Əminliklə söyləyə bilərik ki, hazırda Özbəkistan və Azərbaycan arasındakı münasibətləri heç vaxt olmadığı səviyyəyə qalxıb. Əsasən də, Tarixi Zəfərimizdən sonrakı 4 il ərzində iki ölkənin dövlət və hökumət nümayəndələri arasında əməkdaşlığın bütün sahələrini əhatə edən qarşılıqlı səfərlərin sayı onlarcadır. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi dostluq və qardaşlıq atmosferində keçən rəsmi görüşləri də intensiv xarakter daşıyır. Bunun da səbəbi iki qardaş ölkəni və xalqları birləşdirən ortaq dəyərlərin olmasıdır.
Avqustun 23-ü Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzaladılar. Həmin müqavilənin imzalanmasını tarixi məqam saydığını deyən dövlətimizin başçısı onu iki ölkənin imzalaya biləcəyi ali səviyyəli beynəlxalq sənəd kimi dəyərləndirdi. Və bununla da hər iki ölkə arasındakı münasibətlərinin yeni fəslinin deyil, yeni kitabının yazıldığını bəyan edən Prezident İlham Əliyev bu gün iki qardaş xalqın, iki müstəqil, suveren, qüdrətli dövlətin eləcə də rəsmi müttəfiqə çevrilmələrini məmnunluqla qeyd etdi: “Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda, regional siyasəti müəyyən edəcək”.
Mətbuat üçün açıqlamasında son illər ölkələrimiz arasında genişlənən əməkdaşlıqdan söz açan dövlətimizin başçısı işğaldan azad edilimiş Füzuli rayonunda Özbəkistanın maliyyəsi ilə Mirzə Uluqbəy adına orta məktəbin inşasını qardaşlıq rəmzi, özbək xalqının töhfəsi kimi yüksək qiymətləndirdi. Həmin məktəbdə 500-ə yaxın şagirdin təhsil alacağını nəzərə çatdıran Azərbaycan Prezidenti iki ölkə arasında imzalanan yeni sənədlərin əməkdaşlığın daha geniş üfüqlərini müəyyənləşdirdiyini söylədi.
Çıxışında dövlətimizin başçısı İlham Əliyev bu gün Özbəkistanın təkcə bölgədə deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrildiyini və buna səmimi-qəlbdən sevindiyini vurğulayaraq, Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü kimi özbək idmançılarının Yay Olimpiadasında tarixi uğurunu diqqətə çatdırdı.
“Onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır. Həmçinin müsəlman ölkələri arasında birinci, dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir”– qeyd edən Prezident İlham Əliyev bundan bütün Türk dünyasının sevindiyini və qürur duyduğunu xüsusi vurğuladı.
Mərkəzi Asiyanın yüksək templə irəliyə doğru addımlayan respublikasına çevrilmiş Özbəkistan bütün sahələrdə, həmçinin idmanda da rekord nailiyyətlərə imza atır. Onu da qeyd edək ki, Özbəkistanın dünyada gündən-günə artan nüfuzu həm də onun üzvü olduğu Türk Dövlətləri Təşkilatının regionda və beynəlxalq arenada güclənməsini şərtləndirən amillərdəndir. Azərbaycanın burada oynadığı önəmli rolu unutmaq olmaz. Özbəkistan və Azərbaycan rəhbərlərinin imzalarını atdıqları müttəfiqlik münasibətləri haqqında müqaviləni sanbalına və miqyasına görə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə müqayisə edə bilərik.
Dövlətimizin başçısının Özbəkistana səfərini tarixi adlandıran Şavkat Mirziyoyev xüsusi məmnunluqla qeyd etdi ki, İlham Əliyevin Daşkəndə dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafı baxımından tarixi hadisədir: “Bu gün biz müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanğıcını simvolizə edir”. Özbəkistan liderinin sözlərinə görə, bununla da Azərbaycan-Özbəkistan arasında çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişaf etdirilməsi kursuna qəti sadiqlik təsdiqlənib. Özbəkistan Prezidenti çıxışında 2025-ci ili iqtisadi əməkdaşlıq ili elan etdiklərini və iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 2 dəfə artırmaq üçün əsasların olduğunu dedi. O, bu istiqamətdə də müsbət dinamikanın güclənəcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı İlham Əliyev özbəkistanlı həmkarının sözünə qüvvət olaraq bunları dedi: “İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”.
Bütün Türk dövlətləri inamla, çiyin-çiyinə addımlamalıdır. İki qardaş xalqı bir-birinə bağlayan, doğmalaşdıran dəyərlər mövcuddur. Özbəkistan və Azərbaycanın oxşar cəhətlərindən danışanda, qardaş və artıq müttəfiq ölkələrin çağdaş dövrün çağırışlarına cavab verən sivil və demokratik quruluşa malik, dünyaya açıq və inkişafa meyilli ölkələr olmalarını qeyd etməliyik. Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzərətrafı ölkələr bu gün vahid geosiyasi regiona çevrilir. Cənubi Qafqazın intizarında olduğu müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan da asılıdır. Əminliklə qeyd edək ki, möhkəm tellərə malik qardaşlıq ittifaqı bu missiyanın öhdəsindən uğurla gələcək. Elə yaxın tarixə nəzər salanda görürük ki, özbək xalqı və mədəniyyəti ilə Azərbaycan xalqını və mədəniyyətini birləşdirən cəhətlər, bir-birinə bağlayan tellər az deyil. Hələ Sovet dövründə Özbəkistan və Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət adamları arasında yaradıcılıq, dostluq, qardaşlıq əlaqələri geniş idi.
Bu gün iki müstəqil, suveren Türk dövləti böyük fərəh və doğmalıq hissi ilə bir-birinə qucaq açır, arxa-dayaq olur. Ona görə ki biz bir yolun yolçularıyıq, hədəflərimiz də eynidir. Gözlərimiz önündə rəngarəng özbək ipəyinə bürünmüş müjdəli səhərlər canlanır. Sarsılmaz qardaşlıq birliyi və möhkəm müttəfiqlik üzərində inşa edəcəyimiz xoşbəxt gələcəyi təkcə oğuz türkləri – özbəklər və azərbaycanlılar deyil, Turan elləri, bütün Türk dünyası haqq edir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini