PDF Oxu

Siyasət

  • 1 990

3 SENTYABR 1991-Cİ İL - müstəqil Azərbaycanın Qurtuluş tarixinin başlandığı gün ŞƏRH

3 SENTYABR 1991-Cİ İL - müstəqil Azərbaycanın Qurtuluş tarixinin başlandığı gün ŞƏRH

Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə məxsusdur! Əslində doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının sədri seçilməsindən 33 il keçir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilməklə, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu. 1991-ci ilin 3 sentyabr tarixi yenicə müstəqilliyini qazanmış Azərbaycanın müasir tarixində, sadəcə, sıradan bir təqvim günü deyildi. Bu tarix 70 ildən çox müstəqillik arzuları ilə yaşayaraq onu bərpa edən, lakin qısa bir zamanda bu azadlıq duyğularını itirmək qorxusu ilə üzləşən, xaos və anarxiya burulğanında çırpınan bir xalqın yenidən özündə böyük güc taparaq Böyük Lideri ilə böyük bir mübarizəyə başladığı gün idi. Bu elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, insanların sabahkı günə inamı qalmamışdı. İnsanların yeganə təsəllisi ulu öndər Heydər Əliyevin Naxçıvanda olması idi. Buna görədir ki, Ümummilli Lider Naxçıvanın, ümumilikdə isə Azərbaycanın gələcəyi baxımından əlamətdar olan bu gün haqqında danışarkən deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Ulu Öndər: "İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz"

İdarəçiliyi hər adam apara bilməz. Ulu öndər bununla əlaqədar olaraq demişdir: "İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz". Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, eləcə də 90-cı illərdə və XXI əsrin əvvəllərində özünü görkəmli dövlət xadimi, fenomenal qabiliyyətə və yüksək intellektə malik olan bir insan, uca şəxsiyyət, bütün sahələrə dərindən bələd olan rəhbər, uzaqgörən siyasi xadim kimi göstərmişdi. Dünyanın az-az dövlət xadimlərinə müyəssər olan keyfiyyətlər bu qüdrətli dövlət xadimində tamamilə cəmlənmişdi. Təsadüfi deyildir ki, Heydər Əliyev fenomeni hələ həmin illərdə dünya ictimai-siyasi fikrinin diqqət mərkəzində idi. Dünyanın çoxsaylı siyasətçilərindən, dövlət xadimlərindən Heydər Əliyevin fərqi onda idi ki, o, bütün istiqamətlərdə düşünmək qabiliyyətinə və peşəkarcasına fikir söyləmək imkanlarına malik idi. Dünya siyasətçiləri arasında bu cür "dünyəvi düşüncə tərzi"nə malik olan siyasətçilər çox azdır. Elə bu səbəbdəndir ki, ən böyük siyasət korifeyləri bu dahi şəxsiyyətə böyük hörmət hissi ilə yanaşmış, ona qibtə ilə baxmış, ilk söhbətlərindən və tanışlıqlarından onu özlərinə dost hesab etmişlər: "Sizə həqiqətən qibtə edirəm", "Mən Sizi müəllimim hesab edirəm", "Mənim üçün xüsusilə böyük məmnunluqdur ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünya şöhrətli şəxsiyyətlər tərəfindən idarə olunur" və sair.

...Qüdrətli siyasət və dövlət adamı olan ulu öndər Heydər Əliyev Azərbaycanımızın ən çətin anlarında xilaskarlıq missiyasını öz üzərinə götürmüş və dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Ötən əsrin 90-cı illərində də belə olmuşdur. Hakimiyyət iddiası ilə zor gücünə hakimiyyətə gələn səriştəsiz "bəylər" ölkəni acınacaqlı vəziyyətə salmış, siyasi, iqtisadi, hərbi böhranla üz-üzə qoymuş, vətəndaş müharibəsinə rəvac vermiş, qardaş qanı tökülməsinə səbəb olmuş, bundan istifadə edən məkrli düşmənlərimiz isə torpaqlarımızın bir hissəsini işğal etmiş, yüz minlərlə vətəndaşımız və soydaşımızı qaçqın və köçkün həyatına düçar etmişdir. Ölkə əhalisinin tam əksəriyyəti nicat yolunu ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində görmüşdür.

Faciələrin miqyasına, münaqişələrin mürəkkəbliyinə görə 1993-cü il Azərbaycan dövləti üçün ən ağır dövr idi. Baş verən hadisələr xalqımızın tarixində böyük faciə idi. Ən böyük faciə isə belə adamların hakimiyyətdə olması, lakin dövlətçilikdən baş çıxarmaması idi. Ölkədə özbaşınalıq, lidersizlik və dəhşətli bir hərc-mərclik hökm sürməkdə idi. Bu hadisələr bir daha göstərdi ki, müdriklər duran yerdə hakimiyyəti nadanlara vermək özü də cinayətdir. Bu, hakimiyyət kürsüsü xatirinə bir ölkəni, bir milləti fəlakətə sürükləməyə bərabərdir.

Prezident İlham Əliyev: "Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir"

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir".

Bəli, dövlət başçımızın söylədiyi kimi "Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir". Məhz ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin etmişdir. Azərbaycanda müstəqil dövlət quruculuğu ağrılı, əzablı yollar keçib. Bu yolun ən məsul məqamlarında ictimai-siyasi mühitin xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər həsrətində olduğu müstəqilliyini itirmək nigarançılığı ilə bağlı olmuşdur.

1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin dövrdə qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən deyib: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. ...O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, Onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”.

Göründüyü kimi, blokada vəziyyətinin yaratdığı çətinliklərə sinə gərən, düşmən təcavüzünə qarşı rəşadətlə müqavimət göstərən naxçıvanlılar Ulu öndər Heydər Əliyevə böyük məhəbbət bəsləyir, Ona güvənirdilər. Çünki Vətənə sədaqətlə xidmət nümunəsi göstərən dahi şəxsiyyət də öz xalqına güvənir, Ona arxalanırdı və həmişə xalq üçün yaşamış, xalq üçün fəaliyyət göstərmiş və doğma Vətəni uğrunda canını belə əsirgəməyəcəyini dəfələrlə bəyan etmişdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra sessiyadakı ilk çıxışında Ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək deyirdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Bəli, həmin illərdə dünya şöhrətli siyasətçi Heydər Əliyev Ali Məclisin Sədri kimi ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz qalan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar respublikada saxlanması təmin olundu, muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.

Xalqın vahid ideya və amal uğrunda birləşdirilməsi

Naxçıvanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir. Qərara əsasən, 1991-ci ilin son günü - 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu. Bu bayram artıq bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edilir.Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atdı. 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etdi, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başladı.

Ulu Öndərin arzularını reallığa çevrən qalib Sərkərdə İlham Əliyev

Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin «Dəmir Yumruq» siyasəti ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi. Azərbaycan Prezidentinin “Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”, – sözləri isə bu təsdiqin əbədi möhürünə çevrildi. Böyük Zəfərin qazanılmasından sonra Naxçıvana gələn ölkə başçısının bu səfəri böyük tarixi əhəmiyyəti və rəmzi mənası ilə seçilirdi: “Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfədir ki, mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım...”Bu gün Naxçıvanın əldə etdiyi çoxsaylı uğurları sadalamaqla qurtarmaq mümkün deyil. Böyük Öndərin “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” fikirləri bu gün artıq qədim diyarın real həyatında öz əksini tapıb. Amma bu da son deyil. 1991-ci il sentyabrın 3-dən başlayan Böyük Yol Naxçıvanı yaxın gələcəkdə daha Böyük Uğurlara aparacaqdır! Bəli, Böyük Öndər Heydər Əliyev inanırdı ki, onun axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək: «Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm».

Bu gün artıq ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev cənabları ulu öndərin başa çatdıra bilmədiyi işləri yerinə yetirir. Artıq Qarabağ Azərbaycanındır! Bəli, Ruhun şad olsun Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəstndə “Dağlıq Qarabağ” problemi yoxdur!. Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: «Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.Ona görə də Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə Lider Prezident İlham Əliyev cənablarıdır. Bütün bunlar isə Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev zəkasının və Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər