Fransa liderinin, prezident Emmanuel Makronun bu vaxta qədər danışdığı yalanların sayı-hesabı yoxdur. Bunu bütün dünya ictimaiyyəti çox yaxşı bilir. Bilir ki, o yekəlikdə Avropanın düz ortasında, Fransa kimi bir ölkənin hakimiyyət başında oturan müsyö Makron üçün yalan danışmaq adi hala, hətta ənənəyə çevrilib. Amma bununla belə, Makron da bilməlidir ki, onun barəsində düşünüldüyü zaman ilk növbədə xəyallarda yalançı obrazı canlanır. Bir sözlə, Fransa kimi ali dəyərlərdən dəm vuran bir ölkənin liderinin, rəhbərinin, prezidentinin yalançı bir müsyo olduğu qənaətində olanlar çoxluq təşkil edir və həmin yalançı müsyönün öz yalançılıq şakərindən əl çəkməməsi səbəbindən onların sayı hələ günü-gündən də artmaqdadır.
Hadisələrin təhlili, analizi Durovun həbsinə şəxsən Emmanuel Makronun özünün icazə verdiyini təsdiq edir
Bildiyimiz kimi, məhz kibercinayətlərlə bağlı aparılan istintaq çərçivəsində Telegram-ın həmtəsisçisi Pavel Durovun daha 48 saat həbsdə qalacağı barədə kifayət qədər məlumatlar yayılıb. Diqqətə çatdıraq ki, bu məlumatı məhz "Reuters" Paris prokurorluğunun bəyanatına istinadən yayıb. Yəqin ki, bununla bağlı müzakirələrin də getdikcə artması belə səbəbsiz deyil. Hər halda, müzakirələrin olması, həmin bu hadisənin müxtəlif instansiyalarda şərh edilməsi də əbəs yerə ola bilməz. Bütün bunların fonunda Pavel Durovun həbsinə şübhə ilə yanaşmaq da doğru olmaz. Əlbəttə ki, məhz Fransa prezidenti Emmanuel Makronu süddən çıxan ağ qaşıq hesab edən yoxdur və hadisələrin təhlili, analizi Durovun həbsinə şəxsən icazə verənin Makronun özü olması barədə heç bir şübhə yeri qalmadığını birmənalı şəkildə təsdiq edir.
Aşkar olanı, həqiqətin özünü belə etiraf etmək Fransa prezidentinin üslubu, tərzi deyil
Bir tərəfdən qeyd olunur ki, bu yaxınlarda Telegram messencerinin təsisçisi Fransada "davam edən məhkəmə istintaqı çərçivəsində" saxlanılıb. Bununla belə, digər tərəfdən də başqa məlumatlar da yayımlanır, hansıki özündən əvvəlkini tamamilə təkzib edir. Xatırladaq ki, məlumatların birində də qeyd olunur ki, Durov Parisə gəlməzdən cəmi bir neçə dəqiqə əvvəl axtarışa verilib və bundan dərhal sonra onun həbsinə order verilib. Maraqlıdır, bunların hansı doğru, hansı yalandır? Hansı məlumat həqiqəti əks etdirir axı? Fransanın məlumatlarının hansına inanmaq olar? Onsuz da hamı yaxşı bilir ki, aşkar olanı, həqiqətin özünü belə etiraf etmək qətiyyən Emmanuel Makronun üslubu, tərzi deyil. Bəs onun tərzi nədir və necədir? Əlbəttə ki, yalançılıq. Bir ölkə rəhbəri olmasına baxmayaraq, həmin o müsyö yalan danışmağı heç də özü üçün qəbahət hesab etmirmiş. Əks halda, bütün dünyanın gözünün içinə baxa-baxa yalan danışmaz, hadisələri təhrif edilmiş formada təqdim etməz, reallıqları olduğu kimi çatdırmağa ən azından can atardı. Amma biz bunun əksini müşahidə edirik. Ona görə də, ona müsyö yalançı deməyin qəbahət olmadığı qənaətindəyik. Elə hesab edirik ki, belə bir adı Fransa lideri çoxdan qazanıb. "Sehirli xalat" adlı Azərbaycan filmində xan həzrətlərinin dediyi kimi, əgər həqiqətən də göpçuların yarışması keçirilsəydi, Makron mütləq şəkildə birinci yeri tutar və sevindiyindən dumbul çalıb oynayardı. Yəni, həqiqətən də bütün dünyada yalançıların müsabiqəsi olsaydı, Fransa prezidenti həmin müsabiqənin mütləq şəkildə qalibi olardı. Çünki, belə bir müsabiqə olsaydı, oradakı münsiflərin onu yalançıların birincisi elan etmələri üçün kifayət qədər əsası olardı.
Əgər Makrona bütün dünya "müsyö yalançı" desə, bu çox ədalətli olar
Azərbaycan xalqının da məhz Makronun yalançı olması qənaətində olmağa kifayət qədər əsası var. Yetərincə arqumentlər, faktlar var ki, bizə onu yalançı adlandırmaq üçün haqq verir. Məsələn, təkcə 44 günlük müharibə dönəmində Makronun öz yalanları ilə nə qədər gülünc olduğunu, bunun nə qədər ikrah hissi doğurduğunu heç özü də təsəvvür edə bilməz. Xüsusən də, Fransa prezidenti Ermənistana hücum silahı verərkən hamını özünün və ölkəsinin sülhməramlı niyyətinə inandırmağa çalışdığı zaman nə yekəlikdə yalan danışdığını belə çıxır ki, ağlına belə sığışdıra bilməyib. Əsk halda, belə bir yalana əl atmazdı. Yaxud da, müsyö Makronun 44 günlük müharibə dönəmində erməni təbliğatının yaratdığı saxta xəbərləri yayması, Azərbaycan ordusunun irəliləyişini dayandırmağa cəhd etməsi barədə yalanı da həddindən artıq dərəcədə gülünc idi. O qədər gülünc idi ki, hətta Rudolf Erix Raspe-nin "Baron Münhauzenin sərgüzəştləri" belə onun yanında heç nə sayıla bilərdi. Əlbəttə ki, Münhauzen sadəcə bir gopçu personaj idi və uydurduqları da müsyö Makronun yalanlarından kəskin şəkildə fərqlənir. Makron öz yalanları ilə məhz birinci sayıla bilər və əgər ona bütün dünya "müsyö yalançı" desə, bax bu çox ədalətli olardı.
Həqiqəti etiraf etmək yalançının ruhuna uyğun deyil
Absurd fikirlər diqqətdən yayına bilməz və görünən odur ki, o yekəliyində Avropa ölkəsinin lideri, rəhbəri, nə bilim, başçısı dediyi yalanların ayaq tutub yeriyəcəyinə nədənsə hələ də inanır. Amma Durovun məhz orada həbs olunacağını bilə-bilə sevinərək Parisə getdiyinə körpə uşaq belə qətiyyən inana bilməz. Nədənsə, Fransa prezidenti bu ağ yalana hamını inandırmağa çalışır. Özü də israrla hamını inandırmaq istəyir və bəlkə də bu qalmaqalın daha çox səs-küylü olması da bu səbəbdəndir. Xüsusən, Makronun nəyi isə etiraf etmək əvəzinə, dirəşib öz yalanını doğru kimi sırımaq cəhdinin bu dərəcədə qıcıq doğurduğu da əbəs yerə deyil. Hər halda, həqiqəti etiraf etməyin məhz yalançının, yəni Fransa prezidentinin ruhuna uyğun olmadığını bilə-bilə yenə də rezonans doğurması, yalanın hansı həddə, hansı "səviyyədə" olmasını göstərir.
Ağalarının tələb etdiyi missiyanı yerinə yetirən, söz azadlığını müdafiə edənləri həbs etmək üçün kifayət qədər saxtakarlıq edəndən izahat tələb olunur
Məlumatlarda qeyd olunur ki, Durovu 20 ilə qədər həbs gözləyir. Maraqlıdır ki, niyə? Sual olunur ki, nə səbəbə belə bir həbs gözlənilir? Cavab çox sadədir. Çünki Fransa hakimiyyəti absurd şəkildə belə hesab edir ki, Telegram-da moderasiyanın olmaması və Durovun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəməməsi onu narkotik ticarəti, uşaqlara qarşı cinayətlər və dələduzluqda şərik edir. Bu qədər də olmaz axı. Belə ikiüzlülük, belə yalançılıq Makrondan başqa kimsənin alnına yapışan deyil. Çox məntiqi və yerində verilməli bir sual ortaya çıxır ki, əgər Durov narkotik alveri, uşaqlara qarşı cinayətlər və dələduzluq əməllərini törədibsə, yaxud da həmin əməllərdə şərikdirsə, niyə Fransanın bütün siyasi elitası, o cümlədən prezident Makron özü onun tətbiq etdiyindən istifadə edir?!
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot da öz teleqram kanalında sual edir ki, görəsən, Makron həqiqətənmi Pavel Durovu ələ keçirib, tutub?! "Le Canard Enchaine" qəzeti belə bu yaxında yazmışdı ki, Telegram-ın baş direktoru həmin axşam Makronla nahar etməyi planlaşdırdığını polisə deyib. Makron ağalarının tələb etdiyi missiyanı yerinə yetirmək, söz azadlığını müdafiə edən hər kəsi həbs etmək üçün bu cür saxtakarlığa kifayət qədər qadirdir:! Makrondan izahat tələb edirik!", deyə partiya lideri Florian Filippot qeyd edir. Bu isə o deməkdir ki, artıq dünyada müsyö Emmanueldən yalanlarına görə cavab, hətta izahat, lap elə hesabat gözləyənlərin sayı durmadan artmaqdadır və onun yalançılığını qəbul edənlər həddindən artıqdır. Müsyö Makron isə hələ də kor tutduğunu buraxmadığı kimi, yalanı, yalançılığı buraxmır və elə bu səbəbdən də müsyö yalançı ləqəbini yerindəcə qazanmış olur.
Bu qədər yalana nə ad qoymaq olar?
Təbii ki, Makronun yalanlarına və hətta onun özünə belə inanan tapılmaz və inanmayanlar içərisində amerikalı tanınmış sahibkar İlon Mask da var. Onun özünün X sosial şəbəkəsində Fransa prezidentinə məhz Telegram messencerinin təsisçisi Pavel Durovun həbsinin səbəblərini insanlara izah etməsi barədə müraciət etməsi də yəqin ki, bütün dünyanın diqqətindən yayınmayıb. "Dünya ictimaiyyətinə onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat vermək faydalı olardı", deyə İlon Mask yazıb. Açıq şəkildə və sadə dillə desək, Makron özünün əvvəlki bütün açıqlamaları, uydurmaları və yalanları ilə Maskı qətiyyən inandıra bilməyib. İnanmayan təkcə dünya şöhrətli sahibkar, hamımızın adını da olsa əzbər bildiyimiz İlon deyil. Bütün dünya ictimaiyyəti keçən ilin martında Fransa prezidentinin ölkədə kütləvi etirazlara səbəb olan pensiya islahatı ilə bağlı televiziya müsahibəsini yaxşı xatırlayır. Yaxşı xatırlayır ki, həmin müsahibə zamanı müsyö Makron bahalı qol saatını stolun altındaca xəlvəti şəkildə çıxardıqdan sonra tənqid atəşinə tutulmuşdu. İş orasındadır ki, daha sonra Yelisey sarayının mətbuat xidməti belə aşkar şəkildə, real olaraq görünəni təkzib etmişdi. Bu qədər yalana nə ad qoymaq olar? Yaxşı olar ki, hər dəfə Makronun adının qarşısına "yalançı" ləqəbini, ayamasını qoymaqdansa, elə birbaşa "müsyö yalançı" deyilsin. Belə daha qısa və məntiqli olar və ədalətlə yanaşsaq, hər halda, bu qədər yalanlarla həmin ayamanı müsyö Makron qazanmış da sayılır axı...
İnam Hacıyev