Siyasət

  • 881

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin diplomatik əlaqələrinin 32-ci ildönümü qeyd edilib

image

Sentyabrın 4-də Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə tədbir təşkil edilib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycanın və BƏƏ-nin Dövlət himnləri səsləndirilib.Sonra çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci il sentyabrın 1-də qurulduğunu deyib: "O vaxtdan etibarən, biz iki ölkənin rəhbərliyi ilə ikitərəfli münasibətlərdə çoxsaylı nailiyyətlərin, inkişafın, uğurların şahidi olmuşuq”.İki ölkə arasında imzalanmış çox mühüm sənəd - Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun əhəmiyyətinə toxunan səfir vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində dostluq və qardaşlıq münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir.BƏƏ-nin iri şirkətləri olan "Masdar" ve ADNOC tərəfindən Azərbaycanda mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran səfir əlavə edib: “COP29 vasitəsilə qlobal problemi - iqlim dəyişikliyini həll etmək üçün birlikdə səylər göstərməkdən qürur duyuruq. BƏƏ bütün təcrübəsi ilə Azərbaycanı dəstəkləyir. Azərbaycanı bu mühüm beynəlxalq tədbirə ev sahibliyi münasibətilə təbrik edirik”.Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin xalqlarımızın qarşılıqlı hörmətə əsaslanan dərin və davamlı tərəfdaşlığına söykəndiyini söyləyib.O bildirib ki, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələrini dərinləşdirməyə sadiqdir. Nazir müavininin sözlərinə görə, BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana səfəri ikitərəfli münasibətlərimizə böyük təsir göstərib.“Azərbaycan və BƏƏ arasında əməkdaşlığın ən perspektivli sahələrindən biri də alternativ enerji sahəsidir. Azərbaycan öz enerji kompleksini şaxələndirmək və karbon emissiyalarını azaltmaq öhdəliyinə sadiqdir. Resurslarımızı birləşdirmək, təcrübə mübadiləsi aparmaq və innovativ texnologiyalara sərmayə qoymaqla biz təkcə öz ölkələrimiz üçün deyil, həm də bütün dünya üçün daha davamlı gələcəyə töhfə vermiş olacağıq”, - deyə E.Məmmədov vurğulayıb.Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı yenidənqurma işlərinə başladığını xatırladan nazir müavini deyib: “Azərbaycanın bu çox milyardlıq sərmayəsi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz torpaqlarına qayıtması üçün lazımi şərait yaratmaq məqsədi daşıyır. Beynəlxalq ictimaiyyətin səsi Azərbaycanın reabilitasiya və yenidənqurma səylərinə, xüsusilə humanitar minatəmizləmə təşəbbüslərinə daha çox dəstəyin səfərbər edilməsində mühüm rol oynaya bilər. Bu baxımdan, BƏƏ-nin belə çətin dövrdə Azərbaycana göstərdiyi əvəzsiz mühüm yardımı yüksək qiymətləndiririk. Bu dəstək təkcə minaların təmizlənməsindən ibarət deyil, ümidləri bərpa etmək və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına şərait yaratmaqdır”.Sonda Azərbaycan və BƏƏ əlaqələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Digər xəbərlər

Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib

Qərbi Azərbaycan İcması Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edib

“BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi”

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY