Son vaxtlar İran KİV-ləri Zəngəzur dəhlizinə aid mövzulara daha çox toxunmağa başlayıb və bu, ətrafda müxtəlif versiyalarla çıxış edir. Bu dəfə "Mashregh News” saytının analitik şərhində iddia olunur ki, Rusiya ilə Ermənistan arasında münasibətlər get-gedə pisləşməkdə davam edir. Ermənistan Rusiyadan qopmağa çalışır, Moskva isə İrəvanı Qərbin ətəyinə buraxmamaqda çox qərarlıdır.
Adıçəkilən sayt iddia edib ki, guya Rusiyanın nəzarətində olan (?) Zəngəzur dəhlizinin açılması Moskvaya Ermənistan, Azərbaycan və Türk Dövlətləri Birliyinə qarşı böyük təsir rıçaqı verir: "Ukrayna cəbhəsində bütün Qərblə müharibə vəziyyətində olan Rusiya Cənubi Qafqazda imkanlarını çox məhdudlaşdırıb, ancaq Rusiya kimi böyük dövlət nə qədər zəif olsa da, Ermənistan kimi kiçik və gücsüz ölkəni həmişə cəzalandıra bilər. Ancaq proseslər çox sürətlə gedir və Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması məsələsi dalana dirənib”.
O da bildirilir ki, Rusiya tələsir, çünki ABŞ və Qərb ölkələri öz müdafiə sistemlərini tədricən Ermənistanda yerləşdirirlər. İddia olunub ki, Ermənistana ilk zərbə Zəngəzurdan dəyəcək. Zəngəzurda qarşıdurma alovlanarsa, bölgə Ermənistanın işğalından çıxaraq Azərbaycanın nəzarətinə keçəcək və Türkiyənin də Azərbaycanın yanında olacağı şübhəsizdir.
“Rusiya tərəfi bunu nəzərə alırmı, yoxsa Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsi Moskvanın marağındadır” sualına cavab olaraq qeyd olunub: “İlk baxışdan bu, Rusiyanın əleyhinədir, ancaq yaxından nəzər saldıqda, məsələ başqa cür görünür. Əgər Ermənistan Qərbin və NATO-nun əlinə düşsə, bu, Rusiya ilə açıq düşmənçilik elanı olacaq. Rusiya da onu cəzalandıracaq, Zəngəzurun itirilməsi isə Yerevan üçün ağır cəza olacaq. Belə ki, Ermənistan İranla əlaqəsini əldən verəcək, nəhayət, NATO bazasına çevrilən Ermənistan hökumətinin ayaqda durmaq şansı qalmayacaq”.
Sonda qeyd edilib ki, Bakı üçün cəlbedici imkanlar yaranır, digər tərəfdən Rusiyanın qəbul etdiyi siyasətdə Ermənistan uduzan tərəfdir.
Afət Tahirqızı