PDF Oxu

Siyasət

  • 1 938

BÖYÜK QAYIDIŞIN uğurlu konsepsiyası - Kəlbəcər səhifəsi TƏHLİL

BÖYÜK QAYIDIŞIN uğurlu konsepsiyası - Kəlbəcər səhifəsi TƏHLİL

Genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Bütün bunlarla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağı kimi beynəlxalq aləmdə tanınır. Əlbəttə ki, dünya dövlətləri ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Əlbəttə ki, güclü dövlət və qazandığımız uğurlar bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olundu. Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün göstəricisidir. Bütün dünya Ordumuzun gücünü, işğalçı Ermənistanın məğlubiyyətini gördü. Azərbaycan xalqı başda olmaqla, bütün türk dünyası bu tarixi Zəfəri yaşadı. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət təkcə region dövlətlərinə deyil, bütün Avrasiya məkanında sülh və inkişafa yol açır.

Bugünkü günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir ki, işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə artıq yeni həyat başlanıb. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir.

REGİONDA YARADILAN ƏN BÖYÜK YAŞIL ENERJİ MƏNBƏYİ

Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Kəlbəcər də yeni quruculuq dövrünə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri çərçivəsində Tərtər çayı üzərində yerləşən "Azərenerji" ASC-nin 22,5 MVt gücündə olan "Yuxarı Vəng" Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

"Yuxarı Vəng" SES-ə su iki mənbədən – "Nadirxanlı" SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Müasir avadanlıqla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kibertəhlükəsizlik tədbirləri görülüb.

Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib.

"Yuxarı Vəng" SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. "Yuxarı Vəng" SES "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin yaşıl enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur. Qeyd edək ki, ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

KƏLBƏCƏR ŞƏHƏRİNDƏ İKİNCİ YAŞAYIŞ KOMPLEKSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. Kompleks 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir. Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır. Bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə olunacaq.

GÖYGÖL VƏ KƏLBƏCƏR RAYONLARINI BİRLƏŞDİRƏN AVTOMOBİL YOLU

Cənab Prezident və Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar. Bununla yanaşı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yolda artıq bir sıra işlər tamamlanıb. Yolun 34,9-35,4 kilometrliyindəki tunelin uzunluğu 500, hərəkət hissəsinin eni isə 8 metrdir. Layihə üzrə yolboyu ümumi uzunluğu 2968 metr olan 6 qovşaq yenidən qurulub. Ümumi uzunluğu 5600 metr olan 36 bağlantı yolunun tikintisi də icra edilməkdədir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun hazır olan 15,2 kilometrlik hissəsində görülən işlərlə bağlı da məlumat verilib. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir.

Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Uzunluğu 23,4 kilometr olacaq Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Beləliklə, bu yol bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

DÜNYA ƏHƏMİYYƏTLİ MEMARLIQ ABİDƏSİ - XUDAVƏNG MƏBƏDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar. Dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda "bərpa" adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.

2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq "VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar" adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib.

AZƏRBAYCANIN QURUCULUQ MEYDANINDA İMZA ATDIĞI LAHİYƏLƏR

Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Qısa bir zamanda Böyük Qayıdışın ilk karvanı olan Ağalıya edilən köç, eləcə də, Şuşada, Füzulidə və digər ərazilərdə görülən işlər bunu deməyə əsas verir. Birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi, Beynəlxalq hava limanlarının - Füzulidə Beynəlxalq hava limanının, Zəngilan Beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bu, Azərbaycanın gücünün göstəricisidir. Beynəlxalq hava limanlarının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir.

Azərbaycan bu gün quruculuq meydanında imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Məlumdur ki, Azərbaycan Zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıldı. Əlbəttə ki, strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sisteminin mövcudluğu işlərin sürətlə və səmərəli həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Bu sənəd əhalinin doğma torpaqlarına geri qayıdışını məsələlərini, məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, məşğulluq imkanlarını artırmaqla yanaşı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etməklə hədəflənən məqsədlərin sürətli və keyfiyyətli icrasına öz töhfəsini verəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər