Siyasət

  • 1 106

Türk dünyası birliyinin təqdimatı

image

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir.

Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana reallaşdırdığı dövlət səfəri əlaqələrimizin dünəninə baxış keçirməyə geniş imkanlar yaratdı. Prezidentlər diqqəti hər iki ölkədə gedən inkişaf prosesinə, bu tərəqqinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına böyük təsir göstərməsinə yönəltdilər. "Biz Özbəkistanda qardaş Azərbaycanın böyük uğurlarına və nailiyyətlərinə ürəkdən sevinirik. Bu gün sizin ölkənizdə iqtisadiyyatın, sənayenin, əhalinin həyat səviyyəsinin dinamik artımı təmin edilir, böyük sənaye və infrastruktur layihələri həyata keçirilir. Hörmətli İlham Heydər oğlu, böyük tarixi Qələbə, ölkənin ərazi bütövlüyünün bərpa olunması və əzəli Azərbaycan torpaqlarının qaytarılması münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm" söyləyən Şavkat Mirziyoyev qeyd etdi ki, qədim Qarabağ torpağı Prezident İlham Əliyevin səyləri ilə inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. İnsanların rahatlığı və xoşbəxt həyatı üçün hər şey edilir. Özbəkistan Prezidenti bu əminliyi də ifadə etdi ki, ölkəsi gələcəkdə də bu nəcib işdə Azərbaycanı dəstəkləməyə hazırdır. Bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik.

Cənab İlham Əliyev son illərdə Özbəkistana dəfələrlə səfər etdiyini xatırlatdı. Bildirdi ki, Şavkat Mirziyoyevin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görür və bundan şaddır. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Bütün bunlar müdrik siyasətin, xarici investisiyaların cəlb edilməsinin, əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir. Bugünkü Özbəkistan sosial-iqtisadi inkişaf üzrə aparılan gündəlik iş, çoxlu sayda sosial layihələrlə səciyyələnir. Həmçinin bütün bunlara ölkənin beynəlxalq arenada nüfuzunun artmasını da əlavə etmək olar. Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Şavkat Mirziyoyevin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu, onlar çoxlu medal qazandılar. Onlardan 8-i qızıldır. Özbək idmançıları həm də müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir.

Göründüyü kimi, hər iki qardaş ölkə uğurlu inkişafı ilə diqqətdədir. Münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Səfər çərçivəsində müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyevin bildirdiyi kimi, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək: "Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır."

Həmin görüşlərdə müzakirə edilən məsələrdən biri işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması oldu. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. "Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib" bildirən cənab İlham Əliyev diqqəti Füzulidə tikilib istifadəyə verilən məktəbə yönəltdi. Bir il əvvəl Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Mirziyoyevin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq bu məktəbdə 500 şagird təhsil alır. Amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.

İki dost, qardaş ölkələr hər zaman biri-birinə dəstəyi ilə diqqətdədir. Bu əməkdaşlıq beynəlxalq təşkilatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatında uğurla inkişaf edir. Tərəflər təşkilatın beynəlxalq nüfuzunun artmasına töhfələrini verirlər.

Digər xəbərlər