Siyasət

  • 900

“BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi”

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY

image

"Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi".

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında "Həmvətənlərə Dəstək" İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn söyləyib.

Bundan əlavə, ötən ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "Artsax"ı təbrik etməsinin Azərbaycanın səbrini tükətdiyini xatırladan hərbi ekspert deyib: "Həm BMT-nin qətnamələrinə, həm də üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırması, Qarabağ ərazisində terror aktları törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi".

Azərbaycanın dörd min kvadratkilometr ərazisinin 23 saatdan da az vaxtda azad olunması, qanunsuz erməni silahlı dəstələrinin darmadağın edilməsi ilə nəticələnmiş bu antiterror tədbirlərinin dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunduğunu vurğulayan E.Hüseyn deyib: "Eyni zamanda, bu, mülki əhaliyə heç bir zərər yetirilmədən aparılmış uğurlu əməliyyatdır. Heç bir erməni mülki vətəndaşı zərər görmədən və ya infrastruktura ziyan vurulmadan terrorçular tərksilah olundu. Nəticədə azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq imkanı əldə etdi.

Lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Fəaliyyəti sıfıra bərabər olan ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmadı. BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi".

O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə parlament seçkiləri üzrə səsvermənin təşkili, bütün dünyadan gələn iş adamlarının, siyasi xadimlərin, dost dövlətlərin rəhbərlərinin Qarabağda qəbul edilməsi olduqca qürurvericidir. Lokal antiterror tədbirləri həm də Azərbaycan ərazisində qondarma parlament yaradaraq onu Şuşaya köçürmək istəyən Ermənistan baş nazirinə ədalətli cavab oldu.

"44 günlük Vətən müharibəsindən sonra Xocalının, Xankəndinin, Ağdərənin Azərbaycanın nəzarətinə qaytarılması çox çətin görünürdü. Dövlətimizin başçısı Brüsseldə keçirilən görüşlərdə və danışıqlarda Azərbaycan ərazilərinin müzakirə mövzusu olmadığını vurğulayırdı. Bu mənada Prezident və parlament seçkilərinin tarixi mahiyyəti Xankəndidə, Şuşada, Xocalıda keçirilməsi oldu.

Ekspert son zamanlar bəzi istiqamətlərdə Ermənistan tərəfinin təxribatlara əl atmasına da toxunub: "Onlar şərti sərhəddə mövqelərini bərkidir, pilotsuz uçuş aparatları ilə kəşfiyyat aparmağa cəhd göstərirlər. Kəlbəcər istiqamətində ermənilərin və havadarlarının birgə hərbi təlimləri də həmin təxribatlardan biridir. Azərbaycan bütün bu təxribatları qətiyyətlə dəf edərək, öz sülhsevər siyasətini dünyaya nümayiş etdirir", - deyə hərbi ekspert söhbətinin sonunda vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olunub.

Digər xəbərlər

Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib

Qərbi Azərbaycan İcması Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edib

“BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi”

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY