“Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin həyatında əlamətdar hadisədir. Hər kəsi bu vacib prosesdə iştirak etməyə, seçki günü səsvermədə iştirak etməyə çağırıram. Hesab edirəm ki, hazırda yeni parlamentarilər qarşısında ən ümdə vəzifələrdən biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində maddi mədəni irsin bərpası, qorunmasına və inkişafına xüsusi diqqət yetirməkdir”.Bu fikirləri“Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Liana Vəzirova deyib.Onun sözlərinə görə, bu gün qarşıda duran məsələ təkcə mədəniyyət müəssisələrini dirçəltmək deyil, həm də onları Azərbaycanın zəngin irsini beynəlxalq arenada təmsil etməyə qadir olan müasir mədəniyyət və təhsil mərkəzlərinə çevirməkdir: “Məhz buna görə bu işə elmi tədqiqatların dəstəklənməsi və eksponatların bərpasından tutmuş beynəlxalq standartlara cavab verən yeni muzey məkanlarının yaradılmasına qədər kompleks yanaşma tələb olunur.Əminəm ki, yeni parlamentin fəaliyyəti muzeylərin simasında ölkəmizdə fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrinə yeni nəfəs gətirəcək, nəticədə mədəni dəyərlərimizin layiqincə qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün hər cür şərait yaradılacaq”, - deyə Liana Vəzirova qeyd edib.