PDF Oxu

Siyasət

  • 2 508

Əsrə bərabər son 20 il - Prezidentin fəaliyyətinin uğur hesabatı... ŞƏRH

Əsrə bərabər son 20 il - Prezidentin fəaliyyətinin uğur hesabatı... ŞƏRH

Bəli, tarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu illər ərzində ölkənin siyasi inkişafı, hərbi qüdrətinin artırılması, sosial-iqtisadi rifahı üçün böyük uğurlara nail olub. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.

«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır».

Dövlət başçısı İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır». Və sözsüz ki, “Domokl qılıncı” kimi başımızın üstünü kəsdirən Qarabağ probleminin birdəfəlik həlli, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan liderinin 20 illik fəaliyyətinin ən mühüm nailiyyətidir.

Prezidenti, Ali baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Son ötən 20 illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır.

Bəli, sözü imzası qədər güclü olan lider, Ali Baş Komandan Prezident İlham Əliyev 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün “Güclü ordu - güclü dövlət” strategiyasının və "Dəmir yumruq" siyasətinin nəticəsində bu qələbə qazanıldı. Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq! Budur, sözü imzası qədər dəyərli olan Lider. Və Ermənistanın alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!: «Heç kim bizi dayandıra bilməz!. Yüz minlik ordunu kim dayandıra bilər?... Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!». Çünki bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil.

Beləliklə, Qalib Sərkərdə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi və bu zəfərlə yürütdüyü 20 illik - “Güclü ordu - güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Və bu uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Bəli, bu Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib, regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir və dünyanın qüdrətli hərbi güclərindən birinə çevrilir. Əminliklə deyə bilərik ki, həyata keçirilən hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu qüdrətini daha da artıracaq, tam modern hərbi gücə çevriləcək. Və nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz. Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.

Və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. 2022-ci ildə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» təsdiq edildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşan torpaqlarda bərpa-quruculuq işlərinin sürətini artırmaq, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarına nail olmaqdır. Qısa müddətdə Füzuli və Laçın şəhərlərinə, həmçinin Ağalı, Zabux və Talış kəndlərinə soydaşlarımızın qayıdışı, cari ildə də bu prosesin davamlılığının təmin edilməsi özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev ilk gündən bu tapşırığı verdi ki, soydaşlarımızın ən yüksək səviyyədə yaşayışı təmin edilməlidir. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.» Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev sualları cavablandırarkən “Məskunlaşma və Böyük Qayıdış” proqramı barədə də bildirdi ki, dörd şəhərə və dörd kəndə vətəndaşlar artıq qayıdıblar. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir.Çünki bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq. Postmünaqişə dövründə “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları, ən əsası ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal antiterror tədbirləri Ordumuzun gücünü, eyni zamanda. “Dəmir yumruğ”un yerində olmasının təsdiqidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışı dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir. Lokal antiterror tədbirlərindən sonra da belə qənaət yarandı ki, artıq sülh müqaviləsinin imzalanması üçün maneə yoxdur. Dövlət başçısının yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən deyə bilərik ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatsa da belə Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini uğurla davam etdirir, sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini möhkəmləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesaj kimi dəyərləndirilən “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın».

«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı etdi: «Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.»

Ən əsası isə, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə – COP 29-a ev sahibliyi etmək haqqı qazanıb. Düzdür, ölkəmiz artıq beynəlxalq tədbirlərin, nüfuzlu sammitlərin, habelə ən həlledici siyasi və hərbi görüşlərin keçirildiyi etibarlı ünsiyyət və danışıqlar platforması kimi də ad çıxarıb. Azərbaycan Prezident cənab İlham Əliyev aprelin 24- də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında mühüm məsələlərə toxunaraq ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, perspektivdə görüləcək işlərdən, o cümlədən paytaxt Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən, Azərbaycana belə böyük etimadın göstərilməsindən danışaraq vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq».

Bəli, 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan etimad və etibar ölkəsidir!

Bir sözlə, son 20 ilin uğurları bizə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev bundan sonra da Azərbaycan dövlətini və xalqını zəfərdən zəfərə, zirvədən zirvəyə aparacaq.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlaş Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Digər xəbərlər