PDF Oxu

Siyasət

  • 1 887

Qardaş Türkiyədən təbrik! ŞƏRH

Qardaş Türkiyədən təbrik! ŞƏRH

Prezident İlham Əliyev: "Birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqamətidir"

Azərbaycan ilə Türkiyənin əməkdaşlığı bütün sahələrdə dinamik şəkildə inkişaf edir və bu həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır. Türkiyə hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini dəstəkləyib. Bu əlaqələrin hazırkı səviyyəyə gəlib çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri, Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olması önəmli əhəmiyyət kəsb edir. Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəng edərək təbriklərini çatdırması mövcud münasibətlərin təzahürüdür. Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəmini qeyd edib. Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub. Eyni zamanda, ölkəmizdə keçirilən bu seçkilərdə Türkiyə Böyük Millət Məclisinin parlamentlərarası dostluq qrupunun müşahidəçi qismində geniş tərkibdə iştirak etdiyi bildirilib. Bildiymiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndələri ölkəmizdə keçirilən parlament seçkilərində böyük heyəti ilə müşahidəçi statusunda iştirak etmək Azərbaycana səfər etmişdilər. Bu seçkilər suverenliyini və ərazi bütövlüyünü tam təmin edən Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri idi.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

SEVİNC VƏ KƏDƏRİMİZƏ ŞƏRİK TÜRKİYƏ

Çağdaş dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Cənab Prezident İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Azərbaycan və Türkiyəni birləşdirən bir çox amillər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı təmin edən şərtləndirici amillərdir. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçib.

Qeyd edək ki, sevinc və kədərimizə şərik olan Türkiyə hər zaman Azərbaycana dəstək olmuşdur. Azərbaycan tarixinin səhifəsinə yazılan cari ilin 7 fevral ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri müdrik xalqımızın yekdilliyi ilə, həmrəyliyi ilə yeni tariximizə möhrünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini edərək bir daha inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verdilər. Bu səs Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasətə verilən səs idi. Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, xalqın güzəranını və rifahını dönmədən yüksəldərək, ərazi bütövlüyümüzü təmin edərək və suverenliyimizə imza ataraq xalqın alternativsiz Liderinə çevrilib..

Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi- qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın Qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırmışdı.

İki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verərək və bu əlaqələrin daha da möhkəmlənməsi üçün uzaq gələcəyə hesablanmış addımlar atmışdır. Tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və bu birlik əsrlər boyu davam edəcək.

44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, daha bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi bir daha təsdiqləyir. "İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi"- deyə Prezident bildirib.

Bu günlərdə Türkiyənin İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak vilayətlərində baş verən yanğınlara qarşı mübarizədə Azərbaycan da həmrəylik göstərdi. Ölkənin 12,5 milyon hektar meşə sahəsi yanğın təhlükəsi altında olduğu bir zamanda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə göndərildi.

QARDAŞLIQ VƏ STRATEJİ MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz "BE-200ÇS" amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirmişdi. Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib.

Belə bir vəziyyətdə Azərbaycanın Türkiyənin yanında olması qardaşlığa söykənir. Azərbaycan Türkiyənin çətin zamanında ondan qardaş əlini əsirgəməyib. Bildiyimiz kimi, 2021-ci ildə Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycan qardaş Türkiyənin yanında oldu. Yanğının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə yardım dəstələri göndərmişdir.

Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi. Hər bir Azərbaycan vətəndaşının nəbzi Türkiyə ilə döyündü.

Bu gün regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Azərbaycan Prezidenti çıxışlarının birində belə demişdir: "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir."

Müasir Azərbaycanın tarixində müstəsna yer tutan hadisələrdən biri də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu hadisə iki qardaş dövlətin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. "Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular", - deyən Prezident tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi olduğunu qeyd edib: "Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir". Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.

Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini - həmrəyliyini təmin edən amillərdir. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir.

Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər