Sentyabrın 1-də güclü və qüdrətli Azərbaycanda növbəti tarixi hadisə yaşandı. Xalqımız böyük bayram əhaval-ruhiyyəsi ilə seçki məntəqələrinə gedərək Mİlli Məclisdə onu layiqincə təmsil edəcək nümayəndələrinə səs verdi. Azad və demokratik şəraitdə başa çatan seçkilərin qalibi isə xalqın inam və etimad yeri olan Yeni Azərbaycan Partiyası oldu. Yəni parlamentdə əsas çoxluqda yenə də YAP oldu. Bu da təbii və gözlənilən haldır. Çünki Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Fateh Sərkərdə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP xalqın dəstəklədiyi və böyük etimad göstərdiyi yeganə partiyadır. Hələ seçkilər öncəsi YAP sürətlə seçki hazırlıqlarına başladı. İyulun 3-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilmiş və iclasda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın Tədbirlər Planı təsdiq edilmişdir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılıb və onun tərkibi təsdiq edilib, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib. Xalqın dəstəyi, eləcə də kifayət qədər seçki təcrübəsi onu deməyə əsas verirdi ki, 1 sentyabr parlament seçkilərinin qalibi yenə də Yeni Azərbaycan Partiyası olacaq. Başqa cür düşünmək də yanlışlıq və sadəlövhlük olardı. Çünki 1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilərin qalibi Yeni Azərbaycan Partiyası olub. Əldə olunan qələbələr xalqın Yeni Azərbaycan Partiyasına inamını göstərən başlıca amillərdəndir. Məhz bu inamın nəticəsidir ki, ardıcıl olaraq YAP xalqın dəstəyini qazanaraq seçkilərdə qalib partiya olur. Bu dəfə də ənənə dəyişmədi. Sentyabrın 1-də baş tutan parlament seçkilərində YAP seçicilərin səsini qazanaraq parlamentdə 68 deputat yerinə sahib oldu. Bu barədə Mərkəzi Seçki Komissiyasının saytında qeyd olunub. “Exit-poll”un nəticələri də YAP-ın lider partiya olduğunu təsdiqləyir. Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində "exit-poll” keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum keçirdiyi mətbuat konfransında bidirdi ki, “exit-poll” nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası əsas səs toplayıcısıdır. George Birnbaum onu da qeyd etdi ki, seçkilərdə bitərəf namizədlər arasında da yüksək nəticəsi olanlar var: “Bütövlükdə Prezidentin siyasətini dəstəkləyənlər bu seçkidə daha uğurlu nəticə göstəriblər”. İtaliyanın "SWG SPA" şirkəti də seçki prosesinin xalqın iradəsi əsasında, azad və demokratik şəraitdə keçirildiyini və seçkilərin əsas qalibinin Yeni Azərbaycan Partiyası olduğunu qeyd etdi.
YAP-ın seçki qələbəsi dünya mətbuatında
Cənubi Qafqazın lider partiyası olan Yeni Azərbaycan Partiyasının parlament seçkilərində parlaq qələbə qazanması cəmiyyəti məmnun etdiyi kimi dünyanın aparıcı sağ mərkəzçi hakim partiyalarını da razı salıb. Dünyanın bəzi aparıcı media qurumlarının YAP -ın seçkilərdə qələbəsindən bəhs edən geniş məqalələr, reportajlar yayımları partiyanın uğurlarının diqqət mərkəzində olduğunu göstərir. Dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri olan Sinxuanın “Azərbaycanın hakim partiyası parlamentdə üstünlüyünü qoruyub” sərlövhəli məlumatında Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə 68 yer qazandığı qeyd olunub. Bildirilib ki, Mərkəzi Seçki Komissiyası 5895 məntəqə üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb. Səsvermədə seçici fəallığının 37,27 faiz təşkil etdiyi qeyd olunub. Çin Mərkəzi Televiziyasının (CCTV) internet səhifəsində, Çin Kommunist Partiyasının rəsmi nəşri olan “Jenmin Jibao” qəzetində, dünya üzrə milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzetinin internet səhifəsində, digər nüfuzlu xəbər portallarında mövzu ilə bağlı materiallarda da növbədənkənar parlament seçkisində Yeni Azərbaycan Partiyasının qələbəsindən söz açılıb. Eyni zamanda Çin mediası sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərin gedişi haqqında operativ xəbərlər yayıb. Həmin xəbərlərdə səsvermə hüququ olan seçicilərin, seçki məntəqələrinin, namizədlərin sayı haqqında məlumat verilib, səsvermə prosesini 600-ə yaxın xarici müşahidəçinin izlədiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakı şəhərindəki seçki məntəqəsində səs verdikləri diqqətə çatdırılıb. Dost, qardaş Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, “Milliyet”, “Cumhuriyyet”, “Son dakika”, “Haberler.com”, “Ensonhaber”, “Son dakika”, “Haber Global” kimi bir çox media qurumları ölkəmizdə keçirilən parlament seçkiləri ilə bağlı geniş və əhatəli məqalələr dərc edib, reportajlara yayımlayıblar. Yazılan məqalələrdə, paylaşılan verilişlərdə Azərbaycanda baş tutan parlament seçkilərinin azad və demokratik şəraitdə keçirildiyi qeyd edilir və seçicilərin dəstək verdiyi partiyanın Yeni Azərbaycan Partiyası olduğu vurğulanır. Söz yox ki, dünya mediasının xalqın partiyası olan Yeni Azərbaycan Partiyasına xüsusi diqqət ayırmaları təsadüfi deyil. Axı YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Həm də YAP dünyanın əksər hakim partiyaları ilə geniş əməkdaşlıq əlaqələri quran və hər zaman bu əlaqələrin inkişaf etdirilməsinə özünün töhfələrini verən partiyadır. Bu ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasının təməli isə YAP-ın siyasi arenaya çıxmasının ilk dönəmində qoyulub. Hansı ki, o zaman nəinki Azərbaycan dövlətinin, ümumilikdə hansısa siyasi, ictimai təşkilatın beynəlxalq müstəviyə çıxması halı mövcud deyildi. Məlum faktdır ki, ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Bu özbaşınalıqdan istifadə edən məkrli Ermənistan ardıcıl olaraq torpaqlarını işğal edirdi. Vəziyyətin son dərəcədə ağır olması ölkəmizi müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə ağır dövrdə xalq üzünü ümid yeri Ulu Öndərimiz Heydər Əliyevə tutdu. Bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı. Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun sədri olmağa razılıq verdi. Lakin ozamankı AXC-Müsavat iqtidarı Dahi Öndər Heydər Əliyevin Bakıya gəlməsinə maneələr yaradırdı. Bu səbəbdən də partiyanı yaratmaq istəyən 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldular. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrünün əsası qoyuldu.
Yeni və davamlı qələbələrə doğru
Ulu Öndərimizin müdrik siyasəti nəticəsində bütün çətinliklər, ağrılı problemlər aradan qaldırıldı və Azərbaycan inkişaf edən qüdrətli dövlətə çevrildi. O zaman ağır, üzücü tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir.Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. Ümummilli Liderimiz Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası öz sıralarında 750 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Heç şübhəsiz ki, xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Ulu Öndər Heydər Əliyev YAP üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi. YAP-ın rəhbərliyinə Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin seçilməsi partiyanın həyatında dinamik dönüş yaratdı. 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan Cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi. 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Yeni Azərbaycan Partiyasının Partiyanın VII qurultayı daha möhtəşəm, tarixi bir mərhələdə keçirildi. Həmin tarixi anlar 30 il işğal altında olmuş torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir. Bütövlükdə, YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ən əsası, qəbul olunan qərarlarla YAP həm də yeni siyasi nümunə ortaya qoydu. Ən əsası, VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək. Bu kimi möhtəşəm uğurlar Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz, Partiyamızın Sədri İlham Əliyevin çox böyük əzmlə və milli, dövlətçilik mənafeyinə əsaslanan siyasət aparmasının nəticəsidir. Ona görə də, bundan sonra hansısa seçkinin keçirilməsindən asılı olmayaraq Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası qalib partiya olacaq. Çünki Azərbaycan xalqı elə Yeni Azərbaycan Partiyası deməkdir.
İLHAM ƏLİYEV