PDF Oxu

Siyasət

  • 3 187

Orta dəhliz üzərindəki mövqelərin gücləndirilməsində QARŞILIQLI MARAQLAR - TƏHLİL

Orta dəhliz üzərindəki mövqelərin gücləndirilməsində QARŞILIQLI MARAQLAR - TƏHLİL

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə həmin ölkədə iltifatlı münasibətin ali dərəcədə olması, şəhərin bütün küçə və prospektlərinın məhz Özbəkistanın və Azərbaycanın milli bayraqları ilə bəzədilməsi, prospektlərdəki elektron tablolarda hər iki ölkə liderlərinin, Şavkat Mirziyoyevlə İlham Əliyevin qoşa şəkillərinin olması əlbəttə ki, diqqətdən yayına bilməz və heç bütün dünya ictimaiyyətinin diqqətindən də yayınmadı. Ölkələrimiz, eləcə də ölkə rəhbərlərimiz arasında qarşılıqlı münasibətlərin ən yüksək səviyyədə olduğuna bütün dünya bir daha əmin oldu. Sözsüz ki, belə yüksək dərəcədə olan münasibətlər ilk növbədə, Azərbaycan-Özbəkistan dostluğundan, ölkələrimiz arasındakı etibarlı əlaqələrin, eləcə də əməkdaşlıqların, hətta müttəfiqliyin, həmçinin qardaşlıq münasibətlərinin gələcək perspektivindən xəbər verir.

İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular

Son iki ildə dövlət başçımızın Özbəkistanda beş dəfə səfərdə olması ölkələrimiz arasındakı yüksək səviyyədə olan etibarlı münasibətlərin, dostluğun, qardaşlığın, müttəfiqliyin təsdiqidir. İki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə də məhz iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. "Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək", deyə bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənədi imzalamaqla iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada lider dövlət olmasını nəzərə alsaq, cəsarətlə deyə bilərik ki, güclərin birləşdirilməsinin nəticəsində bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Təbii ki, bu vahid geosiyasi regionda da bütün müsbət proseslərin Azərbaycanla Özbəkistan arasında səmərəli əməkdaşlıqdan asılı olduğu zərrə qədər də şübhə doğurmur.

İki qardaş ölkənin müttəfiqliyindən və Prezidentlərin dosluq münasibətlərindən daha etibarlı uğur zəmanəti ola bilməz

Özbək xalqının hər zaman Azərbaycan xalqına qardaş dəstəyi verdiyinin dəfələrlə şahidi olmuşuq. Unutmaq olmaz ki, özbək xalqı istər ərazilərimizin işğalda saxlanıldığı dövrdə, istərsə də İkinci Qarabağ müharibəsi zamanında xalqımıza dəstək verib. Ərazilərimizin 30 illik işğalı zamanı Özbəkistanın Ermənistanla diplomatik münasibətlərinin olmaması, həmin illər ərzində qardaş ölkənin Ermənistanda səfirlik açmaması, eləcə də Ermənistanın da Daşkənddə səfilelik açmasına icazə verilməməsi özü bu dəstəyin isbatıdır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, işğaldan azad olunmuş ərazilərimizin bərpasında kömək edən ilk ölkə məhz Özbəkistan olub. Məhz Özbəkistanın sərmayəsi ilə Xankləndində tikiş fabrikinin tikintisi, ərazilərimizin bərpasına kömək olmaqla yanaşı, minə qədər yeni iş yerinin açılması deməkdir. Ötən il avqustun 23-də işğaldan azad edilən Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və iki qardaş ölkə arasında münasibətlərin rəmzi kimi diqqəti cəlb edən, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı deyilənləri təsdiq edir və qardaş ölkənin məhz ərazilərimizin bərpasında iştirakının bariz nümunəsi sayılır.

Daşkənddə keçirilən biznes-forumda 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslərin olması gələcəyə nikbin baxmaq üçün əsas verir. Çünki həmin təşəbbüslərin məhz əməkdaşlıq əlaqələrini daha da zəngin edəcəyi zərrə qədər də şübhə doğurmur. Hətta onu deməyə əsas verir ki, irəliyə baxmaq üçün, inkişafa əmin olmaq üçün kifayət qədər imkan, şərait və zəmin vardır. "İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktur heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir", deyə bəyan edən dövlət başçımız cənab İlham Əliyev biznes strukturlarının siyasi konyunkturaya çox həssas reaksiya verdiyini də diqqətə çatdırıb. Həqiqətən də hər iki ölkənin biznesmenləri üçün iki qardaş ölkə, Azərbaycan və Özbəkistan arasındakı yüksək səviyyədə olan münasibətlərdən, müttəfiqlikdən, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi dostluğundan daha etibarlı uğur zəmanəti ola bilməz.

Strateji tərəfdaşlıq ABŞ və Çin-Rusiya cəbhəsinə qarşı daha güclü mövqe sərgiləmək, bu cəbhələri əməkdaşlığa sövq etmək baxımından əvəzsizdir

Sözsüz ki, dövlət başçımızın qardaş ölkəyə səfəri heç də təsadüfi sayıla bilməz və xüsusi əhəmiyyət kəsb etdiyi də zərrə qədər şübhə doğurmur. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı və dərin inteqrasiyanı genişləndirməklə yanaşı, geosiyasi proseslər və bu proseslərin regiona təsirlərindən, xüsusilə nəqliyyat dəhlizlərindəki mübarizədən də qaynaqlanır. Nəzərdən qaçırmaq lazım deyil ki, ABŞ, eləcə də Çin-Rusiya cəbhəsinin Orta dəhlizə nəzarət uğrunda qarşıdurmasının kəskinləşdiyi bir dönəmdə dəhliz üzərindəki ölkələr çətin seçimlər qarşısındadırlar və rəsmi Bakının həyata keçirdiyi siyasət Orta dəhlizdə Azərbaycanın və marşrut üzərindəki ölkələrin strateji əməkdaşlığına nail olaraq, geosiyasi cəbhələrin təzyiqləri qarşısında mövqelərin güclənməsinə hesablanıb. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin strateji tərəfdaşlığı inkişaf etdirməsinin bir neçə istiqamətdə əhəmiyyətinin olduğu qəbul edilməkdədir. İlk öncə onu diqqətə çatdırmaq yerinə düşərdi ki, sözügedən həmin tərəfdaşlıq ABŞ və Çin-Rusiya cəbhəsinə qarşı daha güclü mövqe sərgiləmək, bu cəbhələri əməkdaşlığa sövq etmək baxımından əvəzsizdir. Unutmaq lazım deyil ki, bu tərəfdaşlıq həm təzyiq dalğasını zəiflədəcək, həm də bu marşrut üzərindəki ölkələrin dəstəyini qazanmaq uğrunda rəqabəti daha da artıracaq. Məhz elə bu səbəbdən də əbəs yerə deyil ki, Orta dəhliz üzərində iki önəmli oyunçu olan Azərbaycan və Özbəkistan bir-birini qarşılıqlı tranzit ölkə olaraq görürlər. Çünki, heç kim üçün sirr deyil ki, Özbəkistan Azərbaycan vasitəsilə Avropaya çıxışı təmin etmək istəyir, Azərbaycan isə Özbəkistan vasitəsilə Çin və Cənubi Asiya bazarına çıxış əldə edir. Bəli, Özbəkistan malları dəniz yolu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir və buradan bazara çıxarılır. Diqqətə çatdıraq ki, təkcə cari il ərzində Özbəkistandan 1 milyon tondan çox yükün Azərbaycan vasitəsilə daşınacağı proqnozlaşdırılır. Hətta tərəflər yükdaşıma qabiliyyətini ildə 5 milyon tona çatdırmağı planlaşdırırlar və Özbəkistanın bu məqsədlə Bakı limanında anbar da inşa etmək niyyətində olması bu baxımdan heç də təsadüfi sayılmır. Azərbaycan tərəfi də öz növbəsində Özbəkistan vasitəsilə Çin və Cənubi Asiya bazarına çıxış məqsədi ilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzadılmasını planlaşdırır. Bu isə onu deməyə əsas verir ki, iki qardaş ölkənin qarşılıqlı maraqları var və bu maraqlar da Azərbaycan və Özbəkistanın Orta dəhliz üzərindəki mövqelərinin gücləndirilməsinə əsas verir.

Digər xəbərlər