Prezident İlham Əliyev: "Şəhərimizin gözəlliyi bu gün artıq dünya birliyi tərəfindən tanınır"
Azərbaycanın paytaxtı doğma Bakımız ildən-ilə, gündən-günə gözəlləşir və müasirləşir, onun simasına yeni-yeni bənzərsiz naxışlar vurulur, gözəl park və xiyabanlar, geniş prospektlər, meydanlar və körpülər tikilir. Qədimlik və müasirliyin heyrətamiz harmoniyası şəhərimizə özünəməxsus yaraşıq verir. Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib. Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Ən müxtəlif sahələrdə intibah prosesi geniş vüsət alıb. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib. Bu gün Azərbaycan nümunəvi inkişaf modelinə malik olan ölkəyə çevrilib.Paytaxtımız hərtərəfli gözəlləşir. Hər yerdə aparılan-abadlıq quruculuq işləri onun simasını köklü şəkildə dəyişib, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Dünyanın qədim neft sənayesi mərkəzi olan paytaxt Bakı da qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Son illər Bakıda həyata keçirilən ardıcıl inkişaf prosesi şəhərimizin tarixi ilə müasirliyini özündə birləşdirərək tamamilə yeni bir simadadır.
"SEA BREEZE" - QLOBAL TURİZM XƏRİTƏSİNDƏ CƏLBEDİCİ MƏKAN
Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə gətirib çıxarıb. Cari ilin avqustun 28-də Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində yaradılan "LANDAU School" Təhsil Kompleksinin məktəbinin və "The Grand" apart hotelinin açılışı görülən işlərin davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.Prezidentə "Sea Breeze"in əsas layihələri - 231 şagird üçün nəzərdə tutulmuş "LANDAU School" Təhsil Kompleksinin "Sea Breeze"dəki məktəbi və 450 şagird üçün nəzərdə tutulmuş "SABAH.school" barədə məlumat verilib. Məktəb binalarında kompüter sinifləri, psixoloq kabineti, laboratoriyalar, açıq və qapalı idman meydançaları var. Təlim Britaniya kurikulumuna uyğun olaraq ingilis dilində aparılır. LANDAU Məktəb kompleksinin ərazisində orta ümumi təhsillə yanaşı, məktəbəqədər təhsil üçün ayrıca bina da var. Ümumilikdə, təhsil kompleksi 1100-dən çox şagird üçün nəzərdə tutulub.Ərazidəki ən böyük apart hotel – "The Grand" da istifadəyə verildi. Bura il boyu yaşamaq və ya kirayə vermək üçün nəzərdə tutulmuş 224 mənzil və 3 penthausdan ibarətdir. Təmirli 100 mənzil əşyalarla birlikdə artıq satılıb. Apart hotelin ərazisində iki hovuz, üç restoran, konfrans zalı, butiklər, SPA mərkəzi və qəbul xidməti fəaliyyət göstərir. Ekoloji cəhətdən təmiz, müasir və memarlıq həlləri baxımından texnoloji layihə olan "Sea Breeze" gələcəyin şəhəri kimi inkişaf edir. Nəhəng layner formasında ilk mənzillərdən ibarət flaqman daşınmaz əmlak layihəsi olan "Caspian Dream Liner" süni adada tikiləcək. Bu nadir memarlıq quruluşu sayəsində "Sea Breeze" qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək. İrimiqyaslı layihə fondunun hazırlanması üzərində bir neçə memarlıq bürosu işləyir, o cümlədən dünyaşöhrətli memarlar cəlb olunur. Ekspertlər kurort şəhərini bu gün dünyada öz ərazisində bu qədər çoxlu sayda daşınmaz əmlakı birləşdirən yeganə layihə adlandırırlar."Sea Breeze"in beynəlxalq tərəfdaşları arasında nüfuzlu, qlobal hotel şəbəkələri var ki, onlar yaxın illərdə sahildə hotel kompleksləri açmağı planlaşdırırlar.İlboyu yaşamaq, rahatlıq və yaxşı istirahət üçün hər cür şərait yaradılan "Sea Breeze"də beynəlxalq məktəb və LANDAU uşaq bağçası kimi təhsil müəssisələri, tibb ocaqları, biznes mərkəzi və tibbi-sağlamlıq kompleksi tikinti mərhələsindədir. Həmçinin ərazidə həm uşaqlar, həm də böyüklər üçün ustad dərsləri, mühazirələr və praktik məşğələlərin keçirildiyi incəsənət mərkəzi yerləşir.Qeyd edək ki, "Sea Breeze" kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb. Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir. Cari yay mövsümündə akvapark, lunapark və sirk, həmçinin kurort şəhərciyinin yaxınlığında yeni yaradılan pulsuz çimərlik zonası da daxil olmaqla, yeni çimərlik zonaları açılıb. Həmçinin ərazidə 1 milyona yaxın bitki və ağac əkilib. Hazırda yaşıllıqların sahəsi 150 hektara çatır.Bu ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Sea Breeze" landşaft parkının salınması təşkil olunacaq – tədbirin qonaqları, Azərbaycanın və beynəlxalq şirkətlərin rəhbərləri, siyasətçilər və mədəniyyət xadimləri ağacların əkilməsində iştirak edəcəklər.
BÖYÜK ŞƏHƏRSALMA LAYİHƏSİ
Bu gün Bakının siması durmadan dəyişir. Şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da təsirsiz ötməyib. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlər nəticəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı çirkləndirən bir çox mənbələrin ləğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyanı böyük dərəcədə çirkləndirən "Qara şəhər" idi. Indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib".Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsindədir. Müxtəlif ölçülü küçələr salınıb və yolaltı kommunikasiya infrastruktur işləri aparılıb. Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir. Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb.
YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK
Bakının demək olar ki, hər bir ərazisi müasirləşir və gözəlləşir. Yenidən qurulan Nərimanov parkı nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib. Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib. Dövlətimizin başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.
MÜASİR, DÜNYƏVİ TRENDLƏR TARİXİ VƏ MƏDƏNİ DƏYƏRLƏRİMİZLƏ HARMONİYADA
Görülən işlərin davamı olaraq Bakıda "Crescent Mall" ticarət mərkəzini də vurğulamaq lazımdır. "Crescent Mall" ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb. Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə bilirlər. "Crescent Mall"da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur. Ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot "Leyli" adlandırılıb. Süni intellekt məlumat bələdçisi Leyli, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir."Crescent Mall" ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.Uğurlu inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir". Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir.Paytaxtda və digər şəhərlərdə dünyanın məşhur brend hotelləri fəaliyyət göstərir. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt", yəni dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Beləliklə, Bakıda beşulduzlu hotellərin sayı durmadan artır.Göründüyü kimi, şəhərimiz günü-gündən müasirləşir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Şəhərimizin gözəlliyi bu gün artıq dünya birliyi tərəfindən tanınır".
Zümrüd BAYRAMOVA