Respublikamızın hər yerində olduğu kim, Astara Pedaqoji Kollecində də xalqımızın yaddaşına şərəfli tarix olaraq yazılan “27 Sentyabr- Anım Günü” münasibətilə “ Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında silsilə tədbirlər davam edir.
“Şəhidlər ölmür, onlar Vətənin əbədi yaşayan qəhrəmanlarıdır!” başlıqlı “27 Sentyabr – Anım Günü” ilə əlaqədar keçirilən tədbir kollecin həyətində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələrinin qoyulması ilə başlandı .
Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Astara Pedaqoji Kollecinin Həmkarlar Təşkilatının sədri, metodist, Tarix müəllimi Elçin Mahmudov, “Humanitar fənlər” fənn birləşməsinin sədri Ülfət Həşimli və kitabxana müdiri Nigar Əlizadə çıxış edərək şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların qəhrəmanlıq yolunun gənc nəsil üçün örnək olduğundan söz açdılar.
Tədbirdə çıxış edən şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı, kollecin “Maliyyə və kompüter sistemləri” şöbəsinin müdiri Nuranə Fərəcova öz ürək sözlərini bölüşərək şəhidlərin daim ehtiramla yad edilməsinin böyük mənəvi dəyər daşıdığını bildirdi. O, kollecdə şəhidlərin xatirəsinə yaradılmış abidənin xüsusi əhəmiyyətini vurğulayaraq, bu təşəbbüsə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə kollecin direktoru, professor, Şəhid atası Kamran Kazımova minnətdarlığını ifadə etdi.
Tədbirin bədii hissəsində tələbələr Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.
Anım mərasimi iştirakçıların şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram və minnətdarlıq hissləri ilə başa çatdı.
“27 Sentyabr – Anım Günü” ilə əlaqədar kollecdə tələbələrin iştirakı ilə İkinci Qarabağ müharibəsində mərdliklə döyüşüb şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsinə həsr olunmuş xüsusi dərs keçirilib.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan dərs zamanı "Azərbaycan və xarici dillər" fənn birləşmə sədri Nuranə Babayeva kollecin əməkdaşlarının şəhidləri və məzun şəhidlərimiz haqqında məlumatlar tələbələrə çatdırılıb, onların həyat və döyüş yollarından, Vətən qarşısında göstərdikləri fədakarlıq və qəhrəmanlıqlardan danışılıb . Şəhid məzunların tələbəlik illərindən, arzularından və Vətən sevgisindən söz açılaraq qısa və olduqca şərəfli ömürləri gələcək nəsillər üçün örnək olduğu vurğulayıb.
Tələbələr şəhidlərimizin həyat hekayələrini böyük diqqət və kövrək hisslərlə dinləyib, dərs zamanı onların xatirəsinə ehtiram ifadə olunub, Vətən uğrunda özlərini qurban verən qəhrəmanların adlarının daim yaşadılmasının hər birimizin mənəvi borcu olduğu bildirilib.
Tədbirin sonunda bir daha vurğulanıb ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq və müqəddəs xatirəsi gələcək nəsillərə daim çatdırılacaq.
Anım günündə təhsil ocağında şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş futzal yarışı da maraqla qarşılanıb.
Əlamətdar məqam isə yarışın kollecin əsaslı təmirdən sonra istifadəyə verilən yeni idman meydançasında təşkili olub. Müasir idman şəraitinin yaradılması tələbələrin idmana marağının artırılması və sağlam həyat tərzinin təşviqi baxımından bu mühüm əhəmiyyət daşıyır.
Gənclərin meydançada çeviklik, komanda ruhu, mübarizə əzmi və idman mədəniyyəti nümayiş etdirdiyi tədbirin təşkilində məqsəd şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, tələbələrdə vətənpərvərlik hisslərini gücləndirmək, sağlam həyat tərzini təbliği və gənclərin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.
Qalib komandaya kubok təltif olunub.
Kollecdə “27 Sentyabr – Anım Günü” ilə əlaqədar növbəti tədbir Vətən şəhidlərin əziz xatirəsinə həsr edilən dama və şahmat yarışının təşkili olub.
Şahmat yarışında kollecin tələbələri iştirak edərək öz intellektual bacarıqlarını, strateji düşünmə və diqqət qabiliyyətlərini göstəriblər . Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda fərqlənən tələbələr rəhbərlik tərəfindən kuboka layiq görülüblər .
Məlumat üçün bildirək ki, yarışın keçirilməsində əsas məqsəd şəhidlərimizin qəhrəmanlıq yolunun gənc nəslə aşılanması, onların əziz xatirəsinin daim uca tutulması, tələbələr arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin şahmatın və intellektual oyunların təbliğidir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü