ATƏT-in saxta faktlar əsasında azad və demokratik şəraitdə baş tutan parlament seçkiləri ilə bağlı yaydığı sənəd heç bir halda ciddi qəbul edilə bilməz
Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində azad və demokratik şəkildə parlamentə növbədənkənar seçkilər keçirildi. Bu seçkilərlə ölkəmiz bir daha demokratik prinsiplərə, azad seçki ənənəsinə sadiq olduğunu nümayiş etdirdi. 30 ildən sonra ilk dəfə ölkəmizin hər yerində, o cümlədən işğaldan azad edilən ərazilərdə seçkilərin keçilməsi insanların sevincinə sevinc qatmışdı. Bu baxımdan da ölkəmizdə seçki günü bir növ bayram əhvali-ruhiyyəsi yaşanırdı. Hər kəs seçki məntəqələrinə tələsir və səsvermədə iştirak etməklə zəfər seçkisinə öz töhfəsini verməyə çalışırdı. Deputatlığa namizədlərin sayının kifayət qədər çox olması seçicilərə seçim etməkdə çətinlik yaratsa da, hər halda yanlışlığa yol vermək də mümkün deyildi. Çünki namizədlərin bir-birinə hörmət mühitində keçilən debatlarla, təqdim olunan seçki platformaları ilə seçicilər kimin daha üstün olduğunu və hansı namizədin onların parlamentdə təmsilçisi ola biləcəyini müəyyənləşdirməyə imkan verdi. Ona görə də, xırda çatışmazlıqları, namizədlər arasında cüzi narazılıqları nəzərə almasaq, böyük anlamda parlament seçkiləri möhtəşəmliyi ilə yadda qaldı. Seçkilərlə bağlı əhali arasında maarifləndirici işlərin aparılması da seçkilərin azad və yüksək seçici fəallığı ilə keçirilməsinə təkan oldu. Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları mütəmadi olaraq əhalinin və seçkiləri müşahidə edəcək şəxslər üçün treninqlər təşkil edir, maarifləndirici bukletlər, kitabçalar hazırlayaraq paylayırdı. Seçki Məcəlləsinin beynəlxalq prinsiplərə uyğun hazırlanaraq qəbul edilməsi də seçkilərin seçkilərin azad və demokratik şəkildə baş tutmasına imkanlar yaratdı. Seçki Məcəlləsinə əlavə olunan sənədlər, o cümlədən “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi ücün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında" təlimatlar və digər mükəmməl sənədlər şəffaf və demokratik seçkilərin keçilməsinə yardımçı oldu.
Əksər beynəlxalq müşahidəçilər ATƏT-i ifşa etdilər
Parlament seçkilərinin yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə keçirilməsinə baxmayaraq yenə də qərəzli mövqe sərgiləyənlər, təxribatçı fikirlər səsləndirənlər, sosial şəbəkələrin nəzarətsiz poliqon olmasından istifadə edib şər və böhtan xarakterli statuslar paylaşanlar, videolar yayımlayanlar oldu. Hansı ki, bu məxluqlar bəziləri sapı özümüzdən olan baltalar olsalar da, boyunlarındakı ip xarici maraqlı dairələrin əlində olub. Müşahidəçi adı ilə ölkəmizə gəlib erməni əmisi uşaqlarının sifarişlərini yerinə yetirənlər də oldu. Onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri daha çox qərəzli mövqe sərgiləyirdilər. Hələ bir qədər əvvəl onların haqqında yazmışdım ki, bu məxluqlardan seçkilərlə bağlı ədaləti, reallığı əks etdirən açıqlamalar və ya bəyanatlar gözləməyə dəyməz. Çünki bu şəxslər müstəqil deyillər. Digər tərəfdən hər zaman bu məxluqlar Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilib və tanınıblar. Deyilənlər və yazılanlar özünü təsdiqlədi. Seçkilərin başa çatmasına hələ bir neçə saat qalmış ATƏT-in şablon hesabatı artıq hazır olduğu üzə çıxdı. Qərb demokratiyası bu prosesdə yenə də öz "ənənə"sinə sadiq qaldı. Belə bir təşkilatın azad və demokratik şəraitdə keçirilən parlament seçkilərinə kölgə salmağa cəhd etməsi bu təşkilatın Azərbaycanın möhtəşəm uğurlarından ciddi narahat olduqlarını göstərir.
ATƏT yenə də qərəzli təşkilat adını qoruyub saxladı
ATƏT-in şablon hesabatında irəli sürülən iddialar absurd, heç bir ciddi əsası olmayan kağız parçasıdır. Sentyabrın 1-i saat 16:00-da aşkarlanan ATƏT-in qərəzli sənədində deyilir ki, guya seçkinin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir. Sənədin cızma-qara hissəsində qeyd olunur ki, MSK daxil olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, lakin dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb. MSK əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qanunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təcrübədə nəzərdə tutulmuş prosedur təminatlarından məhrum edib. Sənəddə o da vurğulanır ki, siyasi aktorların, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, akademiklərin və jurnalistlərin həbs və həbsləri seçkiqabağı dövrdə də davam edib.
Bir sözlə, ənənəvi ittihamlar, iddialar və lüzumsuz yanaşmalar. Lakin şübhə edilmir ki, ATƏT-in əksər nümayəndələri bu cızma-qara sənəddən xəbərləri yoxdur. Sadəcə, kursa uyub, tələbləri yerinə yetirmək məcburiyyətindədir. Çünki Avropanın qaranlıq dairələrinin Azərbaycana qarşı olan münasibəti müşahidəçilər sırasında yer alan bədbəxtlərə də məlumdur. Cəsarət etməyə, söz deməyə, etiraz etməyə onların haqları yoxdur. Əks halda şəbəkə mafiyasının qəzəbinə tuş gəlib, zibil qutusuna atıla bilərlər. Zəif məxluqların özləri də anlayırlar ki, Avropanın digər ölkəsinin müstəqil müşahidəçiləri parlament seçkilərinin azad və demokratik şəraitdə keçildiyini bəyan ediblər. ABŞ-ın "Oracle Advisory Group" təşkilatı keçirilən parlament seçkilərini yüksək qiymətləndirib. Ölkəmizdə 7 mindən çox seçici arasında "exit-poll" keçirən İtaliyanın "SWG SPA" şirkəti, MDB PA, TDT kimi mötəbər təşkilatlar seçki prosesindən razılıqlarını bəyan etdilər. məmnunluğunu ifadə etdilər. Dünyanın nüfuzlu KİV-ləri sentyabrın 1-də keçilən parlament seçkilərinə xüsusi diqqət ayıraraq seçkilərin Azərbaycan xalqının iradəsi əsasında baş tutduğunu qeyd etdilər. Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, “Milliyet”, “Cumhuriyyet”, “Son dakika”, “Haberler.com”, “Ensonhaber”, “Son dakika”, “Haber Global” kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və video xəbərlər hazırlayıb. Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Ahmet Yenerin qardaş ölkə mediasına verdiyi müsahibəsi yer alıb. Bildirilib ki, YSK sədri müsahibəsində sentyabrın 1-nin Azərbaycan demokratiyası və tarixi üçün mühüm bir gün olduğunu vurğulayaraq deyib: “Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra ölkədə ilk dəfə parlament seçkiləri bütün torpaqlarda keçirilir. Seçkilərin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzulayıram. Seçkilərin nizamlı və şəffaf şəraitdə keçdiyini, azərbaycanlı qardaşlarımızın seçkiyə böyük əhəmiyyət verdiyini görürük. Bunu görmək bizim üçün sevindiricidir. Seçici fəallığı çox yüksəkdir”.
Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hosseyn nəşrə müsahibəsində 1 sentyabr parlament seçkilərinin nöqsansız keçdiyini deyib. Rusiyalı müşahidəçilərdən biri, Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bu seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışaraq səsvermənin ölkəmizin bütün suveren ərazisində keçirildiyini qeyd edib. O, azərbaycanlıların öz doğma torpaqlarına qayıtdıqlarını vurğulayaraq deyib: “Bu baxımdan biz bu gün Ümummilli Lider Heydər Əliyevin oğlu, Prezident İlham Əliyevə vəsiyyətinin yerinə yetirildiyinin şahidiyik”. O, Rusiyanın Azərbaycanın siyasətini tam dəstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Agentliyin digər həmsöhbəti, MDB PA-nın baş katibi Dmitri Kobitski parlament seçkilərinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təşkilinə dair hər hansı nöqsan qeydə almayıb. “Mir” Dövlətlərarası Teleşirkəti, “Belarus seqodnya” nəşri,TASS agentliyi, “Rossiyskaya qazeta” nəşri, “İnterfaks” agentliyi və digər nüfuzlu beynəlxlq nəşrlər seçkilərin yüksək seçici fəllığı ilə keçirildiyini qeyd ediblər. “Altı qrupdan ibarət nümayəndə heyətimiz Bakıda yerləşən müvafiq məntəqələrdə keçirilmiş seçki prosesində müşahidəçi qismində iştirak edib. Keçirilən müşahidə ölkə qanunvericiliyinə, habelə seçkilərin təşkili və keçirilməsinə dair beynəlxalq standartlara əsaslanan qanunlara və qabaqcıl təcrübəyə uyğun olaraq aparılıb”. Bunu Qoşulmama Hərəkatı Gənclər təşkilatının müşahidə missiyasının üzvü Jakop Eyeru növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, səsvermə bülletenlərinin hesablanması və nəticələrinin elan edilməsi Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydalara və standartlarına uyğun olaraq aparılıb: “Seçki məntəqələrində seçki hüququna malik olan vətəndaşların inklüziv iştirakını və yüksək seçici fəallığını müşahidə etdik. Müşahidəçilər təsdiqləyib ki, bütün təyin edilmiş seçki məntəqələrində səsvermə zamanı şəffaflıq və legitimlik meyarlarına cavab verən azad və ədalətli seçkilər baş tutub. Müşahidəçilər həm milli, həm də beynəlxalq nümayəndə heyətinə obyektiv müşahidələrin aparılması üçün lazımı inzibati dəstəyin göstərildiyini qeyd ediblər”.
ATƏT-in saxta faktlar əsasında yaydığı sənəd heç bir halda ciddi qəbul edilə bilməz
Seçkilərin azad və demokratik şəkildə baş tutduğunu bütün nüfuzlu media qurumları və müşahidəçilər də təsdiqləyirlər. Yalnız ATƏT ənənəvi riyakarlığından əl çəkmədi. Yenə də həmişəki qərəzli yanaşmasını nümayiş etdirməklə Azərbaycana qarşı sərsəm iddialarla çıxış etdi. Lakin saxta faktlar əsasında yayılan sənəd heç bir halda ciddi qəbul edilə bilməz. Yayılan sənəd, sadəcə, cızma-qaradan ibarət kağız parçasıdır. Azərbaycan xalqı seçki keçirmək və bu seçkinin nümunəvi bir seçki olduğunu bütün dünyaya nümayiş etdirmək gücünə və imkanına malikdir. Necə ki, bunu 1993-cü ildən bu günə qədər keçirdiyi bütün seçkilərdə nümayiş etdirib. Ona görə xeyirli işimizə heç kim, o cümlədən Avropanın qaranlıq dairələrinin əlində alət olan ATƏT müşahidəçiləri ləkələyə bilməzlər.
İLHAM ƏLİYEV