Məlumdur ki, Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb. Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. SİA 23 saylı Nəsimi- Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçicilər arasında sorğu edərək onların fikirlərini öyrənib.

Seçici Əli Yunusov: "Mən vəkiləm, vəziyyət hələ ki yaxşıdır. 10 məntəqəyə daxil olmuşam. Mən başqa dairədə səhər tezdən səs vermişəm. Hər şey əladır. Demokratiyadır, düzlükdür. Sonda da elə o qələbə çalacaq".

Seçici Urqiyə Mehdiyeva: "Səsvermə üçün çox yaxşı şərait yaradılıb. Şəffaflıq da yüksək səviyyədədir. Burada səs vermək üçün bizə bütün sıralamanı izah etdilər. Dövlətimizdən razıyıq. Bütün namizədlərə uğurlar arzu edirəm".

Seçici Safura İbrahimli: "Hələ ki, sakitlikdir, adam azdır. Yəqin ki, bazar günüdür və insanlar istirahət edir. Düşünürəm, birazdan sıxlıq olacaq. Hər şey qaydasındadır, biz də rahat şəkildə səsimizi verdik".

Seçici Dilarə Sübhanova: "Hər şeydən razıyam. Hər şey əladır. İnşallah, layiq olanlar seçiləcək. Buna inanıram".

Seçici Xanım Kazımova: "Çox şanslıyam ki, qalib ölkənin vətəndaşı olaraq seçkilərdə iştirak edirəm. Səsverməyə gəlincə isə rahat səs verdik. Şükür, hələ heç bir narazılığımız yoxdur. Ölkə başçımıza güc-qüvvət arzu edirik".
Ayşən Vəli