Siyasət

  • 1 162

Şəhidlərin doğum günündə xatirələri anılıb ŞƏRH

image

Avqust ayının 14-də Biləsuvar rayon Aşağı Cürəli kəndində Vətən müharibəsi şəhidi Məmmədov Natiq Sahib oğlunun və Günəşli kəndində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid kapitan Babayev Nihad Akif oğlunun doğum günü qeyd olunub.

Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın sədr müavini Aqşin Qasımov, Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş 69 saylı Biləsuvar seçki dairəsindən Əliyev Elməddin Saməddin oğlu, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edərək başsağlığı diləklərini çatdırıblar.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun şücaətindən və qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən bəhs edib, Nihad, Natiq və bütün şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq. Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.

Azərbaycan Ordusunun kapitanı, “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Babayev Nihad Akif oğlu 30 avqust 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə verilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid kapitan Babayev Nihad Akif oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, fəxri adı ilə, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun giziri Məmmədov Natiq Sahib oğlu 29 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 27 sentyabr 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanaraq qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid gizir Məmmədov Natiq Sahib oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər