Bu gün eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Son illər ərzində iki ölkə arasında əlaqələr daha da möhkəmlənib. Belə ki, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Eyni zamanda, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə ötən il Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub.
STRATEJİ MÜTTƏFİQLİK SƏVİYYƏSİNƏ YÜKSƏLƏN AZƏRBAYCAN-ÖZBƏKİSTAN ƏLAQƏLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, bu gün biz rəsmən müttəfiqlər olduq: «Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək».
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Azərbaycanla Özbəkistan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətləri günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir. Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə malik olan Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu səfər də münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir. İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Həqiqətən də, Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün genişləndirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu da bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq fəal surətdə azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Bu baxımdan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. İlk dövlət səfərini Azərbaycana edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini vurğulayaraq bildirib: “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar”.
Yeri gəlmişkən, Azərbaycan və Özbəkistanın dövlət başçıları iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu da hər iki ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, regional inkişafı da stimullaşdırır. Ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal olunub. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir. Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.
İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər. 2024-cü ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.
İki dost, qardaş ölkə arasında əlaqələrin təhlili fonunda belə bir əminlik də ifadə edilir ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. Cənab İlham Əliyevin qardaş ölkəyə reallaşdırdığı dövlət səfəri çərçivəsində keçirlən görüşlər, imzalanan sənədlər, prezidentlərin mətbuata bəyanatları münasibətlərimizin gələcək inkişafının mənzərəsini təqdim edəcək. Prezident İlham Əliyev daim bu məqamı xüsusi qeyd edir ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir. Dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Qeyd edək ki, iki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Bu dəfə baş tutan növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.
Beləliklə, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İilham Əliyev cənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Bu dəfə baş tutan növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.
RƏFİQƏ KAMALQIZI