Artıq bir neçə gündür ki, bütün Türkiyə çoxsaylı yanğın ocaqları ilə mübarizə aparır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında yenidən baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Təyyarə yenidən mavi səmaları yara-yara böyük əzmlə “Yaşıl Vətən”in keşiyinə qalxıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib. Ölkə başçısı bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb. "Bir millət, iki dövlət anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın Prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə "BE-200ÇS" tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik", - deyə o vurğulayıb.
ƏBƏDİ VƏ ƏZƏLİ BİRLİK NÜMUNƏSİ: AZƏRBAYCAN-TÜRKİYƏ YENƏ DƏ BİR YERDƏDİR
Dahi şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” şüarı həm də dövlət siyasətinə çevrildi və Azərbaycanın istiqlala qovuşması ilə iki qardaş ölkə arasındakı mənəvi tellər siyasi, iqtisadi müttəfiqliklə elə bir səviyyədə möhkəmləndi ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” kimi dahiyanə kəlamı yüzillik birliyi ifadə edən əbədi möhür oldu. Və bu gün tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da Azərbaycan və Türkiyə daim bir yerdədir.
Bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu, sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri hər zaman nümayiş etdirərək dünya mesajlarını ünvanlayaraq bu dostluq və qardaşlıq beynəlxalq səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu, bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.
«AZƏRBAYCAN VƏ TÜRKİYƏ HƏR ZAMAN BİR-BİRİNİN YANINDADIR»
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin fevralın 6-da baş verən zəlzələ zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib və həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: «Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!».
BÜTÜN ÇƏTİNLİKLƏRƏ QARŞI DA DAİM ÇİYİN-ÇİYİNƏ MÜBARİZƏ APARARAQ BİRLİKLƏRİNİN GÜCÜNDƏN DOĞAN QARDAŞLIQ BİRLİYİ
Bir millət, iki dövlət...Dünyada olmayan sarsılmaz, əbədi, bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə...Xalqlarımız ağrı-acılarını da, xoş günlərini də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə sevinirlər. Və elə bütün çətinliklərə qarşı da daim çiyin-çiyinə mübarizə apararaq birliklərinin gücündən doğan əzmlə qalib gəlirlər...
Belə ki, Prezident İlham Əliyev Türkiyədə baş verən yanğın zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu söyləyib. Məktubda dövlətimizin başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbərin bizi son dərəcə kədərləndirdiyini bildirib: «Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir. Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm».
Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək Türkiyə xalqının kədərinə şərik oluğunu, kədərləri bizim də kədərimizdir yazmışdır.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-dan Türkiyədədir. FHN-in ikinci qrupu da artıq Türkiyədə təyinat məntəqəsinə çatıb. Bu qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Qrupun üzvlərinin hamısı təcrübəli yanğınsöndürənlərdir. Onların hər biri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunub.Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da, ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb. Artıq üçüncü yanğınsöndürən təyyarəsi avqustun 5-də yola salınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər. Bütün bunlar bir daha Azərbaycanın Türkiyə ilə əsl qardaş, etibarlı dost olduğunu əyani şəkildə nümayiş etdirir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən növbəti yancın zəmanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.
BU BİRLİYİ İSƏ HEÇ BİR QÜVVƏ SINDIRA BİLMƏZ!
Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!
Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: «Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq».
RƏFİQƏ KAMALQIZI