Siyasət

  • 728

İRƏVANIN YALANI - RAKURS

image

Ermənistan regionda sülhün əldə olunmaması üçün bütün imkanlarını sınayır. Buna xarici havadarları da yardımçılıq edir. Vaxt qazanır ki, silahlana, məğlub psixologiyalı ordusunu yeniləri ilə əvəzləyə bilsin. Amma insan resursu ermənilərin arzularını gerçəkləşdirmək qədərində deyil. Ona görə də xaricdəki havadarlarından əsgər almağından da qalmır. Bu yaxınlarda ABŞ və Fransa ordularında xidmət edən erməni əsilli hərbçilərin Ermənistana gətirilməsi barədə xəbər də bunun davamıdır. İrəvan "öz gözündə tiri görmür", Azərbaycanı silahlanmaqda ittiham edir. Azərbaycan işğalın nə olduğunu, işğalçının kim olduğunu yaxşı bilir. Həm də Ermənistan tərəfindən işğala məruz qaldığını unutmur, ona görə də ordusunu daim hazır vəziyyətdə saxlayır. Ermənistan isə ədalətsiz müharibədə, torpaqlarımızın işğalında suçlu tərəfdir, beynəlxalq ənənəyə, məğlub-qalib tandemindəki münasibətlərə uyğun olaraq yenidən silahlanması yasaqdır.

...Paşinyan mətbuat konfransı keçirdi və bütün çıxışı ərzində bir neçə etirafı, həm də dolayı etirafı çıxmaq şərtilə, bütün çıxışını başqalarının ittihamı üzərində qurdu. Guya Azərbaycan İtaliyadan silah-sursat tədarük edir. Düzdür, Azərbaycan təkcə İtaliyadan yox, bir sıra ölkələrdən nəqliyyat vasitələri və silah alır, amma həmin texnika və sursatlar Ermənistan üçün deyil. Bakı zatən İrəvandan güclüdür, bu gün istəsə erməni paytaxtına üçrəngli bayrağını sanca bilər. Amma Azərbaycanın niyyəti bu deyil, dünya birliyi tərəfindən tanınan sərhədlərə hörmətlə yanaşır, Ermənistan da bura aiddir. Deməli İtaliyadan silah almağımız Ermənistanın baş nazirinin növbəti uydurmasıdır, yalandır. Ermənistan isə Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır, özü də buna ehtiyacı olmadığı halda.

Paşinyan tərəfindən səslənən iddialara Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də kəskin reaksiya verib. XİN rəsmisi N. Paşinyanın Azərbaycanın hərbi büdcəsi ilə bağlı dediklərinin də beynəlxalq təşkilatların məlumatları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: "Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir. Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir".

Zəngəzur məsələsinə gəldikdə, Ermənistan 30 il Naxçıvanı blokada vəziyyətində saxlayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra da blokada davam edib. İndi Ermənistan öz maraqları çərçivəsində blokadanın açılmasından danışır ki, bu da riyakarlıqdan başqa bir şey deyil. Əvvəlcə Ermənistan xoş niyyət göstərməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında kommunikasiyanın açılmasına imkan yaratmalı, sonra isə digər nəqliyyat məsələlərinə baxıla bilər. Azərbaycan öz vətəndaşlarını Ermənistanın ümidinə buraxa bilməz, çünki Ermənistanın bu halda necə davrandığı hamıya məlumdur.

Ermənistan İsrailə qarşı, niyə?

"Ermənistanın İsraillə əlaqələri onun İranla əlaqələrinin inkişafı və antisemitizmi israrlı şəkildə inkar etməsi səbəbindən pisləşir. İrəvan regionda təsirini artıran Tehranın marionetkasına çevrilib. İranla əlaqələrin inkişafı və antisemitizmin israrla inkar edilməsi Ermənistanın İsraillə münasibətlərinin pisləşməsinə gətirib çıxarır. Dünyada ermənilərlə yəhudilər arasında nifaq salmağa çalışan qüvvələr var. Onlar Ermənistanda guya antisemitizm olduğu barədə yalan xəbərlər yayırlar. İsrailin Azərbaycana necə silah verdiyini izah etməklə erməniləri dəhşətli təxribata çəkməyə çalışırlar". Bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini Qriqor Ovannisyanın sözləridir. Ovannisyan "Ermənistan və İran: yalan iddialar" ("Jerusalem Post", 12 avqust) başlıqlı məqaləsində İran-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi, xüsusən də silah tədarükü müqavilələri haqqında yazdığım üçün belə qüvvələrin nümayəndəsi olduğuma eyham vurur. İrəvan bunu inkar edir.

Ermənistan çox şeyi inkar edir. Başlayaq "Ermənistanda guya antisemitizmlə bağlı saxta xəbərlər"dən. Səlahiyyətlilər Mordechai Navi sinaqoquna çoxsaylı hücum faktlarını inkar edir, bəzi "əcnəbilərin" gəlişi, mühafizə olunan sinaqoqu yandırmağa cəhd etməsi və sonra ölkəni tərk etməsi barədə danışılır. Hakimiyyət təkcə hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib, həm də yəhudiləri daha çox hücumla hədələyən Ermənistanın Azadlığı Naminə Erməni Gizli Ordusunun (ASALA) mövcudluğunu inkar edir.

Bəs bu ilin əvvəlində İrəvanın mərkəzində keçirilən neonasist parade nə deyək? Ermənistan hakimiyyəti əvvəlcə hər şeyi təkzib etdi, sonra yenə bütün günahı "əcnəbilərin" üzərinə ataraq onların açıq şəkildə qayğısına qaldı. Bəs niyə erməni neonasist lideri Hayk Nazaryan İrəvan küçələrində sərbəst gəzir, çoxsaylı tərəfdarları ilə şəkil çəkdirir, sonra isə həyasız antisemitizm çağırışları ilə müşayiət olunan fotoları sosial şəbəkələrdə yerləşdirir? Neonasistlər niyə İrəvanın mərkəzinə yürüş etdilər? Onlar faşist əməkdaşı Qaregin Njdenin mərkəzi meydanda ucaldılmış abidəsi önünə getdilər.

Amma gəlin Ermənistanın dostu İrana qayıdaq. İrəvanla Tehran arasında strateji əməkdaşlığın uzun tarixi var. 2008-ci ilin sonunda amerikalı diplomatlar belə qənaətə gəliblər ki, Ermənistan İrana idarə olunmayan raketlər və pulemyotlar verib, onlardan İraqda Amerika hərbçilərinin öldürülməsi üçün istifadə olunub. Bu, 2016-cı ildə İrəvanla Tehran arasında hərbi əməkdaşlığın möhkəmlənməsindən xeyli əvvəl idi.

İranla kəşfiyyat sahəsində əməkdaşlıq, hərbi əlaqələrin gücləndirilməsi, təlim və Ermənistan torpaqlarında bazaların açılması haqqında son razılaşmaya gəlincə, bunu inkar etmək sadəcə olaraq mümkün deyil. Bu sövdələşmənin ilk xəbəri çıxmazdan bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan Tehrana səfər edib və burada İranın seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edib. Bu mərasimdə yalnız iki dövlət başçısı iştirak edirdi. Bütün digər ölkələr aşağı rütbəli məmurlar göndərirdilər.

Paşinyan və Xamneyi

Paşinyan ali lider Əli Xamneyi ilə də görüşüb və ali lider deyib: "Biz Ermənistanla münasibətləri gücləndirməkdə qərarlıyıq və ölkələrimiz arasında qarşılıqlı maraqlara əsaslanan və digər dövlətlərin siyasətindən asılı olmayaraq əməkdaşlıq sarsılmaz güclə davam edəcək". Paşinyanın HƏMAS lideri İsmayıl Haniyə ilə görüşməli olduğu və o, mövcud olmayan "Fələstin dövlətini" tanıdığına görə ona şəxsən təşəkkür etmək istədiyi barədə məlumatlar ortaya çıxıb. Lakin Haniyə öldürüldüyü üçün bunun əlavə sübutu yoxdur.
İrəvan da bunu inkar edə bilər. Amma Yaxın Şərqin tarixini bilən hər kəs xatırlayır ki, ermənilər həmişə Fələstin terror təşkilatlarını dəstəkləyiblər. Ermənistanın milli qəhrəmanlarından biri Monte Melkonyan israillilərlə döyüşdüyü ilə öyünürdü. Bu barədə Markar Melkonyanın "Qardaşımın yolu: Amerikanın Ermənistana taleyüklü səyahəti" kitabında oxuya bilərsiniz.

Bəli, bütün varlığı ilə Ermənistan İranın oyuncağına çevrilib. Onun havasına oynayır, həm də iranın düşmən adlandırdığı dövlət və xalqlara qarşı münasibəti də rəsmi Tehranınkından heç fərqlənmir. Ermənistan həm də İranın düşməni olan Qərblə müttəfiqdir, onun qoltuğuna sığınıb. Brüsselin, Vaşinqtonun tapşırıqlarını gözüyumulu yerinə yetirir. Bəs Qərb günlərin bir günündə İrəvanı Tehranın üstünə qısqırtsa, onda necə…

V.VƏLİYEV

Digər xəbərlər