Prezident İlham Əliyev: "Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır"
Çağdaş dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Azərbaycan və Türkiyəni birləşdirən bir çox amillər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı təmin edən şərtləndirici amillədir. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbulu əlaqələrimizin və dostluğumuzun təzahürüdür. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndələri ölkəmizdə keçiriləcək parlament seçkilərində böyük heyəti ilə müşahidəçi statusunda iştirak edəcəkdir. Bu seçkilər suverenliyini və ərazi bütövlüyünü tam təmin edən Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləridir.
Şamil Ayrım Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilata üzv ölkələrin başçıları ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin bir masada olmasına və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı və dostluğu ölkələr arasında münasibətlərin yol xəritəsini müəyyənləşdirir. Azərbaycanın inkişafının və əldə etdiyi nailiyyətlərin Türkiyədə böyük qürur hissi doğurduğunu deyən qonaq ölkəmizin Qafqazın parlayan ulduzu olduğunu vurğulayıb.
Beynəlxalq münasibətlərdə Azərbaycanın artan roluna toxunaraq bir sıra beynəlxalq təsisatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizə qarşı haqsızlığı və ədalətsizliyi diqqətə çəkib.
"AZƏRBAYCAN BÖLGƏDƏ DAVAMLI SÜLHÜN TƏMİN OLUNMASININ TƏRƏFDARIDIR"
Regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycan uğurlu siyasət yürüdür. Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq bildirib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir. Artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlətimizin başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: "Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!" Dövlətimizin başçısının vurğuladığı kimi, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Ermənistan qəsdən vaxt uzadır: "Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir".
Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlətimizin başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.
Prezident İlham Əliyev Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə davamlı şəkildə dəstək göstərdiyini qeyd edib.
BEYNƏLXALQ MİQYASDA BİR-BİRİNİ DƏSTƏKLƏYƏN ÖLKƏLƏR
İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Bunlarla yanaşı, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Daha dəqiq desək, Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edir.
Azərbaycan öz torpaqlarının işğaldan azad olunması üçün milli mübarizəsinin uğurla nəticələnməsində, möhtəşəm tarixi qələbəsinin təmin edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi müstəsna önəm daşıyıb. 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdiyi zaman Türkiyə dövləti ilk gündən son ana - Zəfər qazanılana qədər qardaş Azərbaycanın yanında oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq və dostluğun sarsılmazlığını bir daha bütün dünya görmüş oldu. Bu müharibə bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Türkiyə Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı çıxışlarında səsləndirdiyi fikirlər, atdığı qətiyyətli addımlar, Azərbaycanın yanında olması bu dostluğun, qarşılıqlı münasibətlərin göstəricisidir. İşğaldan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunan ərazilərimizə səfəri bu münasibətlərin davamlığını göstərir. Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanın açılışında, eləcə də bir sıra məkanlarda təməlqoyma mərasimlərində iştirakı qardaş ölkənin hər zaman Azərbaycanın yanında olmasından xəbər verir.
İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi bir daha təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri zamanı, həmçinin dövlət rəsmilərinin görüşləri çərçivəsində, eləcə də müxtəlif tədbirlərdə səsləndirilən fikirlər bir daha bu qənaətə gəlməyə imkan verir: Azərbaycan və Türkiyə birlikdədir!
BEYNƏLXALQ MÜSTƏVİDƏ BİRGƏ FƏALİYYƏT VƏ ƏMƏKDAŞLIQ
Azərbaycan ilə Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. 100 il sonra - 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana dəstəyini ən güclü formada nümayiş etdirən rəsmi sənəd Şuşa Bəyannaməsi regiondakı yeni reallıqlara, inkişafa, sülhün tam təminatına böyük təkandır. Qars müqaviləsinə istinad edilən Bəyannamə öz formatına görə ondan daha əhatəli sənəddir. Bu sənəddə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması və digər tədbirlər böyük əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsipləri öz əksini tapmış oldu.
REGİONUN YENİ GEOSTRATEJİ REALLIQLARINI TƏSDİQLƏYƏN SƏNƏD
Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir. Bir daha bütün dünyaya nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündə - dostluq, qardaşlıq və strateji tərəfdaşlıq zirvəsindədir. Əminliklə söyləmək olar ki, Azərbaycan-Türkiyə birliyi bundan sonra daha böyük zirvələr fəth edəcək.
Bu gün həqiqətən, dostluq və qardaşlığa söykənən münasibətlər ən yüksək nöqtədədir. "TEKNOFEST" festivalının Azərbaycanda keçirilməsi bu dostluq münasibətlərinin davamlı olmasının təzahürüdür. Bu festivalın ölkəmizdə keçirilməsi mövcud əlaqələrdən dünyaya bir mesaj oldu. Festival Azərbaycana mənəvi və siyasi dəstəkdir. Festivalda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra mühüm mesajlar verdilər. "Bu gün "TEKNOFEST" bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür", - deyə Prezident İlham Əliyev bildirmişdir. Türkiyənin qardaş, dost ölkə olaraq Azərbaycanın yanında olması əlaqələrin möhkəm təməl üzərində qurulmasını bir daha təsdiqləyir. Bütün dünyaya dostluq və qardaşlıq nümunəsi olan Azərbaycan Türkiyə birliyi hər ötən gün daha da möhkəmlənir.
Nəzakət ƏLƏDDİNQIZI