PDF Oxu

Siyasət

  • 2 220

Azərbaycan minalardan əziyyət çəkən ölkədır TƏHLİL

Azərbaycan minalardan əziyyət çəkən ölkədır TƏHLİL

Zəfər qazanmış və yeni reallıqlar yaratmış Azərbaycan mina terrorundan əziyyət çəkir. "Bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir.

Azərbaycan işğaldan azad olmuş ərazilərdə mina xəritələri üçün Ermənistana müraciətlər etsə də, Ermənistan rəsmiləri əvvəlcə bu cür xəritələrin mövcudluğunu inkar edib. Ermənistanın sonradan verdiyi xəritələrin Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yalnız 5 faizini əhatə etdiyi və onların yalnız 25 faiz dəqiq olduğu müəyyən edilib. Lakin Ermənistan əlində olan bütün xəritələri verdiyini iddia edir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı Zəfər bütün dünyaya yayıldı və ölkəmizin qısa bir zamandakı hərbi əməliyyatı, taktikası dünya ölkələri tərəfindən böyük maraqla qarşılandı.

"ÖLKƏ ƏRAZİSİNİN TƏXMİNƏN 12 FAİZİ İLKİN QİYMƏTLƏNDİRMƏLƏRƏ GÖRƏ 1,5 MİLYON MİNA VƏ NAMƏLUM SAYDA PARTLAMAMIŞ HƏRBİ SURSATLARLA ÇİRKLƏNDİRİLİB"

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan "iti qovan kimi" qovaraq məğlub etməsi 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Azərbaycan Prezidentinin bildirdiyi kim, Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır, "Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib".

Artıq Azərbaycan işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə başlayıb. Həyata keçirilən layihələr bu ərazilərin dirçəlməsinə səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrini birində bildirdiyi kimi, "Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır".

Təbii ki, qısa bir zaman məsafəsində bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. Belə ki, erməni təcavüzkarları işğal altında olan ərazilərimizi darmadağın edərək xarabazarlıqlara çeviriblər. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq yerinə düşər. "Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb", - deyən Prezident qeyd edib ki, dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır: "Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə". Bəli, belə bir vəziyyətdə olan torpaqlarımıza qovuşduq.

VƏTƏNDAŞLARIMIZIN HƏYAT VƏ SAĞLAMLIQLARI ÜÇÜN CİDDİ TƏHLÜKƏ MƏNBƏYİ

Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur. Bir sıra magistral avtomobil yolları, dini-tarixi abidələr, infrastruktur layihələri icra olunub və bu davamlı həyata keçirilir. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır.

Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Ermənistanın basdırdığı minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafa mane olur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir. Əlbəttə ki, bu xəritələri verilməsi işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrini tez bir zamanda reallaşmasına səbəb olar.

Azərbaycan minadan əziyyət çəkən bir dövlətdir. Azərbaycan Ermənistan tərəfindən ərazilərimizin 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verib. Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib. Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub. İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.

İşğaldan azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir. Onu da qeyd edək ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə Azərbaycan tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlanıb.

MİNALARIN TƏMİZLƏNMƏSİ PROSESİNDƏ ƏN BÖYÜK ÇƏTİNLİKLƏRDƏN BİRİ XƏRCLƏRDİR

Azərbaycan Prezidentinin bildirdiyi kimi, Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. "Bildiyiniz kimi, keçən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmişdir və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində tərəfimizdən davamlı iş aparılır. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb".

Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür. Xatırladaq ki, ötən ilin mayın 25-də Ağdamda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilmişdi. Keçirilən konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaratmaqda əhəmiyyətlidir. Konfransda 51 ölkəni təmsil edən 160-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak ediblər. Ağdamda keçirilən konfransda münaqişədən zərər çəkmiş bölgələrdə infrastrukturun təhlükəsiz bərpası, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması, regionda davamlı sülhün bərqərar olması, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyəti və Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa bağlılığı ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə reallaşan konfransın əsas məqsədi ölkəmizin üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır. Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli və qlobal Dayanıqlı İnkişaf Məqsədinin təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdaşlıq və dəstəyin gücləndirilməsini hədəfləmiş oldu.

Minaların təmizlənməsi prosesində ən böyük çətinliklərdən biri xərclərdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, minanın istehsalının ucuz (3-75 dollar) olmasına baxmayaraq, bir minanın çıxarılmasının dəyəri 300 dollardan 1000 dollara qədər dəyişir.

Ermənistan minalanmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər