Siyasət

  • 1 657

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir ŞƏRH

image

Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan Azərbaycan istər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqı, həmçinin quruma üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir.Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 4-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri də bunun bariz nümunəsidir. Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı, müstəqilliyini tanıyan ölkələrdən biridir. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ildən başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələrimiz arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. İtaliya tarixə qovuşan Qarabağ məsələsində də daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Hətta İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Ümumiyyətlə, Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Çünki hər bir səfər münasibətlərin sonrakı inkişafında yeni mərhələnin başlanğıcı olur. Bu baxımdan Ulu öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.Azərbaycana yaxın dost olan İtaliya işğal altındakı torpaqlarımızın azad olunması əməliyyatları dövründə müxtəlif səviyyələrdə rəsmi Bakının mövqeyini dəstəklədiyini, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bəyan edərək haqlının tərəfində dayandığını dünyaya nümayiş etdirdi. Həmçinin, Azərbaycan xalqı 44 günlük Vətən savaşında İtaliya mediasının haqq işimizə, Qarabağ müharibəsinə obyektiv yanaşmasının şahidi oldu.Prezident İlham Əliyev hər zaman çıxışlarında işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycanın dost ölkələri təmsil edən şirkətlərlə əməkdaşlıq edəcəyini bəyan edib. İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, 2020-ci il İtaliyada Azərbaycan ili kimi qeyd olundu. Azərbaycan və İtaliya arasında dostluq münasibətləri 44 günlük Vətən müharibəsi dövründə də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olundu. İtaliyanın ayrı-ayrı rəsmi orqanlarında müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul olundu. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı. Bir sözlə, hər zaman münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqe bir çox ölkələr üçün əsl örnək idi. Həmçinin, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın gələcək inkişafı üçün geniş potensial var. Təsadüfi deyil ki, hələ 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən polipropilen zavodunun açılışında ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella şəxsən iştirak etmişdi. Bu, İtaliyanın bu sahədə Azərbaycanla əməkdaşlığa ən yüksək səviyyədə verdiyi önəmin göstəricisi idi.Prezident İlham Əliyev Azərbaycan və İtaliya arasında humanitar sahədə bir sıra layihələrin planlaşdırılmasına nümunə olan İtaliyada Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlı bildirmişdir: "Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir. Beləliklə, qeyd etdiyim kimi, gündəlik genişdir və genişlənir. Mən çox şadam ki, bu, bizim əməkdaşlığımızın yaxşı nəticəsidir".Ümumiləşdirilmiş şəkildə qeyd etsək, qədim tarixə malik olan Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır.Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər münasibətlərimizin gələcək inkişafını şərtləndirir. Prezident İlham Əliyevin İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşündə SOCAR və "Eni S.P.A" şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulmaqla yanaşı, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin və şaxələndirilməsinin vacibliyi vurğulandı.Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") birgə təşkilatçılığı ilə İtaliya–Azərbaycan dəyirmi masası keçirildi. Bildirildi ki, ölkəmiz İtaliya ilə çoxşaxəli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad olunan ərazilərdə çoxsaylı İtaliya şirkətləri uğurla fəaliyyət göstərirlər. Sənaye, bərpaolunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparıldı, hər iki ölkənin şirkət nümayəndələri biznes tərəfdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşdülər. Belə bir əminlik ifadə edildi ki, dəyirmi masa çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmalar əlaqələrimizi daha da gücləndirəcək və yeni imkanlar açacaq.Bir sözlə, qeyd etdiklərimiz bu qənaətə də əsas verir ki, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişafı üçün geniş imkanlar yaranır.Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Bu isə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasını nümayiş etdirməklə, iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradacaq.

ZƏRİFƏ QULİYEVA
YAP Veteranlar şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Digər xəbərlər