PDF Oxu

Siyasət

  • 1 987

Bəşəriyyətin Heydər Əliyev dühası TƏHLİL

Bəşəriyyətin Heydər Əliyev dühası TƏHLİL

33 il əvvəl – 3 sentyabr 1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməklə Azərbaycan böyük təhlükələri dəf etməyi bacardı

Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Çünki elə dühalar var ki, onlar həm də bəşəri əhəmiyyətli işlər görürlər. Bunu böyük tarixi şəxsiyyətlər dəfələrlə qeyd etmişlər. Böyük Plutarx yazırdı: "Azadlıq bərabərdir xalq, üstəgəl şəxsiyyət. Şəxsiyyətsiz azadlıq xəyaldır". Bismark isə deyirdi: "Şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizəsi ağlasığmazdır. Xalq öncə şəxsiyyətin ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır".

Böyük Nəsirəddin Tusi yazırdı ki, "hökmranlıq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə onu müalicə edə bilsin. Çünki hökmdar ölkənin həkimi yerində olmalıdır". Sokrat isə qeyd edirdi ki, "dövlətə təcrübəli, səriştəli adamlar başçılıq etməlidirlər. Gəmini müəyyən biliyə, təcrübəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti də o qəbildən olan adamlar idarə etməlidirlər".

ULU ÖNDƏR: "İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz"

Ulu öndər bununla əlaqədar olaraq demişdir: "İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz". Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, eləcə də 90-1cı illərdə və XXI əsrin əvvəllərində özünü görkəmli dövlət xadimi, fenomenal qabiliyyətə və yüksək intellektə malik olan bir insan, uca şəxsiyyət, bütün sahələrə dərindən bələd olan rəhbər, uzaqgörən siyasi xadim kimi göstərmişdi. Dünyanın az-az dövlət xadimlərinə müyəssər olan keyfiyyətlər bu qüdrətli dövlət xadimində tamamilə cəmlənmişdi. Təsadüfi deyildir ki, Heydər Əliyev fenomeni hələ həmin illərdə dünya ictimai-siyasi fikrinin diqqət mərkəzində idi. Dünyanın çoxsaylı siyasətçilərindən, dövlət xadimlərindən Heydər Əliyevin fərqi onda idi ki, o, bütün istiqamətlərdə düşünmək qabiliyyətinə və peşəkarcasına fikir söyləmək imkanlarına malik idi. Dünya siyasətçiləri arasında bu cür "dünyəvi düşüncə tərzi"nə malik olan siyasətçilər çox azdır. Elə bu səbəbdəndir ki, ən böyük siyasət korifeyləri bu dahi şəxsiyyətə böyük hörmət hissi ilə yanaşmış, ona qibtə ilə baxmış, ilk söhbətlərindən və tanışlıqlarından onu özlərinə dost hesab etmişlər: "Sizə həqiqətən qibtə edirəm", "Mən Sizi müəllimim hesab edirəm", "Mənim üçün xüsusilə böyük məmnunluqdur ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünya şöhrətli şəxsiyyətlər tərəfindən idarə olunur" və sair.

...Qüdrətli siyasət və dövlət adamı olan ulu öndər Heydər Əliyev Azərbaycanımızın ən çətin anlarında xilaskarlıq missiyasını öz üzərinə götürmüş və dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Ötən əsrin 90-cı illərində də belə olmuşdur. Hakimiyyət iddiası ilə zor gücünə hakimiyyətə gələn səriştəsiz "bəylər" ölkəni acınacaqlı vəziyyətə salmış, siyasi, iqtisadi, hərbi böhranla üz-üzə qoymuş, vətəndaş müharibəsinə rəvac vermiş, qardaş qanı tökülməsinə səbəb olmuş, bundan istifadə edən məkrli düşmənlərimiz isə torpaqlarımızın bir hissəsini işğal etmiş, yüz minlərlə vətəndaşımız və soydaşımızı qaçqın və köçkün həyatına düçar etmişdir. Ölkə əhalisinin tam əksəriyyəti nicat yolunu ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində görmüşdür.

Faciələrin miqyasına, münaqişələrin mürəkkəbliyinə görə 1993-cü il Azərbaycan dövləti üçün ən ağır dövr idi. Baş verən hadisələr xalqımızın tarixində böyük faciə idi. Ən böyük faciə isə belə adamların hakimiyyətdə olması, lakin dövlətçilikdən baş çıxarmaması idi. Ölkədə özbaşınalıq, lidersizlik və dəhşətli bir hərc-mərclik hökm sürməkdə idi. Bu hadisələr bir daha göstərdi ki, müdriklər duran yerdə hakimiyyəti nadanlara vermək özü də cinayətdir. Bu, hakimiyyət kürsüsü xatirinə bir ölkəni, bir milləti fəlakətə sürükləməyə bərabərdir.

PREZİDENT İLHAM ƏLİYEV: "Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir"

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir".

Bəli, dövlət başçımızın söylədiyi kimi "Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir". Məhz ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin etmişdir. Azərbaycanda müstəqil dövlət quruculuğu ağrılı, əzablı yollar keçib. Bu yolun ən məsul məqamlarında ictimai-siyasi mühitin xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər həsrətində olduğu müstəqilliyini itirmək nigarançılığı ilə bağlı olmuşdur.

NAXÇIVANDAN BAŞLANAN TARİXİ MİSSİYA

33 il öncə 1991-ci il sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan fövqəladə sessiyasında Ulu Öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi də tarixdə liderlərin rolunun əvəzolunmazlığını təsdiq edən mühüm hadisələrdən biridir. 3 sentyabr 1991-ci ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasının nəticəsini meydanlara toplaşan insanlar səbirsizliklə gözləyirdilər. O günlərdə yaşadığı həyəcanını sonradan Rusiyanın jurnalistləri ilə görüşündə xatırlayan Ulu Öndər sonralar həmin sessiya haqqında belə deyirdi: "Sədr seçmək məsələsi gündəlikdə dururdu... Sessiya iki və üç gün davam etdi. Bir nəticəyə gələ bilmədilər. Evə gəlib məni oraya dəvət etdilər. Üç-dörd dəfə boyun qaçırdım. Özümün razılığı olmadan məni Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçdilər" söyləyən Ulu Öndərin bu qərarı Azərbaycanın taleyinin dönüş nöqtəsi oldu. Özünəməxsusluğu ilə seçilən həmin tarixi günün əhəmiyyətini "Çox böyük mənəvi əziyyət içərisindəyəm ki, mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim" sözləri ilə bildirən, yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın belə ağır vəziyyətində, çətin günündə naxçıvanlıların tələbindən imtina etmək, geri çəkilmək, insanlara dəstək olmamaq onların ümidlərini qırmaq demək idi: "Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki , indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm."

"Onun Naxçıvan MR Ali Məclisinə sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı" söyləyən Prezident İlham Əliyevin sözlərini tarix və zaman da təsdiqlədi. 1990-cı ildə imperiyanın törətdiyi 20 Yanvar hadisələrini pisləyən Ulu Öndərin Azərbaycanın Mosvadakı nümayəndəliyindəki çıxışını vətəndaşlıq borcu, kommunst rejiminə qarşı etiraz, siyasi qətiyyət adlandıran Prezident İlham Əliyev müdrik siyasətçi Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini müstəqilliyə gedən yolun başlanğıcı adlandırır: "Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı."

Azərbaycançılıq məfkurəsini siyasi fəaliyyətinin əsas amilləri kimi diqqətdə saxlayan ulu öndər Heydər Əliyevin Azərbaycana dönüşü tarixi hadisə idi. Müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olan Heydər Əliyev siyasi dühası ilə respublikamızın müasir simasını müəyyənləşdirərək, xalqımızın taleyində silinməz izlər qoymaqla varlığımızın əbədi qarantı oldu. Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikaya rəhbərlik asan deyildi. Ağır, çətin zamanda xalqı ilə birlikdə olmaq üçün Vətəninə qayıdan Ulu Öndərin varlığından belə narahat olan qüvvələr hamının el ağsaqqalı, müdrik şəxsiyyət kimi sevdiyi ümummilli lider Heydər Əliyevə qarşı da xəyanətlər törətdilər. Amma milyonlar onu daxili və xarici dairələrin itaətində olan şər qüvvələrdən qorudu. Xilas yolu isə yenə xalqla birlikdə olmaq idi.

MƏN HƏYATIMDAN KEÇƏRƏM, NAXÇIVANI AZƏRBAYCANDAN AYIRMARAM

Ulu Öndərin Naxçıvandakı fəaliyyəti çox zəngin, ağır və eyni zamanda, çox şərəfli bir dövrü əhatə edir. Uzaqgörən siyasətçinin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. 17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasınv ağsaqqal kimi sədrlik edən, Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə təşəbbüs irəli sürən uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişaf, yenilik nəinki çətindir, hətta mümkünsüzdür. Ali Məclisə sədrliyi dövründə daha əhəmiyyətli islahatların həllinə nail olan Ulu Öndər Azərbaycanın süverenliyini təsdiqləyən məsələlərin həllini sürətləndirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən oyunlardan xəbərdar olan siyasətçi "İttifaq müqaviləsini" Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. "Yenidənqurma" oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi. O , "nəticə" ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək ağrısı, əzab- əziyyət, qaçqın, şəhid sözlərini "bəxş etdi". Yalan, saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan kommunist partiyasına etirazını KP sıralarından istefa verməklə bildirən Ulu Öndər vurğulayırdı ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri, insanlarda milli təfəkkür və məfkurənin formalaşdırılması idi. Diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərar qəbul olundu. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan xidmətlərindən biri də 150 ildən artıq bir müddətdə "sərhədlərimizi qoruyan" SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərarın qəbulu oldu. Azərbaycanda "qızıl ordu" hissələrinin qaldığı vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, hərbi texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi isə keçmişimizdən bu günümüzə ərmağan idi. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi, hər iki dövlətdən muxtar respublikaya ərzaq, sənaye malları ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün "Ümid" körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı. Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. AXC-Müsavat iqtidarındakı bəylərin "unitar dövlətdə muxtariyyat ola bilməz" kimi səhv ideyalarına Ulu Öndər "Mən həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan ayırmaram" sözləri və Qars müqaviləsini təzələməklə cavab verdi. Təcrübəli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, Naxçıvanın muxtariyyatının ləğv olunması bu qədim Azərbaycan torpağının itirilməsi demək idi.

Ulu öndər Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunub. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılıb, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılıb, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulub.

Bir sözlə, ulu öndər sentyabrın 3-də xilaskarlıq missiyasını öz üzərinə götürdü: "...İndi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısına, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".

XİLASKAR MİSSİYALI QAYIDIŞ

Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Yaxın keçmişimizdə baş verən hadisələrə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Dahi Şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də Ulu Öndər yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Ümummilli Liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir. Ulu Öndər həmin dövrdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi.Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib.

İLHAM ƏLİYEV VƏ SİYASİ VARİSLİYİN TƏNTƏNƏSİ

Bəli, xalqın irəlidə – Ulu Öndərdən sonra taleyini etibar etmək istədiyi lider yalnız İlham Əliyev idi. Prezident İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez-tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. Ümummilli liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi Üummilli Lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmışdı. Belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: "Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bəli, 20 il prezidentlik fəaliyyəti müddətində Prezident İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.

Ən əsası isə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Prezident İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!".

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir",-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. Bütün bu kimi əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət dövlət başçımız tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sahəsində gördüyü nəhəng layihələri respublikamızın Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Məqsəd isə birdir – Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasını təmin edilməsi, ölkəmzin adının ən yüksək zirvələrdə çəkilməsi. Bizlər də hər bir vətəndaş kimi inanırıq ki, Azərbaycanı, onun xalqını uğurlu daha gələcək gözləyir. Azərbaycanın dahi oğlunun əməlləri, müqəddəs ideyaları və arzuları xalqımızın qəlbində əbədiyyən yaşayacaq, yaşadılacaqdır!

Beləliklə, Ulu Öndər Heydər Əliyevin istər Ali Məclisin Sədri, istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıb və bu, Azərbaycanın xilası və inkişafı epoxasıdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər