PDF Oxu

Siyasət

  • 1 200

COP29 Azərbaycanın qlobal nüfuzunu bir daha sübuta yetirəcək TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq»

Bu gün Azərbaycan dünyada qlobal problemlərin həllinə mühüm töhfələr verən və bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərə evsahibliyi edən ölkə kimi tanınır. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir və dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.

«BU, MİSİLSİZ BİR ŞANSDIR Kİ, BİZ ƏN YÜKSƏK LİQAYA DAXİL OLURUQ»

«Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq.Bu tədbir (COP – red.) qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada bir nömrəli konfransdır».

Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini bildirən dövlətimizin başçısı qeyd edib: “Bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq».

Və bu gün….

COP29-A EV SAHİBLİYİ ÜÇÜN SEÇİLMƏSİ AZƏRBAYCAN PREZİDENTİNİN BEYNƏLXALQ ALƏMDƏ GETDİKCƏ ARTAN NÜFUZUNUN NÖVBƏTİ GÖSTƏRİCİSİDİR

Bu, 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına dördillik sədrliyimizdən və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına ikiliik qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev bütün çıxışlarında olduğu kimi, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında da bildirib ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun: «İnkişaf etməkdə olan ölkələrə dəstək göstərilməlidir. Biz inkişaf etməkdə olan kiçik ada ölkələri üçün fond yaratdıq. Biz hər bir inkişaf edən, inkişaf etməkdə olan ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur».

Bu işdə həmrəyliyin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun”. Buna görə bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən Azərbaycan Prezidenti qeyd edib: “Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq onlara çox yaxınlaşacağıq”.

«ATDIĞIMIZ BÜTÜN ADDIMLAR ƏSAS MƏQSƏDİ GÜDÜR: İQTİSADİ VƏ SİYASİ MÜSTƏQİLLİYİMİZİ DAHA DA GÜCLƏNDİRMƏK»

Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.

Prezident İlham Əliyev həmçinin onu da vurğulayıb ki, bizim COP heyətimiz çox səmərəli işləyir: «Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf, məsuliyyətli şəkildə həyata keçirilir. Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların (COP29-la bağlı – red.) sayı azalır».

“Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir”, - deyən dövlətimizin başçısı əlavə edib ki, ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırılabilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir.

Bəli, Azərbaycanın cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə bağlı öz səylərini daim göstərdiyini, hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər həyata keçirmək strategiyasını və bu sahədə öhdəliklərini anladığını bir daha sübut edir. Eyni zamanda, bu mühüm qərar beynəlxalq arenada Azərbaycana olan dərin etimadın sübutudur və ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmək həm də bərpaolunan enerji layihələrində gələcək sərmayə və əməkdaşlığa təkan verəcək. Belə ki, bu, Azərbaycana digər ölkələrlə müvafiq sahədə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, bərpaolunan enerji və iqlim fəaliyyəti ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün geniş platforma təmin edəcək.

BU MİSSİYAYA UYĞUN OLARAQ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏRƏNCAMI İLƏ 2024-CÜ İL AZƏRBAYCANDA “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” ELAN EDİLİB

COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın belə bir möhtəşəm tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. İqlim dəyişmələrinin qarşısının alınması ilk növbədə istixana effektini törədən qazların atmosferə buraxılmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir və bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək.

Daha bir məqam xüsusilə qeyd olunmalıdır ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Çünki COP29 həm də bölgədə tamamilə yeni münasibətlərin və yanaşmaların ortaya çıxması baxımından da qiymətli tədbir hesab olunur. Artıq Ermənistanın özündə köhnə totalitar, militarist və separatçı düşüncənin darmadağın olunması üçün aşkar addımlar atılır. Düzdür revanşist, separatçı streotip düşüncənin erməni cəmiyyətindən silinməsi olduqca ağır və dəhşətli prosesdir. Amma əmin olmağa dəyər ki, COP29 həm də Cənubi Qafqqzda müharibə əvəzinə inteqrasiya və sülhə yönələn düşüncələri və təşəbbüsləri daha da gücləndirəcək. Əslində bölgənin bu gün ən çox ehtiyacı olduğu məsələ məhz inteqrasiya, yeni düşüncə və sülh prosesidir.

Lakin Azərbaycan COP29-a ev sahibliyi etmək şərəfinə nail olduqdan sonra ənənəvi azərbaycanafob dairələr yenə də ölkəmizin bu möhtəşəm uğuruna qərəzli münasibət sərgiləməyə başladılar. Xüsusilə Fransa Azərbaycanın bu uğurunu indi də həzm edə bilmir. COP29-a ev sahibliyimiz bu ermənipərəst ölkəni ciddi narahat edir. Belə qərəzli, çirkin kampaniyaların isə heç bir əsası yoxdur. Bütün dünyaya məlumdur ki, Azərbaycan öz ərazilərinin 20 faizini Ermənistanın işğalından azad etməklə tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. Buna görə də Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi məhz rəsmi Bakıdır. COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar da həqiqətlərin qlobal səviyyədə etirafıdır.

«BİZ BUNA LAYİQİK, BİZ APARDIĞIMIZ SİYASƏT NƏTİCƏSİNDƏ DÜNYA MİQYASINDA ÇOX GÜCLÜ MÖVQELƏRƏ SAHİB OLMUŞUQ»

Azərbaycan Prezident cənab İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında xüsusi vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: «Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir».

Eyni zamanda, qazanılan uğurlarından danışan Prezident İlham Əliyev deyib ki, son dövrlərdə ölkəmiz üçün heyranedici hadisələr baş verib. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atıb, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur. Qazaxın kəndləri geri qaytarılır, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verib.

Göründüyü kimi, qürurverici faktlardır ki, Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı qlobal forum və konfranslar, həmçinin beynəlxalq idman yarışları keçirilib. Bunlar isə Azərbaycanı, o cümlədən paytaxt Bakımızı dünyanın diqqət mərkəzinə gətirib. İndi Azərbaycan dünyanın ən nüfuzlu və inkişaf etmiş ölkələri sırasında yer alır. Bəli, iki həftə keçirilən belə mötəbər tədbirə- COP29-a ev sahibliyi etmək hüququ qazanması etimad və etibarın təsdiqi olmaqla yanaşı, münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

«Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq»,-deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: «Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi».

Bir məsələyə də ciddi şəkildə diqqət yetirək. Ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda əksər dünya dövlətlərinin etimad göstərərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini dəstəkləməsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ciddi diplomatik uğurdur.

Bəli, 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan etimad və etibar ölkəsidir! Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər