Prezident İlham Əliyev: "Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq"
Böyük Qayıdış konsepsiyasına uyğun olaraq, işğaldan azad olunan ərazilərimiz kimi, Kəlbəcərdə də quruculuq-abadlıq işlərinə start verilib. Artıq işğaldan azad edilən rayonda irimiqyaslı layihələr həyata keçirilir. Kəlbəcər şəhərinin Baş planı əsasında işlər reallaşır. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.
Tədbirlər Planına əsasən, yerli sakinlərin geri qayıdışının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3500 ev - 2000 fərdi yaşayış evi və 1500 mənzil tikilərək istismara veriləcək. 2024-cü ildə 1115, 2025-ci ildə 725, 2026-cı ildə 1610 evin tikintisi baş tutacaq. 2026-cı ilə qədər 1 şəhər, 1 qəsəbə, 13 kənd olmaqla 15 yaşayış məntəqəsinin layihələndirmə işlərinə başlanılması nəzərdə tutulub. Artıq Prezident İlham Əliyev tərəfindən Kəlbəcər şəhərində inşa olunacaq İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Bu layihə ilə həm də təbiətə ehtiram nümayiş olunacaq. Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışı ölkəmizin müdafiə potensialının göstəricisidir.
İSTİSU QƏSƏBƏSİNƏ 159 AİLƏ KÖÇÜRÜLƏCƏK
Böyük Qayıdış strategiyası nəticəsində 30 illik həsrətdən sonra öz dədə-baba yurdlarından uzaq düşmüş insanlar müasir məkanlarda həyat sürəcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərə növbəti səfəri çərçivəsində yeni təməlqoymalar bu ərazinin müsir məkana çevriləcəyinə əsaslanır. Cənab Prezidentin bildirdiyi kimi, "Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub. İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, "townhouse" tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək.
İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq.
Tarixən İstisu qəsəbəsində əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.
524 AİLƏLİK YAŞAYIŞ KOMPLEKSİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır. Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.
Kompleksdə, həmçinin "townhouse" tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, "townhouse" tipli ikimərtəbəli 57 ev inşa olunacaq.
Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
KƏLBƏCƏR VƏ LAÇIN SAKİNLƏRİ ÜÇÜN YENİ İŞ YERİ
Dövlətimizin başçısının Kəlbəcərə səfəri tarixi hadisələrlə yadda qalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər. "İstisu" mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir. Qeyd edək ki, 1976-cı ildən etibarən Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik "İstisu" təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb. Prezident İlham Əliyev zavodu işə salıb. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan "İstisu" mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində "İstisu" təbii mineral suyunun istehsalı dayanıb.
Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. "İstisu" mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın "Krones" şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. "İstisu" zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su "İstisu" - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.
"İstisu" təbii mineral suyu, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216–2006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.
İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.
Qeyd edək ki, "İstisu" mineral su zavodu ətraf mühitin qorunmasına da töhfə verir. Mineral su istehsalında əsas səylər uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Bu gün zavodun əsas məqsədi ətraf mühitə zərər vermədən yüksəkkeyfiyyətli məhsullar istehsal etməkdir. Bu məqsədlə zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyalar tətbiq olunur.
AZƏRBAYCANIN REGİONAL ENERJİ MÜSTƏQİLLİYİ GÜCLƏNDİRİLİR
Bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biri olan Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas məqsədlərindən biri də ölkədə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.
İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan üçün mühüm bir mərhələdir. Bu ərazilərdə yaşıl enerjiyə keçid, iqtisadi inkişafı sürətləndirmək və ətraf mühiti qorumaq baxımından əhəmiyyətlidir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin inkişafını ön plana çəkərək, yaşıl enerjiyə keçid prosesini sürətləndirir. Bununla bağlı məqsədyönlü tədbirlər reallaşır.
Kəlbəcər rayonunda dövlətimizin başçısı "AzərEnerji" ASC-nin 4,3 MVt gücündə "Zar" Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə "Toğanalı" KSES-in açılışını edib. Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində yaşıl enerji istehsal edəcək su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir. Cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğu və COP29-a ev sahibliyi edəcək Azərbaycanın Kəlbəcər rayonunda 4,3 meqavat gücündə "Zar", Göygöl rayonunda isə 4,1 meqavat gücündə "Toğanalı" Kiçik Su Elektrik stansiyaları cəmi bir il ərzində tikilib. İnnovativ mühəndislik işi sayılan bu stansiyaların maşın zallarında Avropa istehsalı olan turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyalar 24 damarlı fiber-optik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunub. Bu elektrik stansiyalarını su ilə təchiz etmək üçün "AzərEnerji" tərəfindən Zar və Kürəkçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilib. Bu məqsədlə çaylarda yaşayan canlıların, ümumilikdə flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilib. Ümumilikdə hər iki stansiya üçün çətin relyefdə 14 min metr derivasiya boruları çəkilib və çay ekosisteminin qorunmasına xüsusi önəm verilib.
"Zar" və "Toğanalı" KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Qeyd edək ki, "Zar" və "Toğanalı" stansiyalarının istismara verilməsi enerjisistemdə yaşıl enerjinin davamlı artırılması missiyasına töhfə olmaqla yanaşı, ekoloji davamlılıq məqsədinə çatma yolunda mühüm əhəmiyyətə malikdir.
Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, yaşıl enerji istehsalının tam şəkildə təmin edilməsi və artıq qalan enerjinin ölkə enerjisisteminə ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir. Bu, həm də ölkənin enerji istehsalında dayanıqlılıq və ekoloji davamlılıq məqsədinə çatma yolunda mühüm bir addımdır. Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri yaşıl enerji zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən "AzərEnerji" ASC tərəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Bu su elektrik stansiyalarının 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.
Həmin stansiyalarda ümumilikdə 110 milyon kVts-dan çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaza qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.
Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib və bu günədək 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.
Qeyd edək ki, regiondakı SES-lərin qoyuluş gücü 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı, bununla da 350-400 milyon kubmetr təbii qaza qənaət edilməsi, 650-750 min ton həcmində karbon dioksid emissiyasının azalması proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, Azərbaycanın digər regionlarında SES-lərin illik istehsalı ortalama 1,2 milyard kilovat-saat təşkil edirsə, Qarabağ və Şərqi Zəngəzurda bu həcm 50 faiz daha çoxdur.
Artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinin sürəti artıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, illərdir yurd-yuva həsrəti ilə yaşayan insanlar öz yaşadıqları yurd yerlərinə dönürlər.
Zümrüd BAYRAMOVA