“2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində Ermənistan hərbi qüvvələri bir sıra hərbi təxribatlar, terror hücumları törətmişdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minalar partladılmışdı. Bunun nəticəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları şəhid olmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib. O bildirib ki, Azərbaycan anti-terror tədbirləri həyata keçirməyə başladı: “Bütün təxribatların qarşısının alınması üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikası Konstitusiyası quruluşunun bərpa edilməsi məqsədilə lokal anti-terror tədbirləri çox mühüm əhəmiyyət kəsb edirdi. Anti-terror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi və erməni separatçıları artıq təslim olmağa məcbur oldular.Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq atəşkəs haqqında razılaşma əldə olundu. Bundan sonra həmin razılaşmaya əsasən Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, yəni qeyri-qanuni silahlı dəstələri silahı yerə qoymalı və hərbi postlardan tamamilə çıxmalı idilər. Qarabağda yaşayan erməni icmasının nümayəndələri dəfələrlə Azərbaycanla görüşdən imtina etmişdilər. Bir gün davam edən anti-terror tədbirlərindən sonra bizim təyin etdiyimiz görüş nöqtəsi, məhz Yevlax şəhərində görüşməyə məcbur oldular. Həmin görüşdə artıq separatçı rejim ləğv edildi, Qarabağda yaşayan erməni sakinlərinin reinteqrasiyası məsələləri müzakirə olundu. Onlara regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək şansı verildi.Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə 24 saatdan az bir müddətdə həyata keçirilən anti-terror tədbirləri nəticəsində separatçı rejim ləğv olundu, Azərbaycan dövlət suverenliyini tamamilə bərpa etdi”.
Müəllif: Səbinə Hüseynli