluq etmək istəyən söz azadlığı müdafiəçiləri dırnaqarası təbiidir ki bu məsələlərə biganə qalmayacaq. Amma konkret olaraq söhbət "Teleqram"dan və onun yaradıcısı Durovdan gedir. Məsələlər aydındır və biz bir daha bütün dünyanın gözü qarşısında söz azadlığının, insan haqlarının necə aşınmaya məruz qalmasının şahidi oluruq".
Ayşən Vəli