PDF Oxu

Siyasət

  • 2 413

"Formula-1" yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir" TƏHLİL

"Formula-1" yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir" TƏHLİL

Son illərdə Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına və onlarla belə irimiqyası beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan daha bir tədbirə "Formula-1" yarışlarına da uğurla ev sahibliyi edir. Təbii ki, bütün bu və ya digər idman yarışlarının ölkəmizdə təşkili Azərbaycanın idman siyasətinin uğuru, beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin, idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin göstəricisidir.

Paytaxt Bakıda start götürən elit yarışmalarından olan "Formula-1"-ə Azərbaycan ev sahibliyi etməklə iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha dünyaya nümayiş etdirdi. Belə yarışların Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idman sahəsində də ölkəmizin böyük nüfuz qazandığının təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.

Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Dünyada yarım milyarddan artıq tamaşaçı auditoriyası olan "Formula-1" yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır. Azərbaycan Qran-Prisinin 2026-cı ilədək Formula 1 təqvimində qalması da təsadüfü deyildi.

ƏN SÜRƏTLİ YARIŞLAR KATEQORİYASI - BAKI TREKİ

Bildiyimiz kimi, sentyabrın 13-də Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran-Prisinə start veriləcəkdir. Avropa Qran-Prisi adlandırılan ilk yarış Azərbaycanda 2016-cı ildə təşkil olunub. "Formula-1" yarışlarının Bakı mərhələsi dünyada böyük maraq doğurub. Bakı bütün iştirakçıları və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdıracaqdır. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış olur. Belə ki, yarış zamanı qonaqlar İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və s. görərək, ecazkarlığı seyr edirlər və yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazanırlar. Uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometr olan Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

"Formula-1" Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gələn çoxlu sayda turistlər tarixi məkanlar, istirahət mərkəzləri ilə tanış olurlar. Həm müasir, həm də qədim şəhərlə tanış olurlar. Ənənələr, mədəniyyət, tarixin qorunduğu şəhər hər kəsdə zəngin təəssürat oyadır. "Formula-1" Azərbaycan Qran-Prisi dünyanın nüfuzlu ölkələrini mətbuatında yer alıb. Dünya ölkələrinin KİV-ləri Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-Prisindən yazaraq həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın "Formula-1" Qran-Prisinə də müvəffəqiyyətlə ev sahibliyi etdiyini, yarışın gedişini, cəlbediciliyini diqqətə çəkərək, pilotlar, eləcə də burada olan yenilikləri və s. məlumatları oxuculara çatdırıblar. Beləliklə, növbəti "Formula-1" Azərbaycan Qran-Prisinin uğurla başa çatmasın bizdə əminik yaradıb. Növbəti dəfə də Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirəcəklər.

"FORMULA-1" YARIŞINI KEÇİRƏN ŞƏHƏRLƏR İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN YA PAYTAXT ŞƏHƏRLƏRİ, YA DA Kİ, BÖYÜK ŞƏHƏRLƏRİDİR"

Belə yarışların keçirilməsi, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizdə mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir.

2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan, əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları, məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm keçirilməsinə əsas verir.

Əlbəttə ki, ölkəmizdə bir sıra önəmli beynəlxalq idman yarışlarının təşkili onun siyasi-iqtisadi nüfuzundan xəbər verir. Azərbaycan dövləti bununla da dünyaya sülh mesajını verir.

Hər hansı ölkədə mötəbər yarış keçirilirsə, bu, həmin ölkəyə turist axını gətirir. Təbii ki, keçirilən bu və ya digər tədbirlər turistlərin ölkəmizə axınını daha da gücləndirib. Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeşin televiziya vasitəsilə izləməsi, təbii ki, ölkəmiz ətrafında olan münasibətləri formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bu yarışın ölkəmiz üçün çox böyük faydası olduğunu bildirib: "Birincisi, "Formula-1" yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, "Formula-1" yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə". Cənab Prezident birinci "Formula-1"-dən sonra Azərbaycana kütləvi turist axınının başladığını bildirib: "Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var… Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz".

Əlbəttə ki, "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yarışlar müntəzəm yayımlanır. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olur, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bilirlər.

Beləliklə, təhlükəsizlik, infrastruktur hazırlığı baxımından yüksək tələblərə cavab verən paytaxtımız 13-15 sentyabr tarixlərində yenidən növbəti dəfə yarışa uğurla ev sahibliyi edəcəkdir. Dünyanın idman nəbzi Bakıda döyünəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər