Dünya xalqları arasında özünəməxsus yeri olan Azərbaycan bəşəri ideyaları, adət-ənənələri, maddi və mənəvi xəzinəsi ilə zəngin irsə sahibdir. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi dünyaya töhfəsini verir. Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Beləliklə, davamlı olaraq bu istiqamətdə tədbirlər reallaşdı.
Bərpaçılar qorunub saxlanmış köhnə eskizlər üzərində işləmişdilər. Məscidin arxitekturasında Şəkidəki Şəki xan sarayı və Gəncədəki Şah Abbas məscidində də istifadə edilmiş Azərbaycan texnologiyası - şəbəkə istifadə edilmişdir. 14 iyul 2008-ci ildə rekonstruksiyadan sonra məscidin açılış mərasimi baş tutdu. Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər. VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə verdiyi töhfələr də xüsusi əhəmiyyət kəsb edir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Gəncə İmamzadə kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.
Xüsusi olaraq vurğulayaq ki, paytaxtımızda Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinə, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin bariz nümunəsidir. Bu gün Yeni Günəşlidə daha müasir və geniş məscid kompleksinin olması məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsinə imkan verir. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub.
ÇOXKONFESSİYALI VƏ ÇOXMİLLƏTLİ AZƏRBAYCAN
Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir.
Bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, ölkəmizdə müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.
"ÖLKƏMİZDƏ SABİTLİYİN MƏNBƏYİ XALQIMIZIN İRADƏSİDİR, XALQIMIZIN SEÇİMİDİR"
Tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Bura yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri məkandır. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanları var və ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələri və sinaqoqların fəaliyyət göstərir. Çünki bu gün Azərbaycan dövləti çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq prinsipini əsas meyar götürüb. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Bu gün regionumuzda və dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmaların olması Azərbaycan kimi sülsevər bir dövləti narahat etməyə bilməz. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir"- deyən Azərbaycan Prezidenti İlham Əliyev müasir dövrümüzdə ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Dünyada baş verən böhranlardan və münaqişələrdən uzaq olmaq, birgə tədbirlərin görülməsinə nail olmaq, terrorizmə, münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün vətəndaşlıq prinsipləri, insan haqları, bərabərlik amillərini hər zaman diqqətdə saxlayan Azərbaycan terrorizm aktlarını törədənlərə, irqi və dini zəmində münaqişə yaradanlara qarşı barışmaz mövqeyini ortaya qoyur, islam dünyasının həmrəyliyinə töhfəsini verir. Azərbaycanda multikulturalizmin alternativi yoxdur. Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.
SÜLH VƏ DOSTLUQ MƏKANI
Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda son dərəcə həyati əhəmiyyət kəsb edir. Bu gün artıq ölkələr, xalqlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı bir zamanda əməkdaşlıq, mədəniyyətlərarası dialoq vacib məsələlər sırasındadır. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.
Ölkəmizdə yaşayan müxtəlif xalqlar öz dini-milli bayramlarını qeyd edirlər. Bildiyimiz kimi, hər il Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş-xa-Şana bayramını əmin-amanlıq şəraitində qeyd edirlər. Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə qəsəbə sakinləri sinaqoqa gedərək dualar oxuyur, ehtiyacı olanlara əl tutur, bayram süfrəsi arxasında toplaşaraq Tanrıdan günahlarının bağışlanmasını diləyirlər. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs "Yom Kipur" gününü qeyd edirlər. Roş-xa-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər təntənəli şəkildə keçirir. Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. "Qafqazın Yerusəlimi" adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Bu gün ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşaması fikirlərimizi əsaslandırır. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının siyasətidir.
Dövlətin din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Din sahəsindəki siyasət beynəlxalq hüququn prinsiplərinə və normalarına, dövlətimizin qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.
Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Dünyada baş verən böhranlardan və münaqişələrdən uzaq olmaq, birgə tədbirlərin görülməsinə nail olmaq, terrorizmə, münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün vətəndaşlıq prinsipləri, insan haqları, bərabərlik amillərini hər zaman diqqətdə saxlayan Azərbaycan terrorizm aktlarını törədənlərə, irqi və dini zəmində münaqişə yaradanlara qarşı barışmaz mövqeyini ortaya qoyur, islam dünyasının həmrəyliyinə töhfəsini verir. Azərbaycandakı mövcud vəziyyət onu deməyə əsas verir ki, ölkəmizdə multikulturalizmin alternativi yoxdur. Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.
Zümrüd BAYRAMOVA