PDF Oxu

Siyasət

  • 4 069

Gələcəyi quran TAMHÜQUQLU VƏ ÇOXVEKTORLU SİYASƏT - TƏHLİL

Gələcəyi quran TAMHÜQUQLU VƏ ÇOXVEKTORLU SİYASƏT - TƏHLİL

Azərbaycanın və Cənubi Qafqazın daha gözəl, daha parlaq gələcəyini qurmaq üçün təkcə erməni millətçiləri tərəfindən ələ keçirilən, daha doğrusu, bir vaxtlar işğal edilən ərazilərin azad edilməsi kifayət etmir. Xüsusən region daxilində, eləcə də qonşu ölkələrlə və regionlarla kommunikasiyaların, iqtisadi əlaqələrin bərpası da xüsusi ənəm daşıyır. Təbii ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin və həmin səfər zamanı qəbul edilən qərarların məhz qeyd olunan daha gözəl və daha parlaq gələcək üçün böyük rol oynayacağına ümidlər böyükdür. Çünki Moskvanın siyasətində dönüş kimi nəzərə çarpan bu hal bundan əvvələ qədərki Kremlin, eləcə də Qorbaçovun erməni ekspansionizmini dəstəkləmək irsini pozduğunu əyani şəkildə təsdiq edir. Bu isə heç də təsadüfi deyil və hadisələrin gedişi təsdiq edir ki, Azərbaycan gələcəyi quran tamhüquqlu çoxvektorlu xarici siyasəti ilə uğurlar qazanmaqdadır.

Azərbaycanın yaratdığı yeni reallıqların fonunda ölkəmizlə münasibətlərin inkişafına maraq özünü göstərdi

Rusiya lideri Putin bu dəfə ölkəmizə dövlət səfəri, rəsmi səfər ilə gəldi və onun budəfəki səfəri artıq Azərbaycanın yaratdığı yeni reallıqların ortaya çıxdığı dövrə təsadüf etdi. Ola bilsin ki, Rusiya-Ermənistan münasibətləri, daha dəqiq desək, bir vaxtlar Moskvanın İrəvana böyük dəstək göstərməsi xatırlandığı zaman Putinin ölkəmizə səfəri bir qədər fərqli qarşılana bilər. Sözsüz ki, rusların ermənilərə tərəfkeşliyi, hətta təəssübkeşliyi ilə əlaqədar ötən dövr ərzindəki məlum mövqeyi hələ də yaddaşlarda qala bilər, amma unutmaq lazım deyil ki, əvvəla, Rusiyadakı erməni diasporunun təsirini həmin dövrdə nəzərə almamaq mümkün deyildi. İstər-istəməz həmin təsirlərin təzahürü də ortada olmalı, hadisələrin gedişinə siraət etməli idi. Belə də olduğunu görürdük. Amma məsələ burasındadır ki, artıq Rusiya rəhbərliyi yeni geosiyasi reallıq fonunda bundan sonra Ermənistanla deyil, məhz Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirməkdədir.

Məhz Ermənistan mətbuatında qeyd olunanlardan da görünür ki, haylar özləri də bu həqiqətləri başa düşüblər və qıcıqlanmalarını da başa düşmək çətin deyil. Məhz Azərbaycan ərazilərini işğal etmək, zəbt etmək üçün cəhd edən erməni millətçiləri ilə döyüşlərdə həlak olanların dəfn olunduğu "Şəhidlər Xiyabanı"nı Vladimir Putinin ziyarət etməsi çox mətləblərə aydınlıq gətirdi və ələlxüsus da Azərbaycanın yaratdığı yeni reallıqların fonunda ölkəmizlə münasibətlərin inkişafına maraqlar özünü göstərdi. Belə bəlli oldu ki, hansısa məlum bir dövrə qədər, daha doğrusu, yeni reallıqların ölkəmiz tərəfindən yaradıldığı dövrə qədər ermənilərə dəstək göstərən Rusiya artıq qəti şəkildə belə bir niyyətdə görünmür və Azərbaycanla əlaqələrə, münasibətlərə üstünlük verir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın tamhüquqlu və çoxvektorlu siyasəti özünün uğurlu nəticələrini verməkdədir. Ələlxüsus, bu məqam ondan xəbər verir ki, rəsmi Bakı doğru, düzgün siyasət yürüdür və ölkəmizin, ölkə rəhbərimizin apardığı siyasət, məhz gələcəyi quran tamhüquqlu, çoxvektorlu siyasət öz məntiqi nəticələrini verməkdə, böyük dönüş yaratmaqda və döyüş meydanında olduğu kimi, eləcə də diplomatik qələbələrimizin, uğurlarımızın da davamlı olmasını təmin etməkdədir.

Cənubi Qafqazın, Xəzər regionunun və digərlərinin qarşılıqlı maraqları naminə qonşu ölkələrlə konstruktiv qarşılıqlı əlaqə artırılır

Doğrudur, Rusiya lideri Putinin Bakıda olduğu müddətdə imzalanmış sənədlərin rəsmi siyahısında enerji sektoruna dair sazişlər yer almayıb. Amma diqqətə çatdıraq ki, danışıqlar zamanı bu məsələlər müxtəlif formatlarda ciddi şəkildə müzakirə olunub. "Söhbət "Şimal-Cənub" layihəsindən, sentyabrda SOCAR və "Qazprom"un hərtərəfli elmi-texniki əməkdaşlıq proqramının imzalanmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub", deyə "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerin dedikləri təsdir edir ki, həqiqətən də enerji sektoruna dair müxtəlif formatlarda ciddi şəkildə müzakirələr edilib. Onu da nəzərə çatdıraq ki, səfərin lap əvvəlində Rusiya baş nazirinin müavini Aleksandr Novak Xəzər şelfində yeni layihəyə baxılmasından danışıb. Xatırlatmaq yerinə düşərdi ki, hazırda Rusiyanın LUKOIL şirkəti Şahdəniz layihəsində 19,99 faiz paya malikdir. Hətta Rusiya mənbələri də belə Kremlin Azərbaycanın qaz nəqli sisteminə çıxışda maraqlı olmasından danışırlar. Deməli, enerji sektorunda belə maraqların olması danılmazdır.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Rospotrebnadzor arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişi də vurğulamaq yerinə düşərdi. Əslində, belə bir Saziş Azərbaycanın Rusiyaya kənd təsərrüfatı və ərzaq məhsulları ixracının genişlənməsinə əsaslı zəmin deməkdir. Həmçinin Türkiyə və bəzi digər ölkələrdən analoji ixracatlar Ermənistandan eyni ixrac məhsullarına təbii alternativ hesab olunur. Belə görünür ki, Rusiya şirkətləri artıq erməni mallarına alternativ axtarırlar. Bu isə, təkcə Azərbaycanın Rusiya bazarında mövqeyinin gücləndirilməsi deyil, həm də erməni baş nazir Paşinyan üçün ciddi problem deməkdir. Çünki, çətin ki, bu cür malları Ermənistan Qərb bazarlarına yönləndirə bilsin. Ələlxüsus da AB-nin kənd təsərrüfatı məhsullarının bazarlarına girişin ciddi şəkildə tənzimlənməsi və bazarların özlərinin çoxdan bölünməsini nəzərə aldıqda bunun nə qədər çətin, ümumiyyətlə mümkünsüz olduğu ortaya çıxır. Bu isə o deməkdir ki, Ermənistanın uzun müddətdə vəziyyəti pisləşməyə davam edəcək və pulu da getdikcə daha da azalacaq. Üstəlik, hadisələrin gedişi göstərir ki, ermənilər çox tez bir zamanda özlərinin əsas Rusiya bazarını da itirə bilərlər. Bəli, hələlik Ermənistanın Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin statistikası çiçəklənmə illüziyası yaradır, amma bu heç də gələcək reallığı əks etdirmir. Qərbə yön almaq, üz tutmaq barədə yüksək səslə danışan və şəxsən Rusiya prezidentini hədələyən İrəvan anti-Rusiya sanksiyaları üzərində biznes qurmaqda davam edirsə, deməli, yaxın zamanda bunun acı nəticələri ilə qarşılaşmalı olacaq. Ən azından ermənilər üçün heç də nikbin proqnozlar vəd edilmir. Amma özünün çoxvektorlu siyasəti ilə Azərbaycanın isə gələcəyə tamamilə nikbin proqnozları var. Çünki artımlar da göz önündədir. Müqayisə üçün diqqətə çatdıraq ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 5%-dən çox artaraq 2,5 milyard dollar təşkil edib. Bəli, statistik göstərəcilərə nəzərə saldıqda bunun Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsindən az olduğu görünə bilər, amma nəzərə almaq lazımdır ki, bu, real sabit ticarət dövriyyəsidir. Rusiya ilə Ermənistan arasında olan ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilər isə çox sürətli şəkildə şişirdilməkdə olan rəqəmlərdir, sabun köpüyüdür, hansıki bu şişirdilmiş sabun köpüyü hər an partlamağa hazırdır. Ona görə ölkəmizin ticarət dövriyyəsi sabitdir ki, Azərbaycan Ermənistandan fərqli olaraq, fövqəldövlətlərin oyunana alət olmur və Cənubi Qafqazın, Xəzər regionunun və digərlərinin qarşılıqlı maraqları naminə qonşu ölkələrlə konstruktiv qarşılıqlı əlaqəni artırır. Daha dəqiq desək, Azərbaycan özünün tamhüquqlu və çoxvektorlu siyasəti ilə uğurlar əldə edir və təkcə özünün deyil, bütövlükdə regionun gələcəyini qurur.

Azərbaycanın apardığı tamhüquqlu və çoxvektorlu siyasət başqaları üçün bir örnək, bir nümunədir

Əlbəttə ki, bəzi erməni revanşistlərinin Azərbaycan-Rusiya münasibətlərini yalnış müstəvidə təqdim etmək cəhdləri var və bu əsassızdır. Sözsüz ki, ermənilərin belə cəhdləri qısqanclıqdan, paxıllıqdan irəli gəlir. Məsələ burasındadır ki, müasir dünya siyasətində bir dövlətin həqiqətən suveren kursunun olması, onun xüsusən də özünü müdafiə etmək iqtidarında olması hər zaman dünya oyunçularını buna daha ciddi yanaşmağa məcbur etdiyini haylar hələ də başa düşə bilməyiblər. Başa düşə bilməyiblər ki, işğalçılıq siyasəti ilə heç nəyə nail ola bilməzlər. Dərk edə bilmirlər ki, nəyə isə nail olmaq, uğur qazanmaq, əlaqələri, münasibətləri qurmaq və yaxşılaşdırmaq üçün doğru və düzgün siyasət aparmaq gərəkir. Haylar heç olmasa Azərbaycanın tamhüquqlu çoxvektorlu siyasət apardığını belə müşahidə edib başa düşə bilməli idilər ki, gələcəyi qurmaq üçün belə bir siyasət aparmaqda rəsmi Bakı onlardan fərqli olaraq, doğru istiqamətdə, doğru yoldadır. Ümumiyyətlə, Azərbaycanın apardığı tamhüquqlu və çoxvektorlu siyasət başqaları üçün, xüsusən də Ermənistan üçün bir örnək, bir nümunə sayılmalıdır.

İndi Ermənistan tərəfi mənasız səylərinin boşa çıxdığını da olsa görüb doğru qərar qəbul etməlidir. Doğru və düzgün siyasət aparması sayəsində Azərbaycanın bütün dost ölkələrlə əməkdaşlıq etdiyini də rəsmi İrəvan, eləcə də erməni cəmiyyəti nəzərə almalı və necə deyərlər, məkrli siyasəti kənara qoyaraq, daşı ətəyindən tökməlidir. Haylar başa düşməlidirlər ki, ən doğru yol hansısa ölkənin, hansısa qüvvənin marioneti olmaq, kimlərinsə alətinə çevrilmək deyil. Heç olmasa gec də olsa dərk etməlidirlər ki, Azərbaycanla və digər qonşu ölkələrlə münasibətləri normallaşdırmasalar, normal qonşuluq münasibətləri yaratmasalar, beynəlxalq layihələrdə iştirak etməkdən, əlaqələrini, münasibətlərini inkişaf etdirməkdən məhrum olsalar bundan sonra da regionda marginallaşmış vəziyyətdə qalacaqlar. Barı Azərbaycanın tamhüquqlu və çoxvektorlu siyasətini nümunə olaraq qəbul etsinlər və görsünlər ki, ölkəmiz məhz bu siyasət sayəsində gələcəyini qurur və birdəfəlik anlasınlar ki, istənilən ölkənin də, regionun da gələcəyinin məhz bu siyasət sayəsində inkişafına ümid etməyə dəyər...

Digər xəbərlər