Azərbaycanın xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə qarşılıqlı tərəfdaşlıq çərçivəsində qurduğu mövcud münasibətlər böyük etimada əsaslanır. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarına uyğun olaraq reallaşır. Beynəlxalq aləmdə qazandığı nüfuzu və dünya dövlətləri ilə münasibətləri ötən müddət ərzində siyasi, iqtisadi, mədəni, enerji və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Yeni reallıqlar yaradan Azərbaycan təkcə Cənubi Qafqazda deyil, o cümlədən Avrasiya məkanında mövqeyini möhkəmləndirir, beynəlxalq arenada yüksək imicə sahibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana növbəti səfəri iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə olmaqla yanaşı, dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlanğıcıdır. Əlbəttə ki, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə əməkdaşlığı ölkələrimizin və xalqlarımızın, eləcə də türk dünyasının inkişafında önəmli rol oynayır və müasir qlobal çağırışlar zəminində yüksələn xətlə inkişaf edir.
Son illər iki dost ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Dövlət başçımızın tarixi və strateji əhəmiyyət daşıyan bu səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalamaları dövlətlərarası fəaliyyətin möhkəmləndirilməsində yeni səhifənin açılması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında dövlət başçımızın bildirdiyi kimi, "Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq". Azərbaycan və Özbəkistanın müttəfiq olması təkcə tarixi dostluq bağlarından deyil, həm də dövlətlərin bugünkü geostrateji mövqeyinin, sahib olduğu təbii ehtiyatların göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı"nı qəbul ediblər.
Eyni kökə malik, ortaq tarixi, dini və mədəniyyəti bölüşən hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Uzun illərin sınağından çıxaraq bugünki səviyyəyə gəlib çatan ənənəvi dostluq və qardaşlıq əlaqələri iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib.Ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Həyata keçirilən layihələr, tədbirlər nəticəsində əməkdaşlığın yeni sahələri müəyyən edilib.
Dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanan sənədlər gələcək əməkdaşlıqda yeni yollar açır və uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasının olması əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. Daşkənddə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq sənədlərinin imzalanması dövlətlərarası münasibətlərin inkişafında, iqtisadi münasibətlərdə, investisiya, ticarət imkanlarının genişlənməsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini qeyd etməliyik. Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışı işğaldan azad olunan Füzuliyə töhfədir. Yüksək keyfiyyətlə həyata keçirilən məktəb 960 şagird yerlikdir və üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin inşası ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın rəmzidir.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib ki, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə edib. "Yalnız mühüm olan bir layihəni ayrıca qeyd etmək istərdim. Bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması ilə bağlıdır", - deyə Prezident bildirib.
Göründüyü kimi, Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq inkişafdadır. İki ölkə arasında bu vaxtadək imzalanmış sənədlər, dövlət başçılarının qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər hərtərəfli və strateji tərəfdaşlığın dolğun ifadəsidir.
Güləddin DADAŞOV,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini