"Prezidentin Kəlbəcərə səfəri Kəlbəcərdə görülən quruculuq, bərpa işləri ilə bağlı idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.O bildirib ki, Kəlbəcərdə bir neçə layihə icra olunur: "Bunlardan ən önəmli olanlar Kəlbəcər şəhərində ilk yaşayış kompleksinin hazırlanması və açılışı idi. Bu, o deməkdir ki, yaxın dövrlərdə Kəlbəcər sakinləri öz yurd-yuvalarına qayıdacaqlar.İkinci açılış "İstisu" mineral su mənbəyində sanatoriya kompleksinin və istehsal müəssisəsinin açılması ilə bağlı idi. Bu, olduqca vacib bir layihədir. İstisu müalicəvi əhəmiyyətinə görə dünyada məşhur olan su brendlərindən biridir. Sanatoriya kompleksi gələcəkdə bölgənin turizm potensialının daha da genişlənməsinə və bölgənin inkişafına töhvə verəcək bir layihədir"."Tərtər çayı üzərində tikilən 40 megabatlıq Su Elektrik Stansiyası yaşıl enerji və bölgənin enerji təminatı ilə bağlı çox ciddi rol oynayacaq. Bunlarla bərabər bölgədə yol infrastrukturunun yaradılması ilə bağlı layihələr icra olunur. Bu çətin, dağlıq relyefdə çəkilən yollar, tikilən tunellər böyük layihələrdir. Bu o deməkdir ki, 2026-cı ilə qədər "Böyük Qayıdış"ın birinci mərhələsinin yekunlaşması istiqamətində kifayət qədər ciddi addımlar atılır.Kəlbəcərin həm təbii potensialı, eyni zamanda yerləşdiyi strateji mövqe bu cür layihələrin icrasını vacib hesab edir. Qarşıya qoyulan əsas məqsəd ondan ibarətdir ki, azad olunmuş ərazilər sürətlə bərpa olunsun, bizim keçmiş ərazilərdən deportasiya olunmuş məcburi köçkünlər sürətlə öz ata-baba yurdlarına qayıtsınlar" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə